Bakı Ağır Cinayətlər Məhkəməsin qərarı ilə, 6 il müddətinə azadlıqdan məhrum edilən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev əfv olunması üçün prezident İlham Əliyevə müraciət edib.
Qaynarinfo xəbər verir ki, unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Nail Allahverdiyevin əfv məktubu Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına təqdim edilib.
Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev unikal.org-a Komissiyaya yüzlərlə müraciətin olduğunu və məhkumların kimlikləri barədə məlumatı açıqlamağın etik qaydalara uyğun olmadığını dilə gətirib:
"Bu fərdi məlumat sayılır. Bu barədə məlumatı yalnız müraciət edən məhkumun özü və yaxud yaxınları deyə bilər. Hər bir məhkum bu müraciəti edə bilər. Amma qanunvericiliyin müəyyənləşdirdiyi qaydada, müraciət araşdırılır və bir neçə meyara uyğun əfvə düşüb-düşməyəcəyi müəyyənləşdirilir.
Sonda məhkumun, zərərçəkmişin, cəmiyətin və eyni zamanda dövlətin maraqları nəzərə alınaraq qərar verilir. Yenə də ən sonda, əfvlə bağlı qərarı qəbuletmə hüququ cənab prezidentə məxsusdur. Bu baxımdan əvvəlcədən kiminsə əfv olunub-olunmayacağını deyə bilmərik”.
Əliməmməd Nuriyev həmçinin hansı məhkumlar əfv siyahısına düşə bilər? sualına da belə cavab verib:
"Əfvlə bağlı hər bir məhkum müraciət edə bilər və burada heç bir məhdudiyyət yoxdur. Əfv Məsələləri Komissiyasının üzvləri qanunvericiliyə uyğun olaraq əfvə düşəcək məhkumların siyahısını hazırlayır. Qanunvericiliyə görə, əfvə düşəcək məhkumlar törətdikləri ayrı-ayrı cinayətlərə görə aşağıdakı qaydalara uyğun müəyyənləşdirilir. Böyük ictimai təsiri olmayan cinayətlərə görə, məhkəmə qanunu qüvvəyə mindikdən sonra, məhkum olunan şəxs dərhal müraciət edə bilər. Bəzi cinayətlərə görə, məhkum cəzasının 3/1 hissəsini çəkdikdən sonra, əfvə müraciət edə bilər və bunun siyahıya düşmək şansı var. Ağır cinayətlərə görə, məhkum olunanlar cəzasının yarı hissəsini çəkdikdən sonra əfv komissiyasına müraciət edə bilər. Ömürlük azadlıqdan məhrum edilən şəxslər cəzasının yalnız 10 il müddəti keçdikdən sonra əfvə düşə bilər”.
Xatırladaq ki, avqustun 3-də, saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Nail Allahverdiyevin idarə etdiyi "Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ilə bağlı 18.12.2017-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsin qərarı ilə, N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Əliməmməd Nuriyevin dediklərinə istinad etsək, N.Allahverdiyevin törətdiyi cəza ağır cinayət məhsuliyyəti daşıdığı üçün, sözügedən şəxs ən azı 2 il də məhkumluq həyatı yaşayacaq.
Şərhlər