Düşmənin 24 nəfər xüsusi təyinatlısını məhv edən şəhid (VİDEO)
Qələbəni bizə qazandıran qəhrəmanlarımızdan nə qədər danışsaq yenə də azdır. Əslən Qubadlı rayonundan olan şəhid mayor Rüfət Əsgərov torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşüb. Öz cəsarəti, qorxmazlığı ilə seçilən, düşməni məhv edən mayor rüfət əsgərov oktyabrın 13-də xüsusi tapşırığı yerinə yetirərkən, şəhid olub.
Qorxu duymurdu. Ürəyində böyük Vətən sevgisi var idi şəhid mayor Rüfət Əsgərovun. Düşmənin kabusuna çevrilən kəşfiyyatçı üç düşmən postunu alıb və qarşı tərəfin 24 nəfər xüsusi təyinatlısını məhv edib.
Rüfət Əsgərov 1981-ci ildə anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2003-cü ildə isə leytenant rütbəsilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. İxtisasça kəşfiyyatçı olan mayor Rüfət Əsgərov 2016-cı ildən Ali hərbi məktəbin kəşfiyyat kafedrasında baş müəllim işləyib. Atası deyir ki, daim öz biliyi, bacarığı ilə fərqlənirdi. Oktyabrın 13-də Tərtər Ağdərə istiqamətində gedən döyüşlərdə xüsusi tapşırığı yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Atası Mürvət Əsgərov deyir ki, oğlum General -mayor Polad Həşimov və şəhid polkovnik-leytenant Raquf Orucovla eləcə də bütün şəhidlərimizlə qürur duyurdu. Bir gün onların qısasını alacağam deyirdi və aldı da.
Nicat Əsgərov deyir ki, qardaşımın Vətən sevgisi danışmaqla bitməz. Sonuncu dəfə elə qardaşı ilə danışarkən övladlarını da ona əmanət edib.
Yoldaşı Arzu Əsgərova deyir ki, Vətənə, torpağa, elə-obaya bağlılığı və sevgisini daim övladlarına aşılayırdı.
Şəhidin vətənə əmanət iki övladı böyüyür. Xansuvar və Zəhra .Oğlu deyir ki, atam müharibənin başlamasını səbirsizliklə gözləyirdi.
Şəhid Rüfət Əsgərov xidmətdə fərqləndiyinə görə bir çox medallara, eləcə də fəxri fərmanlara layiq görülüb. Onun bizə ən böyük əmanəti isə Vətəndir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər