Dövlət Gömrük Komitəsinin "Azərpoçt”da yerləşən Poçt Daşıma Mərkəzindəki Gömrük Məntəqəsinin rəhbəri, polkovnik İsmayıl Abdullayev bir müddət öncə Korrupsiyaya qarşı mübarizə qurumu tərəfindən elə iş yerindəcə həbs edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz sosial şəbəkə hesabında paylaşıb.
O, bildirib ki, gömrük polkovniki qanunsuz mobil telefon gətirən şirkətlərlə iş birliyində şübhəli bilinir:
"Hazırda Korrupsiyaya qarşı mübarizə və DGK-nın İstintaq qurumu tərəfindən araşdırmaların aparıldığı bildirilir. Xatırlayıram ki, DGK mobil telefonların qanunsuz olaraq ölkəyə gətirilməsində "Azərpoçt”u və kənd poçtalyonlarını günahlandırmışdı. Belə görünür ki, problem özlərindəymiş. Məlum olduğu kimi Nazirlər Kabineti ötən il ölkəyə gətirilən mobil telefonlara əlavə rüsumların tətbiqi ilə bağlı anlaşılmaz bir qərar verib. Bu qərarın icrası üçün də, yəni mobil telefonların şəxsi, yoxsa kommersiya məqsədləri üçün ölkəyə gətirilməsini müəyyən etmək üçün DGK "Azərpoçt”dakı Poçt Daşıma Mərkəzində geniş bir ofis yaratmışdı. Aeroportda poçt gömrük qurumuna rəhbərlik edən İsmayıl Abdullayev bu məntəqəyə rəhbər təyin edilmişdi. Bundan sonra "Azərpoçt” və EMS poçt daşıma xidmətləri mobil telefonların çatdırılması ilə bağlı proseslərdənn tam kənarlaşdırılmış və bütün nəzarət, bağlamaların açılması və qeydiyyatla DGK məşğul olurdu. DGK-nın buradakı fəaliyyəti nəticəsində qaçaqmalçılıq və qanunsuz mobil telefon daşıyanlara qarşı mübarizə sahəsində müəyyən işlər görülsə də, elektron ticarətin inkişafına da problemlər yaratdı. Həmçinin də mobil telefon bazarında da çox ciddi bahalaşma yaratdı. Hazırda isə yenə də telefonların daha dar çərçivədə bir neçə qurum tərəfindən gətirilməsi üçün şərait yaradıldığı bildirilir.”
Ekspert media ilə əlaqələri gücləndirmək üçün müxtəlif tədbirlər keçirən qurumun bu faktı açıqlamadığını da vurğulayıb:
"Əldə etdiyimzi məlumata görə indiyədək də burada adi vətəndaşların elektron ticarət yolu ilə sifariş etdikləri bağlamaların çatdırılması problemi həll edilməyib. Hər şey DGK-nın nəzarətindədir. Əgər əyalətdən kimsə də elektron ticarət yolu ilə telefon gətirirsə, o telefonunu almaq üçün artıq rayon və ya kənd poçtuna deyil, gəlib məşhur Poçt Daşıma Mərkəzinə, Droqal döngəsi 702 ünvanına, həm də "Azərpoçta” deyil, artıq buradakı gömrük qurumunun yeni rəhbəri Tofiq Bəhramova müraciət etməlidir. Maraqlıdır ki, iki gündən bir müxtəlif tipli açıqlamalar verən, media ilə əlaqələri gücləndirmək üçün müxtəlif tədbirlər keçirən qurum bu faktı açıqlamayıb”.
Şərhlər