Sabah Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Hansı ki, bir sıra analitiklər həmin görüşdən müəyyən nəticələr gözləyir.
Görüş ərəfəsində Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti və Ermənistan baş naziri ilə telefon danışığı da olub. Bu da onu göstərir ki, Kreml proses ətrafında Qərbin hər hansı bir aktivlik nümayiş etdirməsindən elə də məmnun deyil. Rusiya danışıqlar prosesində özündən başqa hansısa digər qüvvənin vasitəçi rolunda olmasını istəmir. Bu səbəbdən də Moskvanın Brüssel görüşünə müəyyən dərəcədə qısqanclıqla yanaşır. Amma bununla belə, Rusiya da ümmumilikdə mövcud vəziyyətlə barışmaq məcburiyyətindədir.
Türkiyəyə gəldikdə, aydın məsələdir ki, qardaş ölkə Azərbaycanın danışıqlar müstəvisində iştirak etdiyi bütün görüş və təmasları tam və birmənalı şəkildə dəstəkləyir. Bu mənada Ankara sözsüz ki, Brüssel görüşünə müsbət yanaşır.
Bu görüşə Qərbdə də ciddi maraq var. Bölgəmizdə sülhün olması Qərb investisiyasının cəlb edilməsi baxımından Avropanın da marağındadır. Həmçinin, Avropa ara-sıra belə görüşlər təşkil etməklə özünün kənarda qalmadığını, prosesə təsir etmək gücündə olduğunu da nümayiş etdirmək istəyir.
Görəsən Brüssel görüşündə nə kimi qərarların qəbulu gözlənilir?
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan siyasi şərhçi Fərhad Məmmədovun fikrincə, görüşdə proses ətrafında hansısa bir qərarın qəbul ediləcəyi gözləniləndir:
"Bu, ilk görüş deyil. İl yarımdır müzakirələr gedir. Gündəlik bəllidir. Hətta infrastruktur layihələrinin smeta layihələri də hazırdır. Azərbaycan tərəfdən bu prosesə start verilib. Yəni bir çox məsələlər ətrafında artıq müzakirələri bitirib qərar qəbul etmək vaxtıdır.
Brüssel görüşündən öncə, Rusiyada Prezident İlham Əliyevlə baş nazir Paşinyanın şəxsi nümayəndələrinin hazırlıq görüşü də olub. Buna qədər belə hal baş verməmişdi. Vasitəçilər var idi və onlar gəlib əsasən də görüşün parametrlərini, gündəliyi müzakirə edirdilər”.
Şəxsi nümayəndələrin görüşünə əsasən həmsöhbətimiz düşünür ki, Brüsseldə hansısa birgə bəyanat və yaxud sənədin qəbulu reallaşa bilər:
"Yaxud da tərəflərdən hər biri öz ölkəsində hansı qərarların qəbulu ilə bağlı yol xəritəsini qəbul edə bilərlər. Yol xəritəsində isə gündəlikdə mövcud olan 4 məsələ - sülh müqaviləsi, sərhəd məsələsi, kommunikasiyaların açılması, Qarabağdakı qanunsuz erməni hərbi tör-töküntülərinin çıxarılması yer ala bilər. İrəvanla ancaq bunu müzakirə edə bilərik və faktiki olaraq da edirik. Bu 4 məsələdən hansının birinci, hansının sonra olacağı isə qərarlardan asılı olacaq”.
Rüfət Sultan
Şərhlər