Xəbər lenti

“Əgər müstəqilliyi 1950-ci illərdə qazansaydıq...” - İlham Əliyev
Siyasət 10:20 27.08.2014

“Əgər müstəqilliyi 1950-ci illərdə qazansaydıq...” - İlham Əliyev


"... bu gün Azərbaycan dünyada ən inkişaf etmiş ölkəyə çevrilərdi"


“Xalça bizim milli sənətimizdir. Azərbaycanı xalçasız, xalçanı isə Azərbaycansız təsəvvür etmək mümkün deyil”.

Qaynar.info prezidentin rəsmi saytına istinadən xəbər verir ki, bunu bu gün Xalça Muzeyinin yeni binasının açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, ona görə layihələndirmə işlərinə böyük diqqət göstərilib və nəticədə Avstriya memarlarının zəhməti hesabına bu layihə təqdim edilib: “Bu layihə öz nadirliyi ilə seçilir, fərqlənir. Bu bina xalçanı əks etdirir və əlbəttə ki, Xalça Muzeyinin yerləşdirilməsi ilə bağlı məndə heç bir tərəddüd olmayıb. Çünki Xalça Muzeyi Bakının ən gözəl yerində, bulvarda olmalı idi. Bu, nadir memarlıq əsəridir”.

Dövlət başçısı Bakı sakinləri, qonaqlar üçün burada nümayiş etdirilən ekspozisiyanın çox böyük maraq doğuracağına əmin olduğunu bildirib: “Çünki muzeydə 15 minə yaxın eksponat var. Burada həm ekspozisiya çox orijinal tərzdə nümayiş etdirilir, - mən burada tikinti zamanı dəfələrlə olmuşam, - eyni zamanda, saxlanma yerləri də müasir standartlara cavab verir. Burada əlbəttə ki, xüsusi temperatur rejimi də var. Yəni, bütün işlər ən müasir səviyyədə qurulub və burada həm daxili tərtibat, bizim milli sərvətimiz olan xalça nümunələri, eyni zamanda, nadir memarlıq birləşir və bu, məni çox sevindirir. Çünki bu, bizim xalqımızın nə qədər istedadlı xalq olduğunu bir daha göstərir. Çünki xalça bizim milli sənətimizdir. Biz hesab edirik ki, Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir. Təsadüfi deyil ki, muzeyin tikintisinə başlayandan sonra bizim təşəbbüsümüzlə Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun qeyri-maddi irsi üzrə reprezentativ siyahısına daxil edilib”.

Azərbaycanda xalçanın, xalçaçılıq sənətinin qoruduğunu bildirən prezident İlham Əliyev qeyd edib ki,  Azərbaycan xalçasının qorunması və inkişaf etdirilməsi haqqında müvafiq qanun da qəbul edilib: “Bu, bizim böyük sərvətimizdir və əlbəttə çalışmalıyıq ki, gənc nəsil bu sənətə maraq göstərsin. Biz bunu təşviq etməliyik”.

“Hazırda həm Bakıda, həm də müxtəlif bölgələrdə xalça muzeyləri fəaliyyət göstərir. Bakıda artıq bu gündən fəaliyyət göstərəcək. Eyni zamanda, son illər ərzində demək olar ki, bütün bölgələrdə Heydər Əliyev mərkəzlərinin nəzdində xalçaçılıq dərnəkləri fəaliyyət göstərir. Bu, bizə imkan verəcək ki, bu sənət inkişaf etsin və nəsillər arasındakı körpülər daha da möhkəm olsun. Bizim görkəmli xalçaçılıq ustaları əlbəttə ki, öz təcrübəsini gənc nəslə ötürməlidirlər. Eyni zamanda, bu gündən burada nümayiş etdirilən bizim gözəl xalçalarımız əminəm ki, gəncləri də bu sənətə gətirəcək və beləliklə, Azərbaycan xalçaçılıq sənəti bundan sonra da inkişaf etdiriləcək”, deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev çoxsaylı xarici səfərlər zamanı müxtəlif yerlərdə, müxtəlif ölkələrdə prezident saraylarında Azərbaycan xalçasını gördüyünü qeyd edib: “Qeyd etmişəm, öz həmkarlarıma bildirmişəm ki, bax bu xalça Azərbaycan xalçasıdır və onlar bunu bilirlər. Yəni, bu gün Azərbaycan xalçası dünyada məhz Azərbaycan xalçası kimi tanınır”.

Prezident İlham Əliyev, bütövlükdə, Azərbaycanın tarixi abidələrinin, tarixi irsimizin qorunması ilə bağlı müntəzəm olaraq işlərin aparıldığını qeyd edib.

“Bu gün biz Azərbaycanı həm inkişafda olan, eyni zamanda, böyük dəyərlərə malik olan və bu dəyərləri qoruya bilən ölkə kimi təqdim edirik. Azərbaycana gələn xarici qonaqlar əlbəttə ki, Bakının gözəlliyini qeyd edirlər. Ölkəmizin inkişafını görürlər, eyni zamanda, bizim dəyərlərimizlə tanış olurlar. Memarlıq dəyərlərimiz, musiqi sənətimiz, rəssamlıq məktəbimiz və əlbəttə ki, xalçaçılıq sənəti bizim qürur mənbəyimizdir”, deyə dövlət başçısı qeyd edib:

“Praktiki həyatda belə gözəl əsərlər yaratmaqla ölkə zənginləşir: “Bütün dünyaya nümayiş etdiririk ki, Azərbaycan müstəqil ölkə kimi uğurla yaşayır. Müstəqilliyin bütün üstünlükləri Azərbaycan xalqı üçün artıq bəllidir. Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Biz var gücümüzlə müstəqilliyimizi qoruyuruq və qoruyacağıq. Biz məhz müstəqillik dövründə belə gözəl əsərləri yarada bilmişik. Qısa müddətdə - cəmi 23 illik müstəqillik dövründə Azərbaycan çox böyük və şərəfli yol keçib. Əgər biz müstəqilliyi 1991-ci ildə yox, 1971-ci ildə, yaxud 1950-ci illərdə qazansaydıq, bu gün Azərbaycan dünyada ən inkişaf etmiş ölkəyə çevrilərdi. Ancaq biz bu yolla gedirik. Ölkəmizi gücləndiririk, inkişaf etdiririk. Hər bir sahə üzrə konkret proqramlar var. Siyasi, iqtisadi islahatlar aparılır. Regional inkişaf proqramları icra edilir. Əlbəttə ki, mədəni həyatımızla, tarixi irsimizlə, mədəniyyətimizlə bağlı bütün işlər ardıcıl şəkildə aparılır. Bugünkü tədbir bunun bariz nümunəsidir”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->