Ekonomiks 10:29 15.11.2019

Ekspert: "BTQ sayəsində Azərbaycan Avropa nəqliyyat dəhlizinin mərkəzində yer alacaq"

"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin sayəsində Azərbaycan, Gürcüstan və Türkiyə Asiyadan Avropaya inkişaf edən yeni Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzində yer alacaq və bu vəziyyətdən iqtisadi baxımdan yararlanacaqlar.

Bunu "Finans.az”a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Asiya - Sakit Okean Araşdırmalar Mərkəzinin direktoru, professor Selçuk Çolakoğlu bildirib.

Onun sözlərinə görə, Qafqaz və Orta Asiya ölkələri müstəqillik qazandıqdan sonra Türkiyənin əsas prioritetlərindən biri onlarla iqtisadi inteqrasiyasını artırmaq olub: "Bunun üçün isə ən vacib addım nəqliyyat infrastrukturunun inteqrasiyası idi. Ermənistan Dağlıq Qarabağı işğal etdiyinə görə, Türkiyə bu ölkə ilə sərhədlərini bağlamışdı. Beləliklə SSRİ dövründən mövcud olan dəmir yolu xətti istifadəsiz qalmışdı. Buna görə də, Azərbaycan, Türkiyə və Gürcüstan BTQ dəmir yolu xəttini çəkdilər və 2017-ci ildə onun istismara verilməsi ilə infrastrukturla bağlı çatışmazlıq aradan qaldırıldı. Rəsmi Ankara üçün BTQ Dəmir İpək Yolu və Orta Dəhliz təşəbbüsünün ən vacib dayağıdır. Bu dəmir yolu xətti Türkiyə, Gürcüstan və Azərbaycan arasındakı ticarət həcmini artıracağı kimi Qazaxıstan üzərindən Çinə çatmağı da reallaşdırır”.

Ekspert vurğulayıb ki, bununla yanaşı, BTQ hesabına Çin və Orta Asiya ölkələri Avropaya çıxış imkanı əldə edib: "Türkiyə Çinin "Bir Kəmər - Bir Yol" təşəbbüsünün BTQ üzərindən reallaşdırılmasını istəyirdi. Bu baxımdan, ötən ay Çinin Sian şəhərindən ilk yük qatarının BTQ üzərindən Avropaya hərəkək etməsi həmin təşəbbüsün reallaşması üçün simvolik addım sayılır. Bu, həm də 1991-ci ildən bəri Ankara, Tbilisi və Bakı arasında strateji əməkdaşlığın mühüm əksidir".



Qeyd edək ki, bir müddət əvvəl BTQ ilə Çindən Avropaya ilk 850 metr uzunluğunda yük qatarı göndərilib. Onun yükü 76 kubmetr və elektron komponentləri daşıyan 42 konteynerdən ibarət olub. BTQ dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin dəstəklədiyi "Bir Kəmər- Bir Yol” iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilir. Bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: 60-dan çox ölkəni əhatə edən İpək Yolu iqtisadi kəməri və Dəniz İpək Yolu. İpək Yolunun uzunluğu 18 min kilometrdir. Söhbət şərqdən qərbə güzəştli şərtlərlə birbaşa malgöndərmələr üçün ticarət dəhlizi yaradılmasından gedir.

Xatırladaq ki, BTQ dəmir yolu xətti 2017-ci ilin oktyabrın 30-u tarixində açılıb. Belə ki, BTQ Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.