Orxan Cuvarlı
Ötən günlərdə Seymur Baycanın "Puqaçov üsyanı” hekayəsini oxudum. İndiyəcən rastıma çıxmamışdı. Sadə və emosiya dolu hekayə idi.
Bu hekayə Seymurun "Qab-qacaq səsi”ndən sonra sadəliyi ilə məni heyrətləndirən növbəti hekayəsi oldu. Seymur özü bu qəbil hekayələrinə "dupduru hekayələr” deyir. Həqiqətən də, bəzək-düzəksiz, sadə yazmaq bir yazıçıdan ciddi zəhmət, mütaliə tələb edir.
Həmin hekayədən uzun-uzadı yazmaq fikrim yoxdur.
Bu yazıya ilham verən səbəb adını çəkdiyim hekayəni oxuyanda bir az öz həyatımın da gözlərimin önündən ötüb-keçməsi oldu. Hekayədəki obrazın ruhi çək-çevirləri mənə xeyli tanış idi.
Təxminən 11-12 il əvvəl abituriyent olanda Şamaxıda, yataqxanada qalırdım. Ora ağır rejimli cəzaçəkmə müəssisəsi kimi bir yer idi. Hər şeydən əvvəl, qrafiki ağır idi. Qanın oynayan vaxtı, televizor, telefon yox, tənəffüslər ala-yarımçıq… Axşamacan dərs, etüd, yuxu.
O yataqxanada bazar günlərində iki saatlıq şəhər gəzintisinə icazə verilirdi. Digər günlərdə, müəyyən saatlarda yataqxananın məhbəsdən heç də fərqlənməyən həyətində gəzişə bilərdik.
Şəhər gəzintisinə icazə verilən günlərdə bir gözümüz saatda qalırdı. Həmin iki saat, iki dəqiqə kimi olurdu… Heç bilmirdik ki, haradan gəldi, necə keçdi?! Elə anlarda ən adi məqamlar belə insana dəyir.
Əsgərliyin "uvolneniya”sına bənzəyən o günlərdə bir gözümüz saatda qala-qala hansısa kafedə otururduq. Oturduğumuz kafedə olan müştərilər mənə dünyanın ən asudə adamları kimi görünürdü. Onlar isti yay günlərində bürküdən, qış aylarında şaxtadan gizlənmək üçün bu kafedən etibarlı sığınacaq kimi istifadə edirdilər.
Həmişə eyni yeməkləri sifariş verirdim; kartof püresi, toyuq qulyaşı, iki peraşki, ayran. Yeməyi də atüstü yeyirdim. Kafedən çıxıb yataqxananın yolunu tutanda geriyə çevrilib müxtəlif masaların arxasında ağzı söhbətə qızışan adamlara həsədlə baxırdım. Bəlkə də, saysız-hesabsız problemi, dərdi-odu olan bu kafe müştərilərini dünyanın ən qayğısız, şən, bəxtiyar adamları güman edirdim. Hərdən mənə elə gəlirdi ki, onlar da bizim ürək sıxıntımızı duyur, darıxdığımızı, harasa tələsdiyimizi hiss edir.
Həmin dövrdə internet klublar hələ indiki kimi tarixə qovuşmamışdı. Vaxtımızın bitməsinə az qalsa da, arabir yolumuzu buradan salırdıq. Onda sosial şəbəkələr bu dərəcədə məşhur deyildi, tək əyləncəmiz yutubda meyxanaya, şiti-şoru çıxmış videolara baxmaq idi. İndi o videolara baxsam, yəqin ki, kilo-kilo ət tökərəm.
Həyatımın həmin mərhələsini xatırlamaq istəmədiyim qara zolaq kimi təsəvvür edirəm. İnsan ən çətin şəraitlərdə belə ümid etməyə, həsrətini çəkməyə nəsə tapır. Mütləq tapır.
Yataqxanada uzanıb gözümü tavana zilləyəndə adi həyatımda etdiyim hər şey mənə bu dar otaqda çox uzaq, səadətli günlərin bir fraqmenti kimi gəlirdi, darmadağın olurdum. İnsan həmin ovqatda olanda ən adi şeylərə belə xüsusi məna yükləməyi, özünə zülm etməyi sevir.
Sözümün mabədi odur ki, o dönəmlərdə mülki həyatın parıltısı məni də sıxırdı. Ən adi şeylərdən təsirlənirdim.
Dəqiq yadımdadır, bir dəfə yay idi, yataqxanadakı dərs otaqlarından birində, pəncərənin kənarındakı masada test işləyirdim. Axşamüstü idi. Birdən azca meh əsdi, pərdə aralandı. Pərdənin aralı hissəsindən "Yeddi Günbəz” qəbiristanlığı gözümə dəydi. Hasarın o tayındakı məhəllədə bir uşaq anasının əlindən tutub dondurma yeyə-yeyə gedirdi.
Dondurmanı elə də sevmirəm. Könlümə düşəndə yesəm də, mübtəlası sayılmaram. Amma həmin an boğazım qurudu, bircə anlıq əlli metr o tərəfdəki məhəllədə olmaq istədim. Məni o uşaqdan təkcə hasar ayırırdı. Ancaq hasarın o üzü mənimçün əlçatmaz, mümkünsüz, yasaq bir ərazi idi. İllərin tamarzısı kimi dondurmaya, onu iştahla yalayan balaca oğlana baxıb durdum. Ağzım sulandı. Onun yerində olmaq istəmişdim. Həmin an o, məndən daha azad, məsud görünürdü.
İndi hər dondurma köşkünün yanından ötəndə mütləq ayaq saxlayıram. Meylim çəkməsə də, bir dondurma alıram və o günləri xatırlaya-xatırlaya yeyirəm.
Şərhlər