"Elə uşaqlar oldu ki, gecə vaxtı durub ağlayıb valideynini istəyirdi" - Adil Şükürov

Azərbaycanın tanınmış uşaq məşqçilərindən olan, aşağı yaş qrupları üzrə millilərimizdə çalışmış Adil Şükürov fəaliyyətini "Turan Tovuz"da davam etdirəcək. Onun əsas komandaya baş məşqçi gətiriləcəyi ilə bağlı fikirlər səsləndirilir. Bu səbəbdən Şükürovla əlaqə saxlayıb qarşıdakı planları, komandanın gələcəyi ilə bağlı söhbətləşdik.

Adil bəy Qaynarinfo-ya müsahibəsində bundan sonra hansı şəkildə fəaliyyət göstərəcəyi haqda danışdı, bir sıra məqamlara toxundu.

- Adil bəy, "Turan Tovuz"a baş məşqçi təyin edildiyiniz haqda xəbərlər dolaşır... 

- Əvvəl komandaya baş məşqçi təyinatımla bağlı söhbətlər olmuşdu. Sonra dedilər ki, ən önəmlisi akademiyadır. Milli komandalara mümkün qədər çox futbolçu yetişdirmək vacibdir. Əsas işimiz bundan ibarət olacaq. Danışığımız belə oldu ki, komanda şəklində işləməliyik. Həm akademiya, həm də əsas komandanın məşqçiləri birlikdə çalışmalıdır ki, istedadlı futbolçuları üzə çıxaraq. Futbolçu öz yaşıdları ilə oynamalı, bununla yanaşı əsas komandanın məşqlərində iştirak etməlidir. Həmçinin oyunlarda ən azı 5-10 dəqiqə meydana çıxmalıdır. Bu onların inkişafı üçün vacib amildir. Akademiyada, eyni zamanda əsas komandada çalışmaq çətin olar. Aləm qarışar bir-birinə. Çünki nə qədər bizə nəticə lazım olmadığını desək də, rayon camaatı bu məsələdə həssasdır. Bunları nəzərə alaraq işimi akademiyada görməyə qərar verdim. Uşaq qruplarına nəzarət edəcəm, eyni zamanda əsas komandanın məşqçiləri ilə sıx əlaqədə olacağıq. 

- Ötən mövsüm komandanın Premyer Liqaya gətiriləcəyi ilə bağlı ümidlər böyük olsa da, AFFA lisenziya vermədi. Bundan sonra artıq növbəti mövsümə də ümid qalmadığı üçün əsas komandaya daha önəm verilməyəcəyi və uşaq futboluna diqqət ayrılacağı düşünülür. Rəhbərlik qarşıya hansı tapşırıqları qoyub?

- Əsas istiqamət akademiya götürülür. Rəhbərlik bildirdi ki, əsasən akademiyaya, yerli futbolçuların inkişafına diqqət ayrılmalıdır. Elə etməliyik ki, daha çox futbolçu üzə çıxsın və inkişaf etsin. Bunun da ən qısa yolu uşaqların əsas komanda ilə birlikdə məşq etməsidir. Premyer Liqaya isə həmişə ümid var. Biz milli komandalara futbolçu yetişdirib verə bilsək, yəqin ki, AFFA Premyer Liqa məsələsini nəzərə alar. Bu şəxsi fikrimdir. Futbol biznesdir. Futbolçuları üzə çıxarmaq və ya digər komandalara satmaq üçün məncə, istər-istəməz Premyer Liqada oynamağa şərait yarada bilərlər. Hazırda əsas diqqət akademiyaya ayrılıb. Bu gün ölkədə gənc futbolçular həddindən çoxdur. Baxmayaraq ki, limitlər qoyulub. Limit bir tərəfdən istedadlı gənclərin üzə çıxması üçün yaxşıdır. Ancaq digər tərəfdən 21 və daha yuxarı yaşda olanların itirilməsinə gətirib çıxarır. 

- Birinci divizionda iştirak edən klubların inkişafının qarşısını alan əsas amillərdən biri limit məsələsidir. Bir çoxları məhz bu problemdən şikayətlənir. 

- Düzdü, limit hardasa inkişafın qarşısını alır. Amma uşaqların üzə çıxmasına da köməklik edir. Bu diqqət ayrılmalı olan məsələdir. Balans qorunmalıdır.

- Tovuzda limit məsələləri ilə bağlı durum necədir, problem gözlənilirmi?

- Hazırda ən yuxarı yaş qrupu 17 yaşlılardan ibarət komandamızdır. Düşünürük ki, bu il I Divizionda "Turan Tovuz" üçün problem olmayacaq. Çünki 17 yaşlılar əsas komandanın limit problemini demək olar aradan qaldırır. Eyni zamanda hesablamışıq ki, futbolçular mütəmadi əsas komanadada şans qazanacağı təqdirdə, bundan sonra 7-8 il limit problemi yaşamayacağıq. Çünki səhv etmirəmsə, bizdə limit bu il 2000-ci il təvəllüdlülər götürülür. 17 yaşlıları oynadırıqsa, rahat 5-6 il limit baxımından irəli düşürük. 4-5 uşağı mütəmadi olaraq oynatsaq, onların arasından ən azı 1-2 nəfər yaxşı futbolçu çıxacaq. 

- Yəqin ki, akademiyanın şəraiti ilə tanış olmusunuz. Hazırda klubun nəzdində neçə komanda fəaliyyət göstərir?

- Yeni tikintilərdən sonra şərait əladır. 6-7 yaşdan, 17 yaşa qədər komandalarımız var. Mart ayında onlar üçün bir neçə dəfə çempionat təşkil etdik ki, futbolsuz qalmasınlar. Hər həftə yoldaşlıq matçları keçirdilər. Gəncənin, Şəmkirin, Qazaxın, Ağstafanın təmsilçiləri ilə oyunlar təşkil etdik. Seleksiya keçirdik. İndi çalışırıq ki, 19 yaşlılardan ibarət komanda yaradaq. Bu komandanı gələn il UEFA Gənclər Liqasında çıxış etməsi üçün hazırlamağa çalışacağıq. Təbii ki, əsas komandanın nəticələrindən asılı olmayaraq. 19 yaş da elədi ki, uşaqların hərbi xidmət, universitet və sair vaxtlarına düşür. Başqa işlərə yönəlirlər. Bu yaşda komanda yığmaq çətindir. 

- Akademiyaya kənar bölgələrdən gələn futbolçular olacaqmı? Olsa belə, onları saxlamaq üçün lazımi şərait mövcuddur?

- Sonuncu dəfə iyulun 15-i seleksiya apardıq. Bu zaman Zaqataladan, Qaxdan, Qubadan, Qusardan, Ağsudan, Mingəçevirdən, Gəncədən, Azərbaycanın demək olar hər bir bölgəsindən ümumilikdə 100-ə yaxın uşaq gəlmişdi. İlk mərhələdə onların arasından 30 nəfər seçdik. Əsasən təvəllüdü 2005-dən 2008-ə qədər olanlar idi. Kiçik yaşlı uşaqlara xüsusi diqqət ayrılmalıdır. Təcrübə üçün Tovuz rayonundan 2009-2013 təvəllüdlü uşaqlar arasında seleksiya apardıq və bir gün akademiyada saxladıq. İnandırım sizi, elə uşaqlar oldu ki, gecə vaxtı durub ağlayıb valideynini istəyirdi. Ondan sonra anladıq ki, kiçik yaşlı uşaqların akademiyada saxlanılması bir qədər təhlükəlidir. Tovuz uşaqları olduğu və yaxında yaşadıqları üçün onları valideynlərinə təhvil verə bildik. İndi siz təsəvvür edin, Zaqataladan gələn uşaq gecə vaxtı durub ağlasa, valideynini istəsə, onun qarşısında dayanmaq mümkün olmayacaq. Ona görə də nisbətən böyük yaşlılar arasında seleksiya apardıq və 30-a yaxın uşaq seçdik. Bütün məşqçilər bəyəndi, inşallah, ən azı 4-5 futbolçu var. Başqa perspektivli uşaqlar da var ki, onlara şans verib akademiyada saxlaya bilərik. Ümumilikdə akademiyada məşqçilərlə birlikdə 66 nəfərə qədər uşaq saxlamaq üçün şərait mövcuddur. Buna əsas komanda daxil deyil. Əsas komanda üçün ayrıca 30 nəfərlik yer ayrılıb. 

- Kənardan gələnlərin təhsil məsələsini necə tənzimləməyi fikirləşirsiniz?

- Yaxınlıqda məktəb var. Çalışırıq ki, məsələn, 2005-ci il təvəllüdlü futbolçuların hamısı eyni sinifdə olsun. Bununla bağlı məktəblə də danışmışıq. Sovet dönəmində bu cür xüsusi məktəblər vardı. Belədə məktəb proqramına da heç bir zərər dəymir. Yəni, məsələn ümumi sinif yarışa gedəndə, onlara keçilməli olan dərslər başqa günə təxirə salınır ki, geri qalmasınlar. Bu həm də onlar arasında əlaqələrin inkişafına da müsbət təsir göstərəcək. 

- Hazırda nədən başlamağı və hansı dəyişikliklər etməyi düşünürsünüz?

- Böyük yaş qruplarından ibarət komandaların məşqlərə başlamasına çalışırıq. Hazırlıq dönəmidir. Təbii ki, öncə bu müddətdə komandaların ümumi funksional inkişaflarına nail olmaq, daha sonra diqqətləri digər məsələlərə yönəltmək lazımdır. 15-16 elə yaş dövrüdür ki, fiziki hazırlıq keçməlidirlər. Nəzərə alsaq ki, əsas komanda üçün futbolçu hazırlayırıq və fizki duruma daha çox önəm verilir, bununla bağlı işlərimizi görməliyik. Daha sonra aşağı yaş qruplarını yığıb, taktiki-texniki bacarıqlar üzərində hazırlıq keçəcəyik. Təməli öyrənməlidilər ki, gələcəkdə digər komandalara çıxanda problemlər yaşamayaq. 

Səbuhi Həsənov

X
XƏBƏRLƏR
BLOGLAR