Dünyamızı boşaldan fenomen - Hətta çox varlılar da bu addımı atır

Dünyamızı boşaldan fenomen - Hətta çox varlılar da bu addımı atır

"Dünyada hər 40 saniyədə bir nəfər həyatına son qoyur. Ümumdünya Səhiyyə Təşkilatının bu göstəricisi intihar hallarının dünya miqyasında nə dərəcədə ciddi məsələ olduğunu göstərir. Azərbaycanda isə hər il 400 nəfərə yaxın şəxs intihar edir".

Bu barədə Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib. Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda belə halların sayı çox deyil. G.Gəraybəyli qeyd edib ki, intihar edənlər arasında uşaqlar, gənclər və ahıllar da var.

Psixoloq Ramin Hacıyevin Sputnik Azərbaycan-a verdiyi açıqlamasına görə, intiharların səbəbləri müxtəlifdir. Buna ruhi, onkoloji, sağalmaz xəstəliklər və s. hallar səbəb ola bilər: "Ağır xəstəliyə yoluxmuş insan bunun təşvişi ilə intihar edə bilər. Maddi sıxıntılar da intihara səbəb ola bilir. Biz meqapolisdə yaşayırıq. Belə şəhərlərdə həyat sürətli keçir. İnsanlar buna görə depressiv vəziyyətə düşə, nəticədə intihar edə bilərlər. Bu zaman isə intihar maddi durumla əlaqəli olmaya bilər. Yəni elə ola bilər ki, insanın heç bir problemi, sıxıntısı olmasın, amma o, intihar etsin. Məsələn, Yaponiya dünyanın texniki kəşfləri ilə məşhur olan, inkişaf etmiş ölkələrindəndir. Ancaq statistikaya görə, Yaponiya əhalisi daha çox intihara meyllidir. Yəni intiharın iqtisadi, maddi və s. vəziyyətlərlə əlaqəsi o qədər də böyük deyil. Hətta çox imkanlı şəxslər də intihar edə bilərlər".

Psixoloq deyir ki, narkotik vasitə aludəçiləri də intihara meylli olurlar. Belə ki, narkotik vasitənin təsiri altında, eyforiyaya qapılaraq intihar baş verə bilər: "İntihar edən şəxs ruhi xəstə ola bilər. Onlar özlərini idarə edə, reallığı düzgün qəbul edə bilmirlər. Bu səbəbdən də daha çox ruhi xəstələr intihar edirlər".

R.Hacıyev vurğulayır ki, intihar edəcək şəxsi öncədən müəyyən etmək o qədər də asan deyil. Belə ki, onlar iki qrupa bölünürlər: "Birinci qrup insanlar intihar edəcəyi barədə öz yaxınları ilə bölüşürlər. İkinci qrup insanlar isə bu qərarı beyinlərində verir və buna hazırlıq görürlər. Bu qrup daha risklidir. Çünki onlar düşüncələrini kiminləsə bölüşmürlər".

Psixoloqun fikrincə, intihar üçün müəyyən saat, zaman olmur. Ancaq müəyyən ruhi xəstəliklərdən əziyyət çəkən insanlarda müəyyən fəsillərdə gərginləşmə müşahidə edilə bilər: "İntihar edən şəxslərdə həyata maraq, həyata bağlılıq hissi itmiş olur.

Onlar həyatın nə qədər gözəl və mənalı olduğunu dərk edə bilmirlər. Və ən yaxşı qərar kimi intihara üstünlük verirlər. Dərin depressiyada olan insanlar da intihara üstünlük verirlər. Angedoniya (həzz almaq qabiliyyətinin azalması və ya itməsi - red.) deyilən bir anlayış var. Bu zaman insanlar intihara cəhd edirlər.

Ümumiyyətlə, həyatında bir dəfə də olsa intihar barədə düşünən insanlar mütəxəssisə müraciət etməlidirlər. Bununla yanaşı, ruhi xəstəliyi olan şəxsləri də yaxınları nəzarətdə saxlamalıdırlar".

Psixoloq qeyd edib ki, şimal ölkələrində intihar halları daha çox baş verir. Bu da günəş şüalarının az olması ilə bağlıdır: "Günəş şüaları ilə bizim orqanizmimizdə D vitamini ifraz olunur. Bu zaman bizim əhval-ruhiyyəmiz yaxşılaşır. Bu da o deməkdir ki, intiharlar daha çox soyuq aylarda baş verə bilər".

R.Hacıyevin fikrincə, yaxınlarımızın, uşaqlarımızın vəziyyəti ilə dərindən maraqlansaq, onların ruh halını bilər və intihardan çəkindirmiş olarıq.

Psixoloq Fərqanə Mehmanqızı qeyd edib ki, dezadaptasiyanın kəskin halının yaranması ağır xəstəliklər, həyat uğursuzluqları, yaxın insanın itirilməsi nəticəsində baş verir.

"Bütün hallarda şəxsin sosial-psixoloji dezadaptasiyası səviyyəsinin ağırlığı, dərinliyi və fəsadlı olması bir neçə amillə müəyyənləşdirilir. Şəxsin adət etdiyi həyat tərzinin pozulmasını özü üçün ciddi problem kimi qəbul etməsi, həyatının puç olması, şəxsi böhran və ya dözülməz, lakin keçici bir vəziyyəti şəxsin özü bildiyi tərzdə anlaması; düşdüyü şəraitə uyğunlaşmaq istəyinin olmaması və ya bunun üçün iradi cəhətdən təşəbbüs göstərməyə hazır olmaması, həyatını yenidən yaşamaq istəyinin olmaması, mübarizlik ruhuna qarşı nifrətin yaranması; iradi gücü cəmləyərək öz həyatına tamamilə yeni nəzərlə baxmağa, həyatı idarə etməyə güc göstərməmək və ya taqətsizlik, halsızlıq onu intihara aparır", - deyə o bildirib.

Psixoloqun fikrincə, özünü öldürməyə hazırlaşan insanların 75 faizi bu meyllərini müxtəlif şəkildə açıqlayır. Bəzi hallarda bu, çətinliklə başa düşülən eyham, əksər hallarda isə asanlıqla başa düşülən hədə-qorxu kimi təzahür edir.

Mütəxəssislərə görə, özünü öldürməyə hazırlaşan insanların 3/4-ü bu hadisənin baş verməsinə qədər olan dövr ərzində hər hansı bir səbəbdən həkimə müraciət edir.

Statistikaya görə, intihar etməyə cəhd edən insanların 12 faizi yenidən bu hərəkəti təkrarlayıb, öz istəklərinə nail olurlar. Özünəqəsd halları araşdırılarsa, məlum olar ki, intihar edərək ölən hər 5 nəfərdən 4-ü daha əvvəl intihara cəhd edib.

Sosioloq Əhməd Mansurovun fikincə, intihar uzun müddət davam edən müxtəlif proseslərin son nəticəsidir:

"Ailədaxili problemlər, iqtisadi-sosial vəziyyətlər, psixoloji travma və stress keçirmək intihara səbəb olur. Öz problemlərini həll edə bilməyən şəxslər intihar edirlər. İnsanların intiharı son hədd kimi seçməsində birbaşa cəmiyyətin rolu var. Cəmiyyət şəxsə təsir edir ki, insan intihar etsin. Prosesin özü ağrılıdır. İnsan heç kimdən dəstək ala bilmir, təzyiqlərə məruz qalır və intihar edir".

"Həmçinin qeyd etmək lazımdır ki, intihar etmək istəyən şəxslərin yaxınları diqqətli olmalıdırlar. Biz insanların problemlərinə tənqidi yanaşır və onları çıxılmaz vəziyyətə salırıq. Əslində isə dəstək göstərsək, onları inthardan qurtararıq.

İnsanı tənqid etmək, təzyiq göstərmək çıxış yolu deyil. Problemi olan şəxsləri dinləmək lazımdır. Təəssüf ki, bizim cəmiyyət tənqid yolunu seçir. Bunu isə xüsusi riskli şəxslər və xüsusilə uşaqlar götürə bilmirlər", - deyə sosioloq əlavə edib.

Onun sözlərinə görə, son dövrlərdə uşaq intiharlarının da sayında artım müşahidə edilir.
XƏBƏRLƏR
BLOGLAR