Ölkə 14:06 22.06.2021

Əli Kərimlinin mühafizəçisi həbsdən azad edildi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olan idmançı, qarışıq döyüş növləri (MMA) üzrə Avropa çempionu Səid Məmmədzadə iyunun 22-də məhkəmə zalından azadlığa buraxılıb.

Qaynarinfo xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. İdmançıya Xətai rayon Məhkəməsinin verdiyi 3 il 6 aylıq həbs cəzası 2 il sınaq müddəti olmaqla şərti hesab olunub.

Amma məhkəmədə apellyasiya şikayətinə baxılarkən istər AXCP üzvü olan idmançı özü, istərsə də onun vəkilləri bəraət istəyib.

Vəkil Elçin Sadıqov deyib ki, S.Məmmədzadəyə verilən xuliqanlıq ittihamı tam əsassızdır.

Səid Bakuvi kimi tanınan idmançı CM-in 221.3 (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddəsi ilə təqsirləndirilir. İddia olunur ki, avtoyuma məntəqəsində Rüfət Məcidov adlı şəxslə mübahisə edib, ona bıçaqla xəsarət yetirib.

AXCP fəalı ittihamın saxta olduğunu, ona böhtan atıldığını deyir.

S.Məmmədzadə 2020-ci ilin mayında həbs edilib, iyulda isə ev dustaqlığına buraxılmışdı. O, bu il aprelin 28-də Xətai rayon Məhkəməsində hökm elan ediləndə məhkəmə zalında həbs olunmuşdu.

İdmançı həm də AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olub.