Siyasət 13:25 16.03.2013

Eldar Namazov: “…mən Amerikanın adamıyam” (MÜSAHİBƏ)

“Bu necə hakimiyyətdir ki, bunu həm Amerika, həm də Rusiya devirmək istəyir? ”

“El” Hərəkatının İdarə Heyətinin sədri Eldar Namazovun Qaynar.info-ya müsahibəsi:

- Eldar müəllim, son günlər elan olunmuş “EL” hərəkatının tərkibində müxalifətin geniş koalisiyası yarana bilərmi?

- “EL” hərəkatı müstəqildir. Biz qarşımıza məqsəd qoymamışıq ki, müxalifət düşərgəsinin vahid mərkəzi olaq. Mövcud olan müxalifət partiyaları ilə çox sıx əməkdaşlıq edirik və bir-birimizə dəstək veririk. Yəqin ki, bütün demokratik düşərgənin bir araya gəlməsi üçün başqa bir format haqqında düşünmək lazımdır. Məsələn, Rüstəm İbrahimbəyovun təklif etdiyi Milli Şura formatı. Bu daha düzgün olardı. “EL” hərəkatı müstəqildir, biz hələ təşkilatlanma işlərini davam etdiririk.

- “Milli Şura”dan kənar müxalifətin hər hansı geniş birliyi yaranarsa, onu dəstəkləyəcəksiz?


- Dediyim kimi, aparıcı müxalifət partiyaları ilə, fəal vətəndaş mövqeyindən çıxış edən ziyalılarla sıx əməkdaşlıq edirik. Bu mənada biz əməkdaşlığın müxtəlif formatlarına da hazırıq. Ən uğurlusu isə “Milli Şura” formatını hesab edirik.

- BAXCP-nin Goranboy Rayon Təşkilatı tam tərkiblə sizin təmsil etdiyiniz hərəkata qoşulduğunu deyir. Bundan məlumatınız var?

- Bunu təsdiqləyə bilərəm. Bu, dəqiq xəbərdir. Qeyd edim ki, hərəkata qoşulmaq istəyən başqa qurumlar da var. Martın 18-də hərəkatın iclası olacaq. Həmin iclasda hərəkatın strukturları təsdiq olunacaq və hərəkatla bağlı bəzi məsələlər müzakirə olunacaq.

- Başqa partiya üzvlərinin hərəkata qoşulması qısqanclıqla qarşılanmaz ki?

-“EL” hərəkatı partiya formatından fərqlənir. Düzdür, bu da siyasi təşkilatdı. Azərbaycanda siyasi təşkilatların hamısının statusu eyni olmalıdır. Təəssüflər olsun ki, Azərbaycan qanunvericiliyində siyasi partiyalar və hərəkatlar fərqli statusa malikdirlər. Partiya strukturları çox sərt nizamnamə ilə idarə olunur. Hərəkatlar isə bu mənada daha çevikdir. Buna görə də hərəkat geniş kütləni cəlb elə bilir. Qarşımıza məqsəd qoymamışıq ki, partiya üzvlərini öz sıralarımıza cəlb edək. Əgər diqqət etdinizsə, ilk addımda təşəbbüs qrupundakı adamlar heç bir partiyanın üzvü deyildilər. Amma prosesin içində, yəqin ki, partiya üzvləri də bizə müraciət edəcəklər. Şəraitdən asılı olaraq bu məsələlərə münasibət bildirəcəyik. Biz Azərbaycandakı aparıcı partiyaların güclənməsində maraqlıyıq. Düşünürəm ki, say çoxluğu deyilən bir anlayış var, bu da “EL” hərəkatında özünü göstərəcək. Çalışırıq ki, partiyalarla xoş münasibət pozulmasın.

- İndiyə kimi hansı partiyaların üzvləri hərəkata qoşulmaq üçün müraciət edib?


- Bizim marağımız bu deyil. Əsas diqqəti ictimai-siyasi proseslərdən kənarda qalan insanları fəallaşdırmağa yönəltmişik.

- Əli Kərimli, İsa Qəmbər və Sizin aranızda görüşlər keçirilib. Ehtimala görə, bu "üçlük" formatında İsa Qəmbəri dəstəkləyəcəksiniz...

-Bilirsiniz, biz həm bu üçlükdə olan, həm də üçlükdən kənar da olan vahid namizədi dəstəkləməyə hazır olmalıyıq. Burada bizim əsas məqsədimiz aparıcı qüvvələri bir araya gətirib, cəmiyyəti mobilizə edib, demokratiyaya keçidi təmin etməkdir. Buna nail olmaq üçün hər kəs gərək iddialarından bir addım geri çəkilsin. Bu üçlüyün də yanaşması belədir.

- Amma “EL” Hərəkatının Rusiyadan dəstək aldığı iddia olunur...

- Bizə qarşı qara piar kampaniyası aparılır. Bu xeyli müddətdir, hakimiyyətə yaxın qəzetlərdə, telekanallarda davam edir. Bu qara piar kampaniyasında göstərilirdi ki, mən Amerikanın adamıyam, Amerikanın Azərbaycanda şəbəkəsini yaradıram, bəzi təşkilatların adlarını çəkirdilər. Son bir ayda qara piar kampaniyasının mövzusu dəyişib, deyirlər ki, məni Rusiya dəstəkləyir. Bura Ukraynanı da, Afrikanı da əlavə etsələr, təəccüblənmərəm. Bu cür sərsəm ittihamlara vaxt itirib cavab verməyə də ehtiyac duymuram. 1988-ci ildən bəri ictimai-siyasi fəaliyyətlə məşğulam. Bu 25 ildə ümumilli məsələlərdə cəmiyyətə mövqeyim bəlli olub. Faktiki olaraq “EL” hərəkatını dəstəkləyənlər kifayət qədərdir. Atalar deyib, quru palçıq divara yapışmaz.

- Hakimiyyətin bunu etməkdə məqsədi nədir?

-Ümumiyyətlə, hakimiyyətin nə etdiyini anlamaq çox çətindir. Hakimiyyətyönlü informasiya vasitələri Rusiyanın və ABŞ-ın Azərbaycanda çevriliş etmək istədiyini iddia edir. Bu necə hakimiyyət olur ki, bunu həm Amerika, həm də Rusiya devirmək istəyir. Bu rejimdən ən çox bezən nə Rusiyadır, nə də Amerikadır, Azərbaycan xalqı bezib. Amma bunlar nədənsə xalqı günahlandırmaqdan çəkinirlər. Bütün günahı ya Amerikanın, ya Rusiyanın, ya da “Facebook”un üzərinə atmaq istəyirlər. Əgər hakimiyyət vətəndaşının hüquqlarını qoruyursa, onu heç bir ölkə devirə bilməz. Yox, əgər hakimiyyət ölkəni talan edirsə, seçkiləri saxtalaşdırırsa, gəncləri həbs edirsə, təbii ki, belə hakimiyyəti xalq özü yola salmalı olacaq.

İlkin PİRƏLİ
Qaynar.info