Xəbər lenti

Ekspertlər xəbərdar edir: Azyaşlı uşaqları Facebook-a buraxmayın!
Texnologiya 22:50 03.02.2018

Ekspertlər xəbərdar edir: Azyaşlı uşaqları Facebook-a buraxmayın!

Uşaq sağlamlığı üzrə 100-dən çox ekspert Facebook şirkətinə məktub yazaraq 13 yaşına çatmamış uşaqlar üçün nəzərdə tutulan smartfon tətbiqinin geri çağırılmasını xahiş edib.

Mark Zuckerberg-ə ünvanlanmış açıq məktubda müraciət müəllifləri Messenger Kids adlı tətbiqi, azyaşlı uşaqları Facebook-dan istifadə etməyə şirnikləşdirən "məsuliyyətsiz" cəhd kimi qiymətləndiriblər.

Ekspertlər hesab edir ki, uşaqlara sosial media şəbəkələrində hesab açılması vaxtından xeyli tez atılan addımdır.

Facebook isə bildirib ki, sözügedən tətbiqin işlənib hazırlanmasında onlayn təhlükəsizliyi ekspertləri iştirak edib və bu addım sosial mediadan uşaqların istifadə etməsinə nəzarəti gücləndirməyə çağıran valideynlərin qayğılarını qarşılamaq məqsədi ilə atılıb.

Facebook qeyd edib ki, Messenger Kids geniş istifadə olunan Messenger tətbiqinin sadələşdirilmiş və qapallı işləyən bir versiyasıdır: bu tətbiqdən istifadə etmək üçün valideynin icazəsi tələb olunur, tətbiqin işi nəticəsində isə toplanan məlumat reklam üçün istifadə olunmur.

Uşaq ekspertlərinin məktubunda deyilir: "Keçirilmiş tədqiqatların nəticələri göstərir ki, elektron cihazlardan aşırı istifadə uşaq və yeniyetmələr üçün zərərlidir".

"Uşaqlar sosial mediada hesab açmağa hazır deyil, onlayn məkanda münasibətlərin mürəkkəbliyindən çox vaxt böyüklər belə baş aça bilmir, qalsın ki, uşaqlar", - məktubda qeyd olunub.

Buna cavab olaraq Facebook qeyd edib ki, "yeni tətbiq 2017-ci ilin dekabr ayında istifadəyə veriləndən bəri valideynlər bildirir ki, Messenger Kids onlara uşaqları ilə əlaqədə olmağa kömək edir".

"Misal üçün, geçə növbəsində işləyən və ya işə yollanan valideynlər uşaqlarının durumu haqqında vaxtında məlumat ala bilir", - Facebook qeyd edib.

Məktub müəllifləri isə hesab edir ki, bunun üçün Facebook-da uşaqlar üçün xüsusi tətbiq yaradılmasına ehtiyac yoxdur.

"Uşaqlar valideynlərilə əlaqəni valideynin Facebook-u, Skype tətbiqi və digər vasitələrlə də qura bilər. Nəhayət, valideyn uşağına zəng də edə bilər", - məktubda deyilib.


Sosial mediada vaxt keçirən uşaqların depressiyaya məruz qalmaq riski daha yüksəkdir

Məktub müəllifləri qeyd edir ki, "sosial mediadan istifadə edən yeniyetmələr daha tez-tez depressiya keçirir, onlar həyatdan daha az razı olur, sosial mediadan istifadə edən 10-12 yaşında qızlar özlərindən, zahiri görünüşlərindən daha çox narazı olur, arıqlamaq üçün aclıq çəkməyyə daha meyilli olurlar."

Məktubu imzalayanlar arasında "Kommersiyadan azad uşaqlıq kampaniyası" hərəkatı başda olmaqla uşaqların müdafiəsi ilə məşğul olan sıra qrupların adı var.

Amerika Vətəndaş Azadlıqları İttifaqı və Amerika boyu valideynlər təşkilatı da bu məktuba imza atanlar arasındadır.

Məktubu fərdlər də imzalayıb - onların arasında britaniyalı alim, baronessa Susan Greenfield-in də adı var.

2017-ci ilin noyabr ayında Britaniya höküməti sosial media şirkətləri və kompüter istehsalçıları ilə görüşərək onlardan azyaşlıların media platformalarına çıxışının, uşaqların kiberməkanda təhqir edilməsinin, uşaqların internetdə saatlarla vaxt keçirməsinin və bu kimi digər halların qarşısının alınması istiqamətində mümkün tədbirlərin görülməsi barədə düşünməyi xahiş edib.

Mənbə: BBC

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->