Foto 10:36 14.02.2019

Media yazdı, Eldar Əzizov həll etdi (FOTOLAR)

Bu günlərdə Bakının ən hərəkətli küçəsi olan "Tarqovı”nın tam mərkəzində fəaliyyət göstərən restoranın vətəndaşların gediş-gəliş yolunu zəbt etməsi ilə bağlı 7news.az saytında yazı dərc edilmişdi. 

Məlumata görə, Nigar Rəfibəyli b/37 ünvanında fəaliyyət göstərən "PASSAGE 145" restoranı vətəndaşların hərəkəti üçün nəzərdə tutulan yolun sağ və sol tərəfinə masalar yerləşdirərək ərazini tamamilə zəbt etmişdilər.

"Restoran yeni işə başlayanda yalnız yolun sağ tərəfinə masalar yerləşdirmişdi. Bunun özü də şəhərin mərkəzi sayılan bu ərazidən keçən vətəndaşların rahat hərəkəti üçün problem yaradırdı. Amma düşündük ki, bir az səbr edək, yaydır, qoy işləsinlər. Ancaq bundan ruhlanan restoran sahibləri artıq neçə gündür ki, yolun sol tərəfin də "işğal ediblər”.Üstəlik ortada qalan kiçik cığıra da qəlyan və "ventilyator” yerləşdiriblər. Açıq şəkildə deyirlər ki, bu kafedə oturmayacaqsınızsa, bu yoldan keçməyin” -deyə sayta şikayət edən sakinlər bildirmişdilər.

Şikayətçilər bildirirlər ki, onlar yaranmış vəziyyətlə bağlı ərazi üzrə Mənzil İstismar Sahəsinə (JEK) müraciət etsələr də, sahə rəhbərliyi "bizim onlara gücümüz çatmır, razılığı "Baksovet”dən alıblar” şəklində cavab verib. Sakinlər restoran tərəfindən zəbt olunan yolun açılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdan kömək gözləyirdilər.

Mediada əksini tapan şikayətə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dərhal reaksiya verib. 

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Eldar Əzizov aidiyyatı qurumlara dərhal məsələni araşdırmağı tapşırıb.  Nəticədə restoranın qanunsuz fəaliyyət göstərən çöl hissəsinin bağlanması ilə bağlı qərar verib.