Xəbər lenti

Elektron siqaretlərlə bağlı yeni cərimələr tətbiq olunacaq
Ekonomiks 14:20 20.02.2026

Elektron siqaretlərlə bağlı yeni cərimələr tətbiq olunacaq

Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimə müəyyənləşir.

Qaynarinfo xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.

Qeyd edək ki, "Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.

Bu Qanun 2026-cı il aprelin 1-dən qüvvəyə minir. 

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
--> -->