Xəbər lenti

Əlilliyin dərəcələri yeni meyarlara görə necə müəyyənləşəcək? – Deputat
Ölkə 14:23 06.05.2021

Əlilliyin dərəcələri yeni meyarlara görə necə müəyyənləşəcək? – Deputat

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillik təyinatı ilə bağlı inkişaf etmiş ölkələrdə, eləcə də Avropa Birliyində tətbiq edilən praktikadan istifadə etmək niyyətindədir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov əlillik qruplarının ləvg olunması ilə bağlı proqramdan danışarkən deyib. Onun sözlərinə görə, əlillik dərəcələri əmək qabiliyyətinin itirilməsi faizinə uyğun olaraq  müəyyənləşəcək:

"Ötən həftə Milli Məclisə təqdim edilən dinləmələrdə də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu istiqamətdə işlərin aparıldığını bildirdi. Söhbət əlilliyin müəyyən olunmasında yeni meyarların tətbiq olunmasından gedir. Bu zaman artıq əlilliyin təyinatı dar çərçivədə deyil, daha geniş spektrdə faiz diapazonları çərçivəsində dəyərləndiriləcək. İlkin məlumatlara görə, bu zaman əmək qabiliyyətinin itirilməsi faizinə uyğun olaraq əlillik dərəcələri müəyyənləşəcək. Məsələn, əgər vətəndaş əmək qabiliyyətinin 81-100 faizini itiribsə,  o zaman bu 1-ci qrupa uyğun gələcək, 61-80 faizini itiribsə, o zaman 2-ci qrupa, 31-60 faizini itirdikdə isə üçüncü qrupa uyğun gələcək. Burada  məqsəd ondan ibarətdir ki, Avropa Birliyində olduğu kimi əlillik dərəcələri əmək qabiliyyətinin itirilməsi faizinə uyğun olaraq müəyyənləşəcək. Və nəticə etibari ilə xüsusən də əmək qabiliyyətini daha çox itirmiş vətəndaşlarımız daha yüksək qrup və daha çox sosial dəstəyi olan qrupa daxil ediləcək. Bu da həmin vətəndaşlarımızın dövlət tərəfindən daha yaxından dəstəklənməsinə imkan verəcək”.
 


Deputat hələlik sözügedən layihə üzərində işlərin getdiyini vurğulayıb:

"Layihənin bu qaydalarının nə zaman tətbiq ediləcəyi ilə bağlı dinləmələrdə bildirilmədi. Amma güman olunur ki, nazirlik tərəfindən hazırlanan strategiya hazır olduqdan sonra Milli Məclisə göndəriləcək. Burada əsas məqsəd ondan ibarətdir ki, əlilliyin təyinatında artıq yeni və xüsusən də inkişaf etmiş ölkələrin tətbiq etdiyi meyarlardan istifadə mümkün olsun”.

Qeyd edək ki, Milli Məclisə əlilliyin yeni meyarlarına dair sənədlər təqdim edilib. Yeni meyarlarla əlilliyə görə qruplar ləğv ediləcək.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->