Dünya 09:52 28.11.2013

Əhmədinejad həbs edilə bilər


İran parlamentinin ekspertiza işləri şöbəsinin rəhbəri Müctəba Mələk Əfzəli noyabrın 27-də jurnalistlərə keçmiş prezident Mahmud Əhmədinejadın məhkəməsinin təxirə salınmasından danışıb.

Noyabrın 26-da Əhmədinejadın məhkəməsi keçirilməli idi. “Media forum” saytı xəbər verir ki, keçmiş prezident ona qarşı irəli sürülən ittihamları dinləmək üçün əvvəlcədən Tehran Cinayət Məhkəməsinə çağırılsa da, prosesə gəlməyib. İlkin məhkəmə iclası müttəhimsiz və hətta onun vəkili olmadan keçirilib və hakim işi dayandıraraq məhkəməni təxirə salıb.

Müctəba Mələk Əfzəli deyib ki, Əhmədinejad prezident olduğu vaxtda İdman və Gənclər Nazirliyini vaxtında yaratmaqdan imtina etməkdə, İran Milli Neft Şirkətinin əsasnaməsini vaxtında hazırlayıb təqdim etməməkdə, Tehran metrosu üçün xarici valyuta ilə büdcə ayırmamaqda və daha bir neçə qanunsuz əməldə günahlandırılır: “İrandakı məhkəmə qanunlarına görə, müttəhim yalnız üzrlü səbəbdən (xəstəlik, yoldaşının ölümü, təbii fəlakət baş verdikdə və sair) məhkəməyə gəlməyə bilər. Əhmədinejad növbəti məhkəməyə gəlməsə və ya gəlməməyi üçün qaneedici dəlillər göstərə bilməsə, o həbs edilə bilər”.

Məhkəmənin növbəti iclasının vaxtı haqda məlumat yayılmayıb.


Qaynar.info