"2013-cü il dekabrın 2-si tarixində keçmiş ANT MTK-dan (indiki Xətai, 6) 1 otaqlı mənzil almışam. Bütün sənədlərim tam qaydasındadır, maliyyə arayışı, MTK-nın verdiyi çıxarış, müqavilə hamısı yerindədir. Pulunu tam ödəmişəm deyə arayışımı veriblər. Mənim əlimdə qətnamə də var. Bizim kupçamız olmadığına görə, 2013-cü ildə Xətai rayon məhkəməsi bizə qətnamə verdi ki, həqiqətən bu mənzil bu vətəndaşlara məxsusdur. Ancaq heç tanımadığım bir insan - Quliyev Pərviz Qaryağıdı oğlu gəlib evimi əlimdən almaq istəyir".
Bu sözləri Ramin Əsədzadə Qaynarinfo-ya şikayətində bildirib.
Paytaxt sakininin sözlərinə görə, heç tanımadığı şəxs Apelyasiya və Ali Məhkəmə hakimlərinə rüşvət verərək Xətai-6 ünvanında yerləşən mənzilini əlindən almaq istəyir.
Ramin Əsədzadənin saytımıza şikayətini təqdim edirik:
"Keçmiş ANT MTK rəhbərliyi Quliyev Pərviz Qaryağıdı oğlu adlı şəxsə 12-ci mərtəbədə mənzil satıb. O da, yavaş-yavaş pulu ödəyirmiş. Sonradan həmin rəhbərlik həbs olunub və Pərviz Quliyevin əlində heç bir sənəd olmadığına görə kənarda qalıb. Ondan sonra bu gəlib 11-ci mərtəbəni, yəni mənim halal evimi verib məhkəməyə.
Mən o insanı Xətai rayon məhkəməsində məhkəmə günü tanıdım. Mənə dedi ki, evi alacam sizdən, çünki mənə bu binadan ev satıblar. Dedim, sənə binadan ev satıblarsa, məndən nə istəyirsən, get MTK-dan istə. Dedi yox, mən məhkəmə yolu ilə bir ev alacam. Xətai rayon məhkəməsi bunun iddiasını rədd elədi. Çünki əlində nə Maliyyə arayışı, nə də bir başqa sənəd vardı. Üstəlik, məhkəməni boş yerə məşğul etdiyinə görə 100 manat da cərimə olundu.
Ondan sonra yenə əl çəkmədi, məni verdi Apelyasiya Məhkəməsinə. Və Apelyasiya məhkəməsinin hakim Raqif Qurbanova 8000 manat rüşvət verib. Hadisənin şahidiyəm, amma hakimin vəzifəsindən sui-istifadə edib rüşvət aldığını sübut edə bilmirəm. Rüşvət alan hakim Xətai rayon məhkəməsinin qətnaməsini ləğv elədi və mənə "evi boşaldın” dedilər. Məsələ ilə bağlı Ali Məhkəməyə, Prezident Aparatına, Mehriban xanım Əliyevaya məktubla müraciət etdim. Ədliyyə Nazirliyinin qəbulunda oldum. Dedilər ki, bəs Apelyasiya Məhkəməsinin hakimi Raqif Qurbanov araşdırmadan yalnış qərar verib, siz bununla bağlı olaraq dərhal Ali Məhkəməyə müraciət edin. Mən də vəkilin köməkliyi ilə Ali Məhkəməyə kassasiya şikayəti verdik. Oktyabrın 1-də məhkəmə oldu. Çox təəssüflər olsun ki, həmin o dələduz Ali Məhkəməninin hakimi Vəfaddin İbayevə də rüşvət verdiyi üçün hakim Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı. Belə biabırçı, dünyada analoqu olmayan bir dələduzluqla üz-üzə qalmışam. Hakimlər, məmurlar və yoldan keçən adamlar əlbir olub vətəndaşların mal-mülkünə göz dikirlər.
Hardasa 15 gün olar ki, kassasiya şikayəti vermişəm. Ali Məhkəmənin sədri Ramiz Rzayev Bərdə Rayon Məhkəməsinin inzibati binasında vətəndaşları qəbul edəndə mən də getdim, dərdimi dedim. Vallah, bu qədər özbaşınalıq olmaz. Bu, sadəcə mən Ramin Əsədzadənin problemi deyil, bu bütün Azərbaycan vətəndaşlarının problemidir. Belə çıxır ki, hazırda bizim mal-mülkümüz, maşınımız, heç biri özümüzün deyil, hər an hakimlər məmurlarla, dələduzlarla birləşib əlimizdən ala bilərlər".
Röya Kərimli
Şərhlər