2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,9 faiz üstələyərək 24,2 milyard manata bərabər olub.
Trend-in məlumatına görə, ticarət dövriyyəsinin 12,2 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12,0 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-avqust aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,6 faiz və 3,2 faiz artıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,6 faizi ticarət müəssisələri, 49,3 faizi fərdi sahibkarlar tərəfindən, 30,1 faizi isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,3 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artıb, bazar və yarmarkalarda isə 5,2 faiz azalıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,6 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 154,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Şərhlər