Əliyev Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan dəqiq vaxt istəyir: "Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq”.
Prezidentin vaxt istəyi 11 yanvar 2021-ci il Moskva bəyanatına əsaslanır.
Moskva bəyanatının 4-cü bəndinə əsasən, üçtərəfli İşçi Qrupu Zəngəzur dəhlizi də daxil olmaqla bütün kommunikasiyanın açılması qrafikini 1 mart tarixinə qədər hazırlamalı və liderlər tərəfindən təsdiq olunmalı idi. Ermənistanın uzatdığı proses 26 noyabrda Soçi görüşündə şifahi qaydada razılaşdırıldı: İşçi Qrupu Moskva görüşündə texniki məsələlərə yekun vurmalı və imzalar atılmalı idi, lakin İrəvan yenə oyunu pozmağa çalışır.
Ermənistan rəsmilərinin İşçi Qrupunun razılıq əldə edə bilməməsi ilə bağlı açıqlamalarından iki nəticə çıxır:
1. Qrafiklə bağlı 10 noyabr və 11 yanvar bəyanatlarına istinadən ayrı sənədin imzalanması gündəmdədir;
2. Bakı bu sənədə "dəhliz” ifadəsini daxil etməyi tələb edir.
İrəvanın sənədə imza atmaqdan imtina etməsinin də səbəbi budur. Hərçənd, Soçi görüşündə Putin, Əliyev və Paşinyan bu məsələdə razılaşmışdı. Putinin və Əliyevin açıqlamaları da bu yöndə idi.
Paşinyanın Soçidə niyə şifahi razılaşdı, sonra niyə imtina etməyə çalışır, sualının bir neçə cavabı var:
Birincisi, qrafik, yəni Əliyevin də dediyi kimi, Zəngəzur dəhlizinin açılmasının vaxtı ilə bağlı texniki məsələlərin həlli zərurəti ola bilər: daha doğrusu, Nikol bunu əsas gətirərək, Soçi razılaşmasına qrafikin daxil edilməsinə qarşı çıxıb və məsələ İşçi Qrupunun iclasına saxlanılıb;
İkincisi, Paşinyan dəhlizin daxil ediləcəyi sənədə özü imza atmaq istəmir və məsələni İşçi Qrupuna saxlamaqla müavini Qriqoryanın imzalamasını istəyir: bununla həm tarixi məsuliyyəti bölüşdürmək, həm də daxildə fors-major situasiya yaranacağı təqdirdə, müavinini cəzalandırmaqla vəziyyətdən çıxa bilmək variantını özündə saxlayır;
Üçüncüsü, 15 dekabr Brüssel görüşündən müəyyən dəstək qazanmaq və Avropa masasında Bakıya qarşı üstünlük qazanmaq ehtimalını nəzərə alır.
Və Əliyev xəbərdarlığı deməyə əsas verir ki:
- Bakı qrafikin təsdiqlənməsində və həmin sənədə "dəhliz” ifadəsinin daxil edilməsində israrlıdır;
- Əks təqdirdə, Ermənistan buna məcbur qalacaq.
Prezident bu sözləri Ermənistan rəhbərliyi ilə yanaşı, Ermənistan xalqına da ünvanlayıb və bu, erməni əhalisinə baş verə biləcək hadisələrdə günahkarın daxildə axtarılması mesajıdır.
Və ən mühüm məqamlardan biri Əliyevin bunu Brüssel görüşündən öncə bəyan etməsidir: Bakı Avropa masasında şərtlərini dəyişdirməyəcək.
Brüssel görüşündən sonra Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi də məlum olacaq və böyük ehtimalla güc senarisi aktuallaşa bilər.
Asif Nərimanlı
Şərhlər