Siyasət 13:53 02.12.2013

Eldar Namazov Kiyevə getdi

Milli Şura təmsilçisi mitinqdə iştirak edib, müxalifətlə görüşüb

Milli Şuranın icra aparatının rəhbəri və "El" hərəkatının sədri Eldar Namazov Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurasının Dünya Demokratiya Forumunda iştirakını yekunlaşdırdıqdan sonra Bakıya yox Kiyevə gedib. Dekabrın 1-də Bakıya qayıtmağı planlaşdıran Eldar Namazov həmin gün Kiyevə getməli olub. 

Bu barədə dekabrın 2-də Eldar Namazov “Yeni Müsavat”a məlumat verib. Onun dediyinə görə, Starsburqda beynəlxalq təşkilatlarla görüşlər zamanı ATƏT-in sammiti ərəfəsində Kiyevdə ATƏT təmsilçiləri ilə vətəndaş cəmiyyəti təmsilçilərinin görüşünün təşkil olunacağı barədə bizə məlumat verdilər. Kiyevdə bu gün başlanacaq həmin tədbirə bizi də dəvət etdilər. Mən də həmin tədbirdə iştirak üçün Kiyevə gəldim. Qərara gəldim ki, demokratiya, insan haqları, azad seçkilərlərlə bağlı mövqeyimiz bu tədbirdə ATƏT-in sammitinə təqdim olunsun. ATƏT-ə təqdim olunacaq rəsmi sənəddə Azərbaycanla bağlı məsələlər də əksini tapmalıdır”.

Eldar Namazov hava limanından birbaşa Kiyevdə mitinqlərin keçirildiyi avromeydana gedib: “Birbaşa mitinqə getdim. Ukrayna demokratik qüvvələrinin nümayəndələri ilə görüşdüm.  Meydanda insanlara qarşı zor tətbiq edilməsi xalqı qəzəbləndirib. Ukraynada proseslər addım-addım müxalifətin, Avropaya inteqrasiya tərəfdarlarının xeyirinə inkişaf edir. Ukrayna xalqı Avropaya inteqrasiya istəyini ortaya qoyub. Artıq Kiyevin əhalisinin 70 faizinin bu mövqedə olduğunu əminliklə söyləmək olar. Hətta hakimiyyəti dəstəkləyən şərq rayonlarında da vəziyyət birmənalı deyil, hakimiyyətin zərərinə dəyişir. Hakimiyyət vəziyyəti sabitləşdirməyə çalışır. Müxalifət liderləri də xalqa müraciət edib dinc şəkildə mövqe ifadə etməyə, sakitliyə  çağırırlar. Artıq Prezident Aparatından, hakim partiyadan istefalar başlayıb”.

E.Namazov onu da dedi ki, Strasburqda olarkən yanlış informasiya verilib ki, guya o Ermənistanla Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin görüşünə qatılıb: “Halbu ki, mən belə bir görüşdə iştirak etməmişəm. Hətta o xəbəri yazan jurnalist Ümumdünya Demokratiya Forumunda mənə yaxınlaşdı və təəssüflə qeyd elədi ki, yanlış informasiya verib, ona görə də təkzibini də redaksiyaya göndərəcək”. 

musavat.com