Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Suriyada atəşkəs barədə razılığa gələ bildilər. Tərəflər uzun sürən danışıqlardan sonra bir uzlaşmaya nail ola bildilər, burada iki dövlətin rəhbərlərindən başqa, hər iki ölkənin hərbi və diplomatik nümayəndələri iştirak etdilər. Razılaşmaya əsasən, tərəflər Suriyada atəşkəs rejiminin tətbiq edilməsi və birgə humanitar aksiyaların keçirilməsi barədə razılığa gəliblər. Bəs Suriya üçün yeni atəşkəs nə deməkdir və nə qədər davam edəcək?
Suriya ilə bağlı Rusiya-Türkiyə memorandumuna əsasən, münaqişə tərəfləri İdlib əyalətində hərbi əməliyyatları müvəqqəti dayandırır və yeni silahsız zonaların təşkili barədə razılığa gəlirlər. Yaxın gələcəkdə Rusiya Hərbi Polisi Türkiyə hərbçiləri ilə birlikdə M-4 Latakiya-Hələb magistral yolunda patrul xidmətinə başlayacaq və bununla da magistral yolun hər iki tərəfində mövqeləri olan tərəflərin ayrılmasına zəmanət verəcəkdir. Razılaşmanın daha bir vacib nəticəsi - Türkiyə və müttəfiqləri Suriya ordusunu başqa bir strateji magistraldan - M-5 avtomobil yolundan (Hələb-Şam) çıxarmaq planlarından imtina etdilər.
Daha əvvəl MK-nın xəbər verdiyi kimi, danışıqlar ərəfəsində yaraqlılar Suriya qoşunlarını M-5 magistral yolundan qovmağa çalışırdı ki, bu da Türkiyə tərəfinə bu hərbi uğuru Moskvadakı danışıqlarda bir kozır kimi istifadə etməyə imkan verərdi. Lakin onların hücumları dəf edildi və M-5 magistral yolundakı nəzarət nöqtəsi yekunda atəşkəs razılaşması çərçivəsində Suriya hakimiyyətinin nəzarətində qaldı. Ancaq ortyaya sual çıxır, yeni sazişi Əsəd üçün uğur hesab etmək lazımdır, yoxsa atəşkəs Suriya qoşunlarının hücumunu dayandırır və Suriyadakı sülhü yenidən qeyri-müəyyən müddətə təxirə salır?
Türkiyə üzrə ekspert, MK-nın Türkiyədəki baş redaktoru Yaşar Niyazbayevin fikrincə, razılaşma bəzi şərtlərlə bütün münaqişə tərəfləri üçün faydalı hesab edilə bilər:
- İndiki şəraitdə barışıq Türkiyə üçün də, Rusiya üçün də, Əsəd üçün də son dərəcə vacibdir. Vəziyyət o yerə çatmışdı ki, insanlar: "Rusiya ilə Türkiyə arasında müharibə olacaqmı?" sualını verməyə başlamışdılar. Bu gün bir çox Türkiyə mediası, ən azı hökumətyönlülər Allaha şükr eləyirlər ki, Rusiya Əsədə görə Türkiyə ilə dostluğunu qurban vermədi və münaqişəni dərinləşdirməyə getmədi.
- Bəs bu sülh nə qədər davam edəcək?
- Bu suala indi heç kim cavab verə bilməz. Türkiyə tərəfi həmişə sülh sazişlərinin pozulmasının günahının Əsəd ordusunda olduğunu deyib. Digər tərəfdən, danışıqlarda iştirak etməyən və öz oyunlarını oynayan Həyat-Təhrir əş-Şam yaraqlıları da daxil olmaqla, silahlı birləşmələr mövcuddur. Onlar da hər an sülhü poza bilərlər. Onlar üçün yeganə məhdudiyyət Türkiyənin onları saxlayacağı M-4 şossesi boyunca təhlükəsizlik dəhlizidir. Lakin Təhrir əş-Şamın qoşunları Türkiyənin və onun sadiq qruplarının dəstəyi olmadan qalıb, bu da onları zaman-zaman hərbi əməliyyatları müvəqqəti olaraq tərk etməyə məcbur edəcək.
- Bəs nə üçün silahlı qruplaşmaların tərksilah edilməsi haqda maddə Rusiya-Türkiyə memorandumunun mətninə daxil edilmədi?
- Bu, həqiqətən anlaşılmazdır. Mümkündür ki, bu məsələ bağlı qapılar arxasında müzakirə gedib. Və ya bu anda, ilk növbədə, münaqişə tərəflərini dayandırmaq lazım idi. Türkiyə üçün - Əsədin hücumu, Rusiya üçün - Əsədə qarşı hücum. Ancaq gec-tez bu nöqtəyə qayıtmaq lazım gələcək. Ən azı həm Rusiya, həm də Türkiyənin terrorçu saydığı qüvvələri tərksilah etmək lazımdır. Ərdoğan və Türkiyənin müdafiə naziri açıqlamalarında radikallar məsələsiylə məşğul olacaqlarını söylədilər. Ancaq ola bilsin ki, bu mərhələdə əsas baş ağrısını - Suriya və Türkiyə ordusunun toqquşmasını dayandırmaq kifayət edə bilər.
- Bəs barışıq Əsəd üçün nə deməkdir?
- Bu mərhələdə barışıq - Dəməşq üçün uğur sayıla bilər. Son hücum zamanı işğal olunmuş əraziləri nəinki müdafiə etmək, həm də Türkiyə ordusu tərəfindən genişmiqyaslı bir əməliyyatın qarşısını almaq mümkün oldu. Xatırladım ki, Türkiyə prezidenti Suriya qoşunları mövqelərindən geri çəkilməyəcəyi təqdirdə Suriyada genişmiqyaslı bir hücum başlayacağı ilə hədələmişdi. Türkiyə hələ ki buna getməyib və belə görünür ki, bu planlarından imtina edəcək.
Hərbi ekspert Yuri Lyamin isə MK ilə söhbətində qeyd edib ki, bu mərhələdə Suriya ilə barışıq sazişi daha çox Rusiya və Suriya hökumətinin əlinə işləyir:
- Bu anda Suriya və Rusiyanı qalib hesab edirəm, çünki Türkiyə bütün Suriya hökumət qoşunlarını İdlib bölgəsindən çıxması və cəbhədəki mövcud vəziyyəti qəbul etmək tələbi kimi maksimalist mövqelərindən geri çəkilməli oldu. Bununla birlikdə, yeni barışıq çox kövrəkdir, Türkiyənin razılaşmaya tam əməl edəcəyinə əmin olmaq çətindir.
Ekspert qeyd edib ki, Dəməşqin ölkəni azad etmək planlarından asılı olmayaraq, son hücumlar zamanı ağır itkilər verən Suriya ordusunun öz qoşunlarını gücləndrilməsi üçün atəşkəsə ehtiyacı var.
Məqalə yazıldığı vaxt Suriyada atəşkəs rejimi hökm sürür. Münaqişənin bütün tərəfləri atəşi qarşılıqlı dayandırıb, Türkiyə aviasiyası Suriya qoşunlarının mövqelərinə hücum etmir. Yaxın gələcəkdə qaçqınlar üçün humanitar dəhlizlərin açılması, həmçinin yeni silahsız zonada Rusiya və Türkiyə qoşunları tərəfindən birgə patrul xidmətinə başlanması planlaşdırılır.
Alpər
Şərhlər