"Ukrayna və Azərbaycan kimi dövlətlər artıq nə İkinci Dünya müharibəsindən sonra, nə də soyuq müharibə dövründə olan səssiz izləyicilər deyillər. Onlar da öz gündəliyi olan müstəqil dövlətlərdir və bununla hesablaşmaq lazımdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Qərb-Rusiya münasibətləri kontekstində Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna səfəri və imzalanan sənədləri dəyərləndirərkən deyib:
"Azərbaycan Prezidentinin Ukraynaya səfərini geosiyasi kontekstdə müzakirə ediriksə, bu o anlama gəlir ki, həmin subyektlər böyük qüvvələr arasında olan bütün ziddiyyətli münasibətlərə rəğmən, müstəqil şəkildə öz gündəliklərini təqdim edir və bu yolla da irəli getmək niyyətindədirlər. Ona görə də imzalanan sənədlərdə ağırlıq baxımından daha çox iqtisadi layihələrə yer verilib. Yaxın gələcəkdə, COVİD-19-dan sonra, ərzaq təhlükəsizliyilə bağlı təhdidlər olacaqsa, Azərbaycan bu problemi Ukrayna ilə birlikdə həll emək niyyətindədir. Ukraynanın məsələn enerji sahəsində problemləri yaranarsa, Azərbaycan da bunu öz üzərinə götürməklə əməkdaşlıq edir. Hesab edirəm ki, Azərbaycan Prezidentinin Ukraynaya səfərinin geosiyasi anlamda əsas mesajı məhz bundan ibarətdir”.
Ekspert bildirir ki Qərblə Rusiyanın Ukrayna mövzusunda olan ziddiyyətləri artıq pik nöqtəyə çatıb:
"Bu fonda həmin bölgədə münaqişənin hərbi müstəviyə köçməsi ehtimalı da istisna edilmir. Rusiyanın özünün təhlükəsizlik zəmanəti adı altında bir sıra ölkələrin NATO-ya qəbulunun qarşısını almağa çalışır. Hansı ki, burada da Ukrayna ilə Gürcüstan ilk sıralarda yer alır. Belə bir şəraitdə Qərb də öz üzərinə öhdəlik götürə bilmir. Çünki NATO-ya üzv olub-olmamaq dövlətlərin öz müstəqil qərarıdır”.
Həmsöhbətimiz qeyd edir ki, Rusiya son hərəkətləriylə öz növbəsində postsovet məkanında ictimai rəyi uduzduğunu etiraf edir:
"Moskvanın sözügedən təkliflə müraciət etməsi onu göstərir ki, adı çəkilən ölkələrdə Rusiyaya meyilli qüvvələrin çox zəif olduğunu, yaxud ümumiyyətlə, olmadığını özü də etiraf edir. Məhz bu məqamlar 1945 və 1975-ci illərlə müqayisədə indiki vəziyyəti fərqləndirir. Artıq müstəqil subyektlər formalaşıb ki, onların da mövqeyilə hesablaşmaq lazımdır. Hesablaşmaq lazımdırsa, deməli, bu dövlətlərlə kompromislərə gedilməlidir”.
Rüfət Sultan
Şərhlər