Dünya 15:01 22.05.2020

Efiopiya, Sudan və Misir Nilin suyunu bölə bilmir - 9 illik böhran

Efiopiyanın Nil çayının əsas qollarından biri olan Mai Nilin yatağını dəyişdirərərk inşa etdiyi Hədasi anbarının (Böyük Renessans Anbarı) Misir, Sudan və Efiopiya arasında yaratdığı diplomatik böhran bütün səylərə baxmayaraq, hələ də həllini tapmayıb.

Qaynarinfo xəbər verir ki, Misirin etiraz və təhdidlərinə baxmayaraq, 2011-ci ildə anbarın inşasına başlayan və hazırda 73 faizini tamamlayan Efiopiya ortaq saziş olmasa da, iyulda anbara su doldurmağa başlayacağını açıqlayıb.

Efiopiyanın razılaşma olmadan stansiyanı aktivləşdirməsini istəməyən Misir isə ABŞ və Dünya Bankının liderliyi altında aparılan danışıqlar nəticə vermədiyindən, çarəni BMT TŞ-yə məktub yazmaqda görüb. Rəsmi Qahirə məktubda Efiopiyaya təktərəfli təzyiq göstərilməsini istəyib, Efiopiya isə qonşusu Sudandan Misiri kənarda saxlayaraq ikili razılıq əldə etməyi təklif edib.

Sudan isə Efiopiyanın bu təklifini qəbul etmir. Sudanın Baş naziri Abdulla Həmduk ətraflı saziş əldə olunmasının yeganə yolunun tezliklə müzakirələrə başlamaq olduğunu deyib. Baş nazirdən sonra açıqlama verən Daxili İşlər naziri Ət Tureyfi İdris də bütün tərəflərin maraqlarını və regional təhlükəsizliyi qoruyacaq sazişin tərəfdarı olduqlarını ifadə edib.

BMT-nin baş katibi Antonio Quterreş də Efiopiya və Misir arasındakı problemin həlli istiqamətində səylərin davam etdirilməsi üçün tərəflərə çağırış edib.

Xartum hökuməti Efiopiyanı dəstəklədikləri ilə bağlı iddiaları rədd edib...

Sudan prezidenti Ömər Kameruddin ötən ay verdiyi açıqlamasında Misir administrasiyanın anbar məsələsində Efiopiyanı dəstəklədiklərini iddia edərək Sudana etiraz etdiyini, lakin bu etirazın əsassızsız olduğunu bildirib.

Mütəxəssislərin anbarla bağlı hesabatlarında qazanclarının daha böyük olduğunun ortaya çıxdığını deyən Kameruddin böhran tərəflərinin qütbləşdirmə səylərini rədd etdiklərini bildirib.

Böhran başladığından bəri Efiopiya ilə uzlaşmış kimi görüntü verən Sudanın son aylarda Misirlə sıx əlaqə saxlaması bölgədəki diplomatik şahmatın son həmlələrindən biri olub.

Bütün müzakirələrin əsas mövzusu anbarın neçə ilə doldurulacağı və Nilə ildə nə qədər su buraxılacağıdır.

ABŞ-ın ötən il başlatdığı müzakirələrdə nəticə əldə olunması gözlənilərkən, bu ilin fevralında son anda masadan qalxan və o dövrdə Nilə 31 milyard kubmetr su buraxmaq istəyən Efiopiyanın hazırda 35 milyard kubmetrə qədər çıxmağı qəbul etdiyi deyilir. Misir isə təkidlə ildə 49 milyard kubmetr su axan çaydan 40 milyard kubmetr su buraxılmasını istəyir.

Sudan-Efiopiya sərhədində təxminən 5 milyard dollara tikilən su anbarına iyulda 4,9 milyard kubmetr su toplanaraq, iki enerji turbininin sınaqdan keçirilməsi planlaşdırılır. Ümumilikdə isə tutumu 74 milyard kubmetr olan anbara ikinci mərhələdə 13 milyard kubmetr su vurulması nəzərdə tutulur.

Qeyd edək ki, Ağ Nil və Mavi Nilin birləşməsindən yaranan dünyanın ən uzun çayı Nilin suyunun 85 faizi Efiopiyadan gələn Mavi Nildən qaynaqlanır. Əhalisinin 60 faizdən çoxunun elektrikə çıxışı olmadığını irəli sürən Efiopiya məhdud sərvətlərə malik bir Afrika ölkəsi üçün bu layihənin həyati əhəmiyyət kəsb etdiyini vurğulayır. 

İlk vaxtlar 750 meqavat elektrik istehsal edəcək olan SES tam gücü ilə çalışdığı vaxt 6450 meqavat enerji hasil edəcək və sözügedən SES Afrikanın ən böyük hidroelektrik stansiyası olacaq.

Digər bir tərəfdən Efiopiya anbarı 3 ilə doldurmaq istəsə də, Misir bu müddətin 7 il olmasında təkid edir. Buna baxmayaraq, Əddis Əbəbə hökuməti Misirin maraqlarının pozulmayacağını da hər dəfə təkrarlayır.

Afrika İttifaqı isə problemin həllinə soyuq yanaşır. Hər 3 tərəfin də təşkilata üzv olmasına baxmayaraq, ittifaq sadəcə məsələnin həlli üçün 3 ölkəni də ortaq saziş bağlamağa çağırıb. Afrikadakı siyası və təhlükəsizlik böhranlarına hər zaman "Afrika problemlərinə Afrika həlli" şüarı ilə müdaxilə edən İttifaqın bu məsələdə səssiz qalması təəccüb doğurur.

Sudanın tərəfləri yenidən ortaq masada görüşdürmək cəhdləri nəticə verəcəkmi?

Baş nazir Həmduk ilə misirli həmkarı Mustafa Mədbulinin, eyni zamanda, hər iki ölkənin xarici işlər, su işləri və kəşfiyyat nazirlərinin iştirakı ilə bir neçə gün əvvəl videokonfrans keçirilib. Tərəflər ABŞ-ın vasitəçiliyi ilə razılaşdırılmış şərtlər çərçivəsində 3 ölkənin də maraqlarının qorunduğu üçlü saziş bağlanmasının vacibliyini vurğulayıblar. Sudanın Baş naziri Misir heyəti ilə görüşdən sonra ötən gün həmkarı Abiy Əhmədin rəhbərliyi altında olan Efiopiya heyəti ilə də görüş keçirib. Efiopiya da hər 3 ölkənin yenidən masaya qayıtmalı olduğu qənaətindədir. Beləliklə, tərəflər 3 ay öncə dayanan müzakirələrin yenidən başlanması üçün su işləri nazirlərinin vəzifələndirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, Efiopiya Misirdə 30 il iqtidarda olmuş Hüsnü Mübarəkin 2011-ci ildə devrilməsindən sonra iqtidarda yaranmış boşluğundan istifadə edərək Hədasi anbarının inşasına başlayıb. Böyük Britaniyanın müstəmləkəçiliyi dövründə imzalanan razılaşmalarda Misirin Nil çayındakı illik su ehtiyatı 55 milyard, Sudanın isə 18,5 milyard kubmetr olaraq müəyyənləşdirilmişdi. Sudan, Misir və Efiopiya arasında 2015-ci ildə imzalanan Prinsiplər Bəyannaməsindən bəri tərəflər dəfələrlə bir araya gəlsələr də, bu vaxta qədər konkret heç bir razılaşma əldə olunmayıb. Bəyannamədə elektrik ixracı zamanı Misir və Sudana üstünlük verilməsi, anbara suyun doldurulması zamanı hövzə ölkələrinin maraqlarının qorunması, zərərlərin kompensasiya edilməsi və anlaşmazlıqların həlli zamanı ortaq yolun tapılması bəndləri öz əksini tapmışdı.

Çingiz Səfərli