Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Hakim Elbəy Allahverdiyevin hazırlıq iclasından Mövlam Şıxəliyevə xüsusi nəvazişlə yanaşması iş üzrə 32 zərərçəkənin ciddi etirazına səbəb olub. Oktyabrın 26-da keçirilən iclasda isə zərərçəkənlər hakimin hərəkətlərinə etiraz əlaməti olaraq məhkəmə prosesini pozublar. 32 zərərçəkən, onların vəkilləri və nümayəndə məhkəmə zalını tərk ediblər. Etirazçılar arasında təqsirləndirilən şəxslər tərəfindən qanunsuz həbsə alındıqdan sonra intihar etmiş, ürək tutmasından dünyasının dəyişmiş 4 zərərçəkənin nümayəndəsi də olub.
İttihama görə, Mövlam Şixəliyev və digərləri mütəşəkkil cinayətkar quldur dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçiriblər.
"Bu, özbaşınalıqdır”
Hüseyn Səfərov iş üzrə zərərçəkənlərdən biridir. O, "Yeni Müsavat”ın əməkdaşına deyib ki, sonuncu prosesdə zərərçəkənlərdən biri olan Zaur Əliyev hakim Elbəy Allahverdiyevə etiraz verib. O da etirazı dəstəkləyib. Buna görə hakim onu zaldan çıxarıb: "Zaur Əliyev vəsatət verdi, etirazını belə əsaslandırdı ki, hakim vaxtilə müstəntiq işləyərkən Mövlam Şıxəliyevin rəhbərliyi altında fəaliyyət göstərmiş istintaq qrupunun üzvü olub. Buna görə də Mövlam Şıxəliyevin işi üzrə sədrlik edə bilməz. Bu məsələ müzakirə edildi və vəsatət təmin olunmadı. Belə olan halda biz zərərçəkənlər hakimə etiraz etdik. Hamı yerdən Zaur Əliyevin vəsatətini müdafiə etdi. Mən də müdafiə etdim və hakim məni zaldan çıxardı. Bu, özbaşınalıqdır”.
"Sahil” metro stansiyasının üstündəki binada onun 7 evi var"
Hüseyn Səfərov deyir ki, Mövlam Şıxəliyevlə bağlı onda çox ciddi faktlar var və bu sirli məsələlərin hamısını açıqlayacaq: "Mövlam Şıxəliyev şəxsən məndən Vüsal Ələkbərovun əli ilə 2 milyon dollar alıb. Mən Mövlam Şıxəliyevin otağında 10 dəfəyə qədər olmuşam. Məni qorxudaraq, hədə-qorxu gələrək 2 milyon dollar aldılar. Tələbimiz odur ki, Mövlam Şıxəliyev, Vüsal Ələkbərov layiq olduqları cəzanı alsınlar. Bizə dəymiş zərər ödənməlidir. Bizim mülki iddialarımız təmin olunmalıdır. İttiham aktına görə, Mövlam Şıxəliyevin 7 milyona qədər dəyərində olan malı-mülkü var. ”Sahil" metro stansiyasının üstündəki binada onun 7 evi var. Nizami küçəsi 7 ünvanıdır ora. Bu gün müsadirəyə cəlb olunmuş mal-mülkün içərisinə düşməyən çoxsaylı mülkləri var. Bunlar ittiham aktına düşməyib. Onun habelə Dubaydakı "Palma adaları”nda çox bahalı villası, Türkiyədə supermarketləri, böyük maşın salonları var, evi var. Bunlardan başqa, Mövlam Şıxəliyevin Bakıda bu gün müsadirəyə cəlb olunmamış mal-mülkü var. Xaçmaz rayonunun Xudat qəsəbəsində "Çobanbulaq” istirahət mərkəzi var. Arvadının adınadır. Qohum-əqrəbasının, yaxın adamlarının adına 100-dən artıq mal-mülkü müsadirə siyahısına düşməyib".
"Mövlam Şıxəliyev başına rəng qoyub gəlir oturur ”kletka"nın arxasında"
Hüseyn Səfərov deyir ki, Mövlam Şıxəliyevin zərərçəkənlərin hər birinə vurduğu ziyanı ödəmək üçün kifayət qədər böyük gəlirləri var: "Bu gün onun mal-mülklərdən aylıq gəliri 2 milyon manatdan yüksəkdir. Hər bir zərərçəkənə vurduğu ziyanı ödəyə bilər. Mövlam Şıxəliyev başına ”kraska" qoyub gəlir oturur "kletka”nın arxasında. Gör nə qədər arxayındır ki, özünə bər-bəzək vurub gəlib oturur orada.
Bu adamlar həyasız, dələduzdurlar. Cinayətkar qrupun tərkibində fəaliyyət göstərib adamları soyublar. Bu adamlar 1 gündə MTN-ə 5-6 "10 milyonluq adam” gətiriblər pul almağa. 7-8 nəfər "3 milyonluq adam” aparıb soyublar. Bunların planı varmış. Gün ərzində ortalama 50-60 milyon alıblar".
Hüseyn Səfərov
"Eldar Mahmudov başda olmaqla, Mövlam Şıxəliyev quldur dəstənin ən fəal üzvlərindən idi”
Zərərçəkən deyir ki, Mövlam Şıxəliyevin otağına gedib-gəldiyi dövrdə orada çoxsaylı iş adamlarını görüb: "Mən banka pul qoymuşdum. Buna görə də məni həbs elədilər. 2 aya yaxın MTN-in istintaq təcridxanasında saxladılar. İttiham verdilər və 2 ay sonra işə xitam verdilər. Bu gün qərar verib məni həbs edən müstəntiqdən şikayətçi deyiləm. Amma məni həbsdən azad edən şəxsdən şikayətçiyəm. Niyə şikayətçiyəm? Ona görə ki, məndən öncə 1 milyon 650 min aldılar. Sonra da 350 min alıb işi xitam elədilər. Mənim cinayətim vardısa, niyə işi xitam edirdilər? Bu adamlar səlahiyyətlərini aşıb mənə Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid ittiham vermişdilər. Bu adamlar hər yerə əl atırdılar. Eldar Mahmudov başda olmaqla, Mövlam Şıxəliyev quldur dəstənin ən fəal üzvlərindən idi. O dövrdə bu adamlar hətta öz işçilərini də şərləyirdilər. Kim ki, bunların işlərinə maneçilik törədirdi, aradan götürürdülər”.
"Bunların kişiliyi, qeyrəti olsa...”
Hüseyn Səfərov deyir ki, hakim Elbəy Allahverdiyev keçirilən məhkəmə prosesində Mövlam Şıxəliyevi açıq-aşkar müdafiə edir: "Bunların kişiliyi, qeyrəti olsa, Heydər Əliyevin ruhuna hörmət əlaməti ilə yanaşmalıdırlar. Belə bir gözəl ölkə qurub. Bunlar İlham Əliyevə hörmətlə yanaşmalıdırlar, deməlidirlər biz səhv eləmişik. Bunu durub etiraf etmək əvəzinə camaata yuxarıdan aşağı baxırlar”.
Əfsəl Həsənəliyev
"Məhkəmədə ondan soruşdum ki, bu qədər mal-mülkü sən haradan almısan?”
Hüseyn Səfərov deyir ki, 2016-cı ildə Vüsal Ələkbərovun məhkəmə prosesi keçirilərkən onun vəsatəti əsasında Mövlam Şıxəliyevi məhkəməyə çağırıblar: "Məhkəmədə ondan soruşdum ki, bu qədər mal-mülkü sən haradan almısan? Mən onun mal-mülklərinin şəkillərini də çəkmişəm. Dedi ki, bizneslə qazanmışam. Bu adam MTN-in rəhbər vəzifəlisi olub, yoxsa biznesmen? O vaxt məhkəmədə belə bir məsələ oldu. Hakim Mövlam Şıxəliyevə dedi ki, zərərçəkənlər sizə ”Mövlam müəllim" deyə müraciət edir, siz isə "sən” deyə müraciət edirsiniz. Niyə belə edirsiz? Dedi ki, mən Allahıma da sən deyə müraciət edirəm. Bu adam qudurmuşdu. Bu gün Allah onun cəzasını verir".
"Bizə vurulan ziyan dövlət tərəfindən düzgün olaraq qaytarılmalıdır”
Zərərçəkənlərdən Əfsəl Həsənəliyev deyir ki, ləğv edilmiş MTN-in rəhbər şəxsləri onların həyatlarını alt-üst ediblər: "Bizi bədbəxt ediblər. Malımızı, mülkümüzü, pulumuzu alıblar. Heç nəyimiz qalmayıb. İndi də hakimlər, prokuror, vəkilləri tərəfindən onların başlarına böyük sığal çəkilir. Bizim qayğımıza qalan yoxdur. Bizə vurulan ziyan dövlət tərəfindən düzgün olaraq qaytarılmalıdır”.
"Bu gün də bizə məhkəmədə danışmağa imkan vermirlər”
Zərərçəkən saxta ittihamla həbs edildiyini deyir: "Gürcüstandan alınıb deklorasiya olunaraq İrana aparılan malı MTN gömrükçülərin əlindən qapıb aldı. Ad da qoydular ki, guya həmin mal İrana deyil, Bakıya gətirilib. Gömrüyün deklorasiyalarına da baxılmadı. Malı Bakıya gətirdilər. Mal da qaçaqmal çıxmadı. Buna baxmayaraq, bizi həbs etdilər. Səbayel Məhkəməsinə təsir etdilər. Bu gün də məhkəmədə ədalət prinsipi pozulub. Bu gün də bizə məhkəmədə danışmağa imkan vermirlər”.
Zərərçəkən deyir ki, 2014-cü ilin mart ayında həbsdə olduğu zaman MTN-çilər evini banka girov qoyub pulunu götürüblər: "Bu gün də mən evsizəm. 3 körpə nəvəmlə evsiz-eşiksiz qalmışıq. ”Unibank"a 55 min manat ödəmişəm. 97 min manat da ödəməliyəm ki, evimin çıxarışını alıb, aparım ailəmə deyim ki, balalarım, biz artıq MTN-in əsarətindən qurtulduq, azad olduq".
"Zərərçəkənlərdən bir nəfər həyatına son qoyub, intihar edib”
Əfsəl Həsənəliyev və Arif Məmmədovun vəkili Osman Kazımov deyir ki, istintaqın gəldiyi nəticəyə görə, təqsirlədirilən şəxslər zərərçəkən şəxslərə ciddi ziyan vurublar: "Verdiyimiz vəsatətlərin heç biri təmin olunmadı. Əsas vəsatətlərdən biri prosesin videoya çəkilməsi ilə bağlı idi. Təəssüf ki, məhkəmə bu vəsatəti təmin etmədi. Videoçəkilişin aparılması məhkəmənin ədalətli, obyektiv aparılmasına yardım etməklə yanaşı məhkəmə iclas protokollarında təhriflərə yol verilməsinin də qarşısını alır. İş üzrə zərərçəkənlərə rüşvət alma yolu ilə külli miqdarda ziyan vurulub. Zərərçəkənlərdən bir nəfər həyatına son qoyub, intihar edib. Milyonlarla rüşvətdən söhbət gedir, böyük zərər vurulduğu halda bu günə qədər zərərçəkənlərə 1 manat da maddi ziyan ödənməyib. Üstəlik, zərərçəkənlərə qarşı xüsusilə aqressivdirlər, islah olunmayıblar. Ağır cinayətdə ittiham olunduqları halda barələrində həbs-qətimkan tədbiri belə seçilməyib. Görünür ki, bu adamları kimsə himayə edir. Adi xırda bir işdə təqsirləndirilən şəxsi həbs edirlər. Bu cür ağır cinayətdə ittiham olunan şəxsləri isə həbsə almayıblar. Prezident İlham Əliyev bir neçə dəfə bu məsələyə toxunub. Burada vətəndaşların hüquqlarını qorumalı olan şəxslərin törətdiyi ağır cinayətdən söhbət gedir. Bu cinayətlər vasitəsilə dövlətin əsası sarsılıb. Təəssüf ki, qaldırılan vəsatətlərə baxmayaraq bu şəxslərin barəsində həbs-qətimkan tədbiri seçilməyib. Hesab edirəm ki, belə mövqe ilə obyektiv baxışa nail olmaq mümkün deyil”.
Mənbə: "Yeni Müsavat”
Şərhlər