"Növbəti illərdə də Azərbaycanda qaz-kondensat hasilatında, qaz ixracında, ölkədaxili istehlakında artım olacaq".
Bunu "Report"a Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib.
O qeyd edib ki, SOCAR-ın 2019-cu il üzrə qazma, hasilat və ixracla bağlı hesabatından da bu qənaətə gəlmək olar: "Məsələn, göstərilir ki, 2019-cu ildə əvvəlki illərlə müqayisədə SOCAR üzrə neft və qaz hasilatında sabitləşməyə nail olunub. SOCAR-ın aktivində olan yataqlar üzrə ötən il neft hasilatı 7,7 mln. ton, 2018-ci ildə 7,5 mln. ton, ümumi Azərbaycan üzrə 2018-ci ildə neft hasilatı 38,814 mln. ton, 2019-cu ildə 37,5 mln. ton təşkil edib. Rəqəmlərdən də göründüyü kimi, Azərbaycan üzrə neft hasilatı təbii olaraq getdikcə azalır. Bir neçə statistik göstəricini qeyd edim: 2009-cu ildə Azərbaycanda ümumi neft hasilatı 50,419 mln. ton təşkil edib, bunun 8,543 mln. tonu SOCAR-ın hasilatının payına düşüb. 2010-cu ildə Azərbaycan üzrə 50,795 mln. ton neft hasil edilib ki, onun 8,459 mln. tonu SOCAR-ın hasilatı olub”.
Ekspert neft hasilatında sabitliyə nail olmaq üçün həm istismarda olan aktiv neft quyularında neftvermə əmsalının artırılmasını, həm də Xəzər dənizinin şelf hissəsində geoloji-kəşfiyyat işlərinin bir qədər genişləndirilməsini, mübahisəli yataqların işlənilməsi ilə bağlı ümumi razılığa gəlinməsini vacib hesab edir. O, həmçinin xatırladıb ki, neft hasilatının sabit saxlanılması üçün SOCAR bir neçə il əvvəl proqram həyata keçirib.
Ekspert Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan yenidənqurma və rekonstruksiya işlərinin yekunlaşmasından sonra illik emal gücünün 7,5 mln. tona çatacağını nəzərə alaraq qarşıdakı illərdə Azərbaycanın emal gücündə də artıq neft həcmlərinə ehtiyac olacağını qeyd edib. Onun sözlərinə görə, bu baxımdan da neft hasilatında sabitliyə nail olunması vacib amildir.
Z. Vəliyev növbəti illərdə Azərbaycanın qaz hasilatında da artım olacağını, bu artımın əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən səmt qazı, eyni zamanda "Şahdəniz” qaz-kondensat yatağının irimiqyaslı işlənməsi, "Abşeron” yatağından hasilata başlanılması və digər yataqlar hesabına baş verəcəyini qeyd edib: "Statistik göstəriciyə nəzər saldıqda görürük ki, 2019-cu ildə SOCAR üzrə 6,8 mlrd. kubmetr qaz hasilat olunubsa, ölkə üzrə qaz hasilatının həcmi 35 mlrd. kubmetrdən çox olub. 2010-cu ildə Azərbaycanda ümumi qaz hasilatı 26 mlrd. kubmetrdən, 2019-cu ildə isə bu göstərici 35 mlrd. kubmetrdən çox təşkil edib. Statistika da göstərir ki, qarşıdakı illərdə də Azərbaycanda qaz və kondensat hasilatında artımlar baş verəcək. Qaz hasilatında artımların olması eyni zamanda ixrac həcmlərimizdə də artıma yol açır”.
Bu baxımdan o vurğulayıb ki, Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya ixracını nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin tam olaraq fəaliyyəti, 2020-ci ildə Trans-Adriatik Boru Kəmərinin (TAP) istifadəyə verilməsi ilə qaz ixrac həcmlərində əhəmiyyətli artımlar qeydə alınacaq.
Ekspert xatırladıb ki, 2019-cu ildə də qaz ixracında artım olub, Türkiyə bazarına 9 mlrd. kubmetrdən çox qaz ixrac edilib, 2020-ci ildə bu rəqəm bir qədər də artacaq.
"Təbii qazdan sənaye sektorunda alınan qaz-kimya məhsullarının ixracında artımlar baş verir və bütün bunlar davam edəcək”
O, həmçinin təbii qaza daxili tələbatın da artacağını vurğulayıb: "Bundan başqa, təbii qazdan sənaye sektorunda alınan qaz-kimya məhsullarının ixracında artımlar baş verir və bütün bunlar davam edəcək”.
Ekspert neft və qaz-kimya məhsullarının ixracının artmasında SOCAR Karbamid və "SOCAR Polymer” layihələrinin əhəmiyyətini vurğulayıb: "Bildiyiniz kimi, 2019-ci ildə iki böyük müəssisə - SOCAR-ın Karbamid zavodu və "SOCAR Polymer”in Yüksəksıxlıqlı Polietilen zavodu istismara verilib. Karbamid zavodunun illik istehsal gücü 660 min ton karbamid, 438 min ton maye ammonyak təşkil edir. Bundan başqa, SOCAR-ın Metanol zavodu da fəaliyyət göstərir ki, onun layihə gücü 700 min ton təşkil edir. Həm Metanol, həm də Karbamid zavodu boru kəməri qazı ilə işləyir, yəni onların xammal bazası təbii qazdır. Karbamid zavodunun illik qaz sərfiyyatı 435 mln. kubmetrdən çoxdur. Metanol zavodunun illik qaz sərfiyyatı 600 mln. kubmetrdir”.
Onun sözlərinə görə, bu zavodların fəaliyyəti və gələcəkdə layihə gücündə çalışması qarşıdakı illərdə qaz sərfiyyatında artımlara səbəb olacaq. O, həmçinin qeyd edib ki, Azərbaycanın regionları üzrə qaz-nəql sisteminin yenidənqurulması, genişləndirilməsi, yeni yaşayış məntəqələrinin qazlaşdırılması ilə əlaqədar olaraq əhali qrupunun da qaz sərfiyyatı artacaq: "Beləliklə, sadaladığım fikirlərdən belə qənaətə gəlmək olar ki, qarşıdakı illərdə Azərbaycanda qazın və yüngül kondensatın hasilatında artımlar baş verəcək, neft hasilatında sabitlik üçün müəyyən layihələr həyata keçirilməlidir. Yeri gəlmişkən qeyd edim ki, 2019-cu ildə Azərbaycan üzrə yüngül kondensatın hasilatı gündəlik 90 min tondan çox olub. Qarşıdakı illərdə də artım olacaq".
Şərhlər