Xəbər lenti

Populyar qulaqcıq modellərində xərçəng riski daşıyan maddələr tapıldı
Sağlamlıq 15:10 20.02.2026

Populyar qulaqcıq modellərində xərçəng riski daşıyan maddələr tapıldı

Gün ərzində qulaqdan demək olar ki, çıxarılmayan populyar qulaqcıq modelləri üzərində aparılan genişmiqyaslı araşdırma nəticəsində tanınmış markaların məhsullarında yüksək miqdarda zəhərli kimyəvi maddələr aşkar edilib. Mütəxəssislər xüsusilə idman zamanı artan bədən temperaturunun bu təhlükəli maddələrin orqanizmə keçidini sürətləndirdiyini bildirirlər.

Qayanrinfo xəbər verir ki, həm iş, həm də əyləncə üçün əvəzolunmaz hala gələn qulaqcıqlarla bağlı narahatedici məlumatlar açıqlanıb. Yeni araşdırma göstərir ki, musiqi dinləyərkən və ya telefonla danışarkən dərimizlə təmasda olan bu cihazlar gözləniləndən daha çox kimyəvi maddə ehtiva edir.

"ToxFree LIFE for All” layihəsi çərçivəsində aparılan yoxlamalar texnologiya dünyasının aparıcı şirkətlərinə məxsus məhsullarda belə sağlamlıq üçün risk yaradan maddələrin olduğunu üzə çıxarıb. Araşdırılan 81 fərqli modelin demək olar ki, hamısında xərçəng riskini artıran, qaraciyər funksiyalarını poza bilən və ya beyin inkişafına mənfi təsir göstərən komponentlərə rast gəlinib. Üstəlik, problem yalnız ucuz və ya markasız məhsullarla məhdudlaşmayıb – sektorun öncül markaları da siyahıda yer alıb.

Alimlər xəbərdarlıq edirlər ki, istehsal prosesində istifadə olunan plastiklərdən sızan təhlükəli birləşmələr dəri vasitəsilə birbaşa orqanizmə daxil ola bilir. Araşdırmanın əsas diqqət mərkəzində "hormon pozucu” kimi tanınan Bisfenol A (BPA) və oxşar quruluşa malik Bisfenol S (BPS) maddələri dayanır. Orqanizmə daxil olduqda estrogen hormonunu təqlid edən bu kimyəvi maddələr uşaqlarda inkişaf pozuntularına və hormonal disbalansa səbəb ola bilər.

Test edilən cihazların 98 faizində BPA aşkarlanıb, modellərin dörddə üçündən çoxunda isə BPS müəyyən edilib. Bəzi nümunələrdə bu maddələrin miqdarı mütəxəssislərin müəyyən etdiyi təhlükəsiz həddi 30 dəfə aşaraq hər kiloqram üçün 315 milliqram səviyyəsinə çatıb.

Qulaqcıqların uzun müddət dəri ilə təmasda qalması kimyəvi maddələrin keçid riskini artırır. Xüsusilə idman zamanı istifadə olunan qulaq daxili modellərdə bədən temperaturunun yüksəlməsi və tərləmə plastik komponentlərin daha sürətlə parçalanmasına səbəb olur.

Kimya üzrə mütəxəssis Karolina Brabtsova bildirib ki, bu maddələr plastikdə sabit qalmır və birbaşa orqanizmə miqrasiya edir. Bir cihazdan alınan doza ilk baxışda az görünsə də, gündəlik həyatda məruz qalınan digər kimyəvi maddələrlə birlikdə bu təsir uzunmüddətli perspektivdə ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Araşdırmada yalnız hormon pozucular deyil, həmçinin reproduktiv sağlamlığa mənfi təsir göstərən ftalatlar və böyrək zədələnməsinə səbəb ola bilən xlorlu parafinlər də aşkarlanıb. Xüsusilə gənclər arasında populyar olan rəngli və münasib qiymətli modellərdə bu maddələrin səviyyəsinin daha yüksək olması mütəxəssisləri narahat edir.

Hazırda kəskin sağlamlıq böhranı proqnozlaşdırılmasa da, Avropa İttifaqı səviyyəsində bu tip maddələrin tam qadağan olunması ilə bağlı çağırışlar edilir. İstifadəçilərə isə xüsusilə tərləmə zamanı plastik təması azaltmaq, sertifikatlaşdırılmış və təhlükəsiz materiallardan istehsal olunan məhsullara üstünlük vermək tövsiyə olunur.

Aydın

--> -->