"Süni intellekt ekosisteminin inkişafı üçün dövlət-özəl sektor əməkdaşlığı əsas prioritetlərdən biridir. Burada məqsəd innovasiyalar üçün əlverişli biznes mühiti yaratmaq və yerli təşəbbüsləri stimullaşdırmaqdır".
Qaynarinfo-nun verdiyi xəbərə görə, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov APA-ya müsahibəsində bildirib.
Nazir müavini Saməddin Əsədov daha sonra bildirib:
"Bu istiqamətdə yerli və xarici investisiyaların cəlb edilməsi, sahibkarlıq subyektlərinə maliyyə və institusional dəstəyin gücləndirilməsi, eləcə də süni intellekt sahəsində pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq, süni intellekt sahəsində fəaliyyət göstərən azı 50 sahibkarlıq subyektinə güzəştli kreditlərin verilməsi planlaşdırılır. Eyni zamanda texnologiya parklarına və sənaye zonalarına bu sahədə çalışan yeni rezidentlərin cəlb edilməsi də əsas hədəflərdəndir.
Bütün bu addımların məqsədi yerli həllərin yaranmasını sürətləndirmək, startapların inkişafını dəstəkləmək və süni intellekt sahəsində rəqabətqabiliyyətli innovasiya mühiti formalaşdırmaqdır."
Şərhlər