Xəbər lenti

Ekoloqdan ilginc iddia: Bakı niyə qara həsrət qalıb?
Ölkə 09:53 24.02.2018

Ekoloqdan ilginc iddia: Bakı niyə qara həsrət qalıb?

Kiçik çillə hər nə qədər "qışın oğlan çağı” adlandırılsa da, hava şəraiti bunun tam əksini dedi. Bir sıra rayonları çıxmaq şərti ilə Azərbaycan bu il qar görmədi desək, yanılmarıq. Rayonlara yağan qarın ömrü də çox qısa oldu, demək olar ki, yerdə qalmadı. Mütəxəssislər də məhz qar yağmadığı üçün bu qış infeksion xəstəliklərin artdığını bildirirlər.

Qaynarinfo musavat.com-a istinadən xəbər verir ki, bu il qar üzünə yalnız Azərbaycan deyil, qardaş Türkiyə də həsrət qalıb. Bəzi ölkələri isə əksinə, qar iflic etdi. Maraqlıdır ki, türkiyəli mütəxəssislər qar yağmamasının səbəbini hündürmərtəbəli binaların çoxluğu və bu binalardan havaya qalxan istiliklə əlaqələndirirlər. Onların fikrincə, əslində qar yağır, sadəcə, yerə çatana yaxın əriyərək yağışa çevrilir. Prof. Dr. Mikdat Kadıoğlu türkiyə mətbuatına açıqlamasında bunları deyib:

"Yerdəki çəmənlikləri çıxarıb asfalt betonla əvəz edirik. Bu da günəş işığını əks etdirir, üzərindən isə avtomobillər keçir. Bundan başqa sobalar, təbii qaz istilik sistemləri var. Bunlara görə də şəhərlərdə istilik adaları meydana gəlir. Qışda yağan yağışlar əslində qardır, sadəcə, yerə çatana yaxın bu istilik adalarına görə əriyib yağışa çevrilir”.

Ekoloq Telman Zeynalov isə bu fikirlərin tamamilə yanlış olduğunu bildirib:

"Rusiyada bu gündən (dünəndən-red.) mənfi 30 dərəcə şaxta olacağı deyilir. Bu da onu göstərir ki, antisiklon şimaldan və qərbdən siklonun qarşısını kəsib. Antisiklon buludsuz hava deməkdir, günəş çıxır, Yer kürəsində atmosferlə təmasda olur və temperatur həddindən artıq mənfi dərəcəyə çevrilir. Bu da onu göstərir ki, kiminsə əlində ekoloji silah var və bundan istifadə edir. Qış vaxtı azot təbəqəsini yarıblar. Azot təbəqəsi də qış vaxtı yarılanda oradan soyuq hava yer kürəsinə keçir. Bulud isə bunun qabağını örtüb qoymur. Necə olur ki, Moskva və qonşumuz Şimali Qafqaz qarın içində boğulur, amma Azərbaycanda qar yağmayıb. Mən deyərdim ki, bunun tək səbəbi ekoloji silahlardan istifadədir. Rusiyanı qarı, şaxtanı artırmaqla iqtisadi cəhətdən dondururlar. Onlarda qarın əriməsi may ayına gəlib çıxacaq. Payızda əkilən taxıllar da o vaxta qədər yetişməyib çürüyəcək. Beləcə, taxılın qiyməti qalxacaq, hər şey də məhv olub gedəcək. Azərbaycanda da yağıntının olmaması quraqlıq, bu isə məhsulun olmaması deməkdir. Yəni qıtlıq yaranacaq və qiymətlər qalxacaq. Bunun səbəbi yalnız silahlar deyil, başqa səbəblər də var. Əgər Sibirdən siklon gəlirsə, bu, Qafqaz dağlarına keçməli və qar yağmalıdır. Qar yağmır, çünki antisiklon onun qabağını kəsir və gəlməyə qoymur. Hansı alimlər nə deyirsə, oxuyub sonra danışsınlar. Kim elmə əsaslanıb danışdığını deyirsə, yalan deyir. Çünki elm ölüb. Amerikada 100-120 mərtəbəli binalar var. Ancaq hazırda onlar qarın içində itib batırlar. Vaşinqtonda iki metrə yaxın qar yağıb. Əgər qar yağmamasına səbəb binalardısa, o zaman Amerikada niyə yağıb?!”

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bir neçə gün öncə fevral ayının iqlim xarakteristikasını açıqlayıb. ETSN-nin məlumatına görə fevral ayında havanın orta aylıq temperaturu yanvar ayı ilə müqayisədə çox az dəyişəcək:

"Atmosferin ümumi sirkulyasiyasından və sinoptik proseslərdən asılı olaraq, hərdən fevral yanvar ayından soyuq olur. 1954-cü ildə Bakı şəhərində ən soyuq fevral ayı qeydə alınıb. Havanın orta aylıq temperaturu 0.7°C şaxta olub ki, bu da iqlim normasından 5.6°C azdır. Uzun müddət soyuq arktik hava kütlələrinin daxil olması nəticəsində gündüz temperaturlar müsbət 6°C-dən yuxarı qalxmayıb. Havanın minimal temperaturu isə mənfi 8°C-dək enib. Ən aşağı temperatur Bakıda 1969-cu il fevralın 9-10-da qeydə alınıb. Həmin vaxt temperatur 9.6°C şaxta olub. Son 40 il ərzində 2012-ci il fevralın 8-də Bakıda rekord şaxta qeydə alınıb. Həmin gün havanın minimal temperaturu 11°C şaxta təşkil edib. 2012-ci il fevralın 6-sı axşamdan başlayaraq temperaturun 0°C-yə enməsi nəticəsində Xəzər dənizi akvatoriyasının Azərbaycan sahillərində Nabrandan Sumqayıta qədər suyun donması baş verib, buz qatının qalınlığı sahil zonada 3-5 sm təşkil edib. Fevralda Bakıda ən isti hava 1955-ci ildə qeydə alınıb. Havanın orta aylıq temperaturu +7.9°C olub ki, bu da iqlim normasından 3.6°C yüksəkdir. Ən yüksək temperatur 27°C isti, 1955-ci il fevralın 27-də müşahidə olunub”, - deyə bülletendə qeyd olunur.

Bülletendə o da deyilir ki, yağmurlu günlərin sayı fevral ayı ərzində qeyri-bərabər şəkildə paylanır: "1969-cu ildə fevralın 8-dən 26-dək respublikanın bütün ərazisində qar yağıb, hündürlüyü 12 sm-dən 60-sm-dək olan sabit qar örtüyü müşahidə edilib. 2017-ci il fevralın 1-2-də Bakıda qar müşahidə olunub, qar örtüyü əmələ gəlib və qar örtüyünün hündürlüyü fevralın 2-də Bakıda 29 sm təşkil edib. Fevralda güclü şimal-qərb küləkləri də müşahidə edilir. 2007-ci il fevralın 24-25-də Bakıda ən güclü külək qeydə alınıb”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->