Xəbər lenti

Eduard Limonovun xatirəsinə: Oynayan adam...
Məmməd SÜLEYMANOV
Sənət 13:09 19.03.2020

Eduard Limonovun xatirəsinə: Oynayan adam...

Məmməd Süleymanov

Əslində, hamı oynayır. Kimi həyatla, kimi ölümlə; kimi özü ilə, kimi başqalarıyla.

Eduard Limonova bu təyinlərin hansı daha çox uyğundur? Söyləmək çətindir.

O, Abxaziyada və Yuqoslaviyada həyatı ilə oynayırdı. Qərbdə yazdığı kitablarda - özü ilə. Yeniyetmə qız və oğlanları dövlət binalarını zəbt etməyə yollayanda - başqaları ilə. İndi də ölümlə - vəsiyyətinə görə, onunla vidalaşma olmayacaq, heç kəs onun cansız bədənini, əbədi susmuş natiqin ölüsünü görməməlidir. Ölümlə oyunda heç olmasa heç-heçəyə çalışmaq cəhdi. Sanki hələ ölməyib.

***

30 il əvvəl onunla yola çıxanların əksəriyyəti artıq çıxıb gedib. Onunla birlikdə "milli bolşevik partiyası”nı ("Nasbol) yaradanlardan Kuryoxin 23 il əvvəl ürək sarkomasından vəfat edib. Gözəl və sirli Natalya Medvedeva 17 ildir yoxdur. İlya Kormiltsev Londonda hospisdə xərçəngdən yandı. Yeqor Letov yuxuda keçindi.

Dövr və dövrə qapanırdı. Bunu görməzdən gələn kimsə vardısa, o da Ediçkanın özü idi - 50 yaşında da, 77 yaşında da bütün yorğunluqlara, peşmanlıqlara, qocalıq və xəstəliklərə baxmayaraq hələ də öz vaqonunun gələcəyinə inamını saxlayan, hər gün perronda gözləyən, emosional və ekstravaqant Eduard Limonov.

Ona ya pərəstiş, ya da nifrət edirdilər. Ona münasibətdə şkalanın sıfır nöqtəsində qalmaq mümkün deyildi. 

Marina Svetayeva yazırdı: "Hər dəfə insanın məni sevdiyini öyrənəndə - təəccüblənirəm, sevmədiyini öyrənəndə - yenə təəccüblənirəm. Ancaq ən çox insan mənə biganə qalanda təəccüblənirəm”. Limonov üçün üçüncü variantın gətirə biləcəyi təəccüb mövcud deyildi.

Kimlərsə onu dahi yazıçı, kimlərsə dahi şair sayır, kimlərsə ona baş verməyən İnqilabın rəhbəri kimi baxırdı. Soyuq ağılla dəyərləndirmənin vaxtı hələ sonra gələcək. Mənim üçün isə Limonov son nəfəsinə qədər oynayan və axtaran birisi idi.

O, 1920-ci illərdə qırmızı komissar, 1930-larda - dünya inqilabının yorulmaz təbliğçisi və interbriqada döyüşçüsü, 1940-cı illərdə partizan olardı. Ancaq doğulmağa gecikmişdi, bütün böyük hadisələr artıq baş verib qurtarmış, ona sakit dövrdə yaşamaq qismət olmuşdu. O isə mübarizə, müharibə və xaos dövrünün qəhrəmanı idi. Ona özünütəsdiq, istedadının realizə olması üçün sarsıntı və qarşıdurma illəri lazım idi.

Və o illər 1980-ların sonunda gəldi. Limonov o illəri Vətəndən uzaqda, Qərbdə gözlədi. ABŞ-da "qırmızı hücrələr” və inqilabçılar axtardı, Fransada bohemaya və 68-dən qalanlara qoşuldu, peşman oldu və qayıdıb gəldi.

Qayıdıb gələn təkcə o deyildi. Dəstə-dəstə Sovet dissidentləri, Ukrayna və xorvat millətçiləri, daha kimlər, kimlər... dünənə qədər Qərbə və Qərbdə lazım idilər, indi isə bir anın içində istifadə olunub kənara tullanan materiala çevrilmişdilər. Artıq nə SSRİ vardı, nə Şərq bloku. Ssenari Qərbin istədiyi idi, süjet həmçinin. Və lazımsızlaşanlar nə vaxtsa qoyub qaçdıqları məkanlara dağılışırdılar.

Limonov Qərbdən antikapitalist olub qayıtdı. 1993-cü ildə bolşevik partiyasını yaratdı, "Ağ Ev”in mdafiəsinə qatıldı. Ətrafına çoxlu romantik və maksimalist gənclər toplaşdı. Limonov onların rəhbəri və kumiri oldu. Qərargahlarını bunker adlandırdılar. 20 il ərzində Rusiyada ən qətiyyətli, ən radikal aksiyalara komunistlər və anarxistlər yox, məhz Limonovun bunkerində yetişən, Limonovun "Limonka” qəzetini oxuyan gənclər imza atdı.

Sonra 60 yaşlı Limonovu Altayda həbs etdilər. Terror təşkilatı yaratmaqda, dövlət quruluşunu silahla devirmək cəhdində ittiham olundu. Prokuror 14 il təlb etdi, 4 il həbs verdilər, 2 il 2 aydan sonra türmədən 6 kitab yazıb çıxdı. Azad olunanda yeddinciyə başlamışdı.

***

Oynayan adamların aydın, sabit strategiyası və ideologiyası olmur. Limonov da istisna deyildi. Nə vaxtsa uzaq 1973-cü ildə Andropov onu "qatı antisovetçi” adlandırmışdı. İndi tərsinə idi - SSRİ-nin dağılmasını Limonov şəxsi faciəsi sayırdı.

1995-ci ildə ümumi tanışlarımızın vasitəçiliyi ilə Limonovdan müsahibə götürəndə verdiyim suallardan biri partiyasının adı ilə bağlı oldu. Millətçi və bolşevik kəlmələri barışmaz ziddiyyətdə deyilmi? Cavabında "Artıq adı dəyişmək gecdir. Onlarla gənc bu partiyanın adı ilə türmələrdədir” yazdı. Əlbət, təəccüblüdür: axı bu kəlmələr 1993-cü ildə də ziddiyyət təşkil edirdi.

Oynayan adamların daxilində qurulmuş və heç vaxt yox olmayan ziddiyyət kimi.

İllər keçdi, onun əhatə dairəsində liberal bomondu - Kasparovu, Nemtsovu, Kasyanovu görməyə başladıq. "Exo Moskvı”, "İzvestiya” bəh-bəhlə ona yer verdilər. İnqilabçını lənətlədiyi komprador burjuaziya ilə bir arada görmək kədərli hadisədir.

Sonra yeni döngələr. Limonov "Avromeydan”a qarşı. Limonov Krımın Rusiyaya birləşməsinin tərəfdarı. Limonov "Raşa tudey”də.

Oynamaq və axtarmaq. Tapdığında yenə dayanmamaq. 

Bəlkə də onun haqqında ən doğru xarakteristikanı hələ Fransada dostlaşdığı rəssam Mixail Şemyakin verib. Şemyakinə görə, "Limonovun heç nə vecinə deyil. Özündən başqa. O, çox istedadlıdır və daxildə çox tənhadır. O, çox maraqlı hadisələrin mərkəzinə nüfuz edib. Ancaq inanmıram ki, Limonov hansısa siyasi ideyanın daşıyıcısıdır Ağıllı, sinik, sarkazmla dolu insandır”.

Belədə Limonovun axtarışları da yeni oyun istəyidir. Ancaq həyat oyun deyil. Kədərli-müdrik Kurtun qısa cümləsindəki kimi: "Həyat ciddi işdir”.

Və bir gün oyun bitir. Oyun yalnız oyunçunun ölümü ilə bitir.

Martın 17-də qoca səyyah 77 yaşında vəfat etdi.

Ölümlə oyun faydasızdır. "Tanrının görüşünə gecikmələr olmur”...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->