Azərbaycan kənd təsərrüfarı naziri Məcnun Məmmədov ölkədə əkin sahələrinin azaldığını açıqlayıb. Nazir bildirib ki, 2024-cü il statistikasında əkin sahələri üzrə göstəricilərin azalması müşahidə edilir:
"Dəmyə əkin ərazilərinin azalmasında yağıntı həcminin azlığı və iqlim dəyişikliyi rol oynayıb. Artıq müəyyən sahələrdə məhz illər üzrə dəmyə əkinlərində məhsul yaxşı səviyyədə olmadığına görə insanlar əkindən qaçırlar. Bu ona görədir ki, dəmyə əkinlərində hər il eyni bitkinin əkilməsi istər-istəməz həm rütubət, həm də məhsuldarlıq itkisinə gətirib çıxarır".
İqtisadçı ekspert Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, dəmyə sahələrində müəyyən əkin qaydaları var:
"Bu sahələrdə məhsuldarlıq iqlimdən aşırı dərəcədə asılıdır. Yəni, yağış yağmasa bitki məhsul verməyəcək. Amma məsələnin digər tərəfi də ondan ibarətdir ki, dəmyə torpaqlar 2-3 ildən bir dincə qoyulmalıdır. Torpaqlar buraxılmalıdır, orada ən azı bir il heç bir məhsul əkilməməlidir. Növbəti ildə məhsul orada dəyişilərək əkilməlidir. Məsələn, bir il buğda, o biri il qarğıdalı, üçüncü il isə pambıq əkilməlidir. Sahələrdə torpaqdan müxtəlif qidalar tələb edən bitkilər əkilməlidir. Hər il eyni bitkinin əkilməsi də dəmiyə torpaqların tərkibində bitki üçün lazım olan elementlərin azalmasına gətirib çıxardır".
Akif Nəsirli vurğulayıb ki, bütün bunlara əhəmiyyət verilmir:
"Bununla bağlı maarifləndirmə lazımdır. Ölkənin 54 rayonunda Kənd Təsərrüfatı Nazirliyinin idarələri var. Həmin idarələrdə 5-60 nəfər mütəxəssis var. Bu mütəxəssuislər fermerləri maarifləndirməlidir. Halbuki həmin mütəxəssislərə fermerlər müraciət edəndə belə onların sullarını cavablandırmaqda həvəsli görünmürlər".
Ekspert deyib ki, suvarılan torpaqlara əkin sahələrinin sayının azalması davam etməkdədir:
"Buna səbəb isə su qıtlığıdır, suyun idarə edilməməsidir. Bu gün Azərbaycanda rəsmən suvarma suyunu idarə edən heç bir qurum yoxdur. Heç bir qurumda idarəetmə səlahiyyəti yoxdur. Bu aradan qalxmalıdır. Bundan əlavə də infrastruktur qurulmalıdır. Artıq torpaq, beton kanallardan suvarma suyunun daşınması erası bitib. Su boru kəmərlərindən daşınmalıdır. Ən azı aparıcı kəmərlər vasitəsi ilə ötürülməlidir. Suvarma sisteminin kəmərlər vasitəsi ilə ötürülməsinin təmin edilməsi həm də dəmiyə torpaqlarının bir hissəsinin suvarmağa imkan verəcək".
Akif Nəsirlinin sözlərinə görə, müasir texnologiyada suvarma sistemlərinin genişləndirilməsi də vacib məsələlərdən biridir:
"Yağış-damcı yolu ilə suvarma sistemində suya ən azı 8-10 dəfə qənaət etmək olar. Bu üsulların genişləndirilməsi həm də digər ərazilərin suvarma suyu ilə təmin edilməsində mühüm addım ola bilər. Azərbaycanda suvarılan torpaqların təxminən 10%-i müasir texnologiya ilə suvarılır. Ənənəvi üsullarla suvarma həm də torpaqların şoranlaşmasına səbəb olur. Bu səbəbdən də sahələr şoranlaşaraq əkin dövriyyəsindən çıxır".
Bahar Rüstəmli
Şərhlər