Xəbər lenti

Elman Rüstəmov yüksək kredit faizlərindən danışdı
Ekonomiks 11:48 12.02.2019

Elman Rüstəmov yüksək kredit faizlərindən danışdı

Azərbaycanda kredit faizləri niyə bu qədər yüksəkdir və Mərkəzi Bankın uçot dərəcəsini azaltması belə bu bazara təsir etmir? Ötən il yarımda Azərbaycanda uçot dərəcəsi 15 faizdən 9,25 faizədək düşüb, ancaq kreditlərin qiyməti yenə də "at belindədir”.   

Mərkəzi Bank sədri Elman Rüstəmov oxu.az-a açıqlamasında bunun səbəblərinin dərin və müxtəlif olduğunu, eyni zamanda, yalnız Mərkəzi Bankda, pul bazarında deyil, digər sahələrdə də ciddi islahatlar tələb edildiyini vurğulayıb.

"Mərkəzin Bankın ölkə banklarında kredit portfelinin həcmi təxminən 400 milyon manatdır. Bu həcm bank aktivlərində çox kiçik bir rəqəmdir. Heç bir Mərkəzi Bank bu resurslarla bazarlara təsir göstərmir. Məkəzi Bankın təsir gücü müəyyən etdiyi uçot dərəcəsinin bankların bir-birinə verdiyi pulun dəyərinə, onun qiymətinə təsiridir. Bunu yaratmaq üçün çox ciddi şərtlərin olması lazımdır.

Bu, təkcə Mərkəzi Bankda, pul bazarında yox, digər sahələrdə də ciddi islahatlar tələb edir. Hesab edirəm ki, yaxın bir neçə il ərzində biz bu təsir gücünü yarada biləcəyik. Bu isə ona gətirib çıxaracaq ki, biz bütün dünyada qəbul edilən inflyasiyanın alternativ təsir lövbərini yaradacağıq. Bu lövbər imkan verəcək ki, inflyasiyaya manatın təsirini yumşaldaq. Bu istiqamətdə çox ciddi işlər görürük”.  

Azərbaycanda uçot dərəcəsinin kredit və depozit bazarına hazırkı təsirinə gəlincə, ölkənin baş bankiri bildirib ki, depozit dərəcələrinə müəyyən qədər təsir göstərir və burada qismən dinamika var, amma kredit faizlərinə təsir mexanizmi çox zəifdir.

"Səbəblərdən biri də Azərbaycanda mütəşəkkül banklararası bazarın olmamasıdır. Bu isə bütövlükdə qısamüddətli pulun dəyərini müəyyənləşdirməyə imkan vermir ki, onun vasitəsilə kredit faizlərinə təsir göstərə bilək. Bu istiqamətdə ciddi islahat proqramı hazırlanır. Bu isə nəticə olaraq Mərkəzi Bankın uçot dərəcəsinin təsir imkanlarının güclənməsinə gətirib çıxaracaq”.

E.Rüstəmov bildirib ki, hazırda banklarda yüksək likvidlik problemi var və bankların əksəriyyəti Mərkəzi Bankdan kredit almır, əksinə, aldığı krediti geri qaytarır.

Qeyd edək ki, hazırda bankların aktivlərində kredit portfelinin payı 30-40 faizi keçmir. Burada istehlak kreditlərinin həcminin yüksək olduğunu nəzərə alsaq, biznes kreditlərinin faizinin çox cüzi olduğunu görərik. Banklar kredit verməkdə maraqlı deyillər, çünki xüsusən biznes kreditləri üzrə ölkədə risklər yüksəkdir. Bunu bankların Mərkəzi Bankın qiymətli kağızlarını almaq və faiz qazancı əldə etmək cəhdlərinin yüksək olması da təsdiqləyir.

Elman Rüstəmovun sözlərinə görə, bankların manatla not almaq təklifi onların tələbini dəfələrlə üstələyir. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->