Xəbər lenti

DYP-dən yük avtomobilləri ilə bağlı iradlara münasibət
Ölkə 20:35 21.08.2018

DYP-dən yük avtomobilləri ilə bağlı iradlara münasibət

Bakı şəhərində hərəkət iştirakçılarının təhlükəsizliyinin təmini, avtomobil yollarında süni sıxlığın, ləngimələrin, tıxacların qarşısının alınması istiqamətində ardıcıl və sistemli olaraq tədbirlərin təşkili və icraya yönəldilməsi Dövlət Yol Polisinin diqqət mərkəzindədir.

Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Qaynarinfo-ya bildirib ki, paytaxt sakinləri, eləcə də ayrı-ayırı mətbu orqanlarda, sosial şəbəkələrdə yol hərəkətinin tənzimlənməsi, baş verə biləcək qəzaların qarşısının alınması, insanların həyat və sağlamlığının yol qəzalarından qorunması, yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə bağlı müraciətlər tərəfimizdən tədqiq olunur, müzakirəyə çıxarılan hallar təhlil edilir. 

Onun sözlərinə görə, daxil olan müraciətlər sırasında, xüsusilə yük avtomobillərinin paytaxt yollarında hərəkəti ilə bağlı qaldırılan məsələlər nəzərdən keçirilib.

"Yük avtomobillərinin paytaxt yollarında hərəkəti müvafiq qərar və qərara edilən dəyişikliklər əsasında müəyyən olunub. İlk baxışdan yük avtomobilllərinin hərəkəti ilə bağlı "irad”-ları, subyektiv fikirləri mətbuatın, sosial şəbəkələrin dövriyyəsinə verməzdən əvvəl nəzərə alınmalıdır ki, həmin yük avtomobilləri xüsusi təyinatlı, qəza-bərpa və xilasedici, kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkətinə istisnasız olaraq, icazə verilir. 

Yük avtomobillərinin "Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixi qərarı əsasında, 09 mart 2016-cı il əlavə dəyişikliklərinə uyğun hərəkəti təmin olunur",

V.Əsədov qeyd edib ki, qərara əsasən, xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək məhdudlaşdırılır. Gündüz saatlarında kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmaqla, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi icazələri əsasında təşkil edililir. 

"Qeyd edilənləri nəzərə alaraq, hər bir hərəkət iştirakçısı – sürücü, piyada yollarda şəxsi maraqlarını yox, bütün cəmiyyətimiz üçün adi həyat norması olan qanunlara ehtiramla yanaşmalıdır". 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->