Siyasət 16:45 18.02.2019

Əli Xamənei Şərqi Azərbaycanda

İranın ali rəhbəri ayətullah Əli Xamənei Şərqi Azərbaycanın mərkəzi Təbrizə səfər edib.

Qaynarinfo İran mətbuatına istinadən xəbər verir ki, Əli Xaməneinin Təbriz və Şərqi Azərbaycanın digər şəhərlərinə səfəri 1978-ci il fevralın 18-də Təbriz hadisələrinin 41-ci ildönümü ilə bağlı olub.

Qeyd edək ki, 1978-ci ildəki hadisələr "29 bəhmən” üsyanı adlanır. Həmin ilin yanvarında Qum şəhərində aksiyaların dağıdılması zamanı polis etirazçılara qarşı silahdan istifadə edib və çox sayda insan həlak olub. Bundan 40 gün sonra - 1978-ci il fevralın 18-də Təbriz əhalisi üsyana başlayıb. Şəhərin mərkəzinə doğru hərəkət edən minlərlə təbrizli nümayişi dağıtmağa çalışan polisi qaçmağa məcbur edib. 

Bundan sonra hökumət ordu qüvvələrini Təbrizə göndərib. Bu isə əhalinin qəzəbinə səbəb olub və aksiyaların genişlənməsi ilə nəticələib. Fevralın 19-da şah ölkənin digər bölgələrindən Təbrizə əlavə qoşunlar göndərib, üsyan amansızlıqla yatırılıb.

Həmin vaxt 2 mindən çox insan öldürülüb və yaralanıb. Bu aksiyalar İran İslam İnqilabının əsl başlanğıc nöqtəsi hesab edilir.