Cari mövsümə uğurlu başlayan "Qəbələ”nin ilk dörd turdan üçündə qələbə qazanacağını bəlkə də əksəriyyət gözləmirdi. Qarşısında böyük hədəflər olmasa da, hazırda Elmar Baxşıyevin komandası 10 xalla "Qarabağ”la birgə turnir cədvəlinin şərikli lideridir. Maraqlıdır, bu uğurlar "Qəbələ”nin hədəflərində hansısa dəyişikliyə yol aça bilərmi? Komanda əvvəlki əzəmətini qaytararaq çempionluq mübarizəsinə qoşulmağa nə dərəcədə yaxınlaşıb? Növbəti turda "Sumqayıt”la matça hazırlıq və hədəflərlə, o cümlədən ardıcıl qələbələrin sirri ilə bağlı sualları məhz Elmar bəyə ünvanladıq.
Baş məşqçinin Qaynarinfo-ya müahibəsini təqdim edirik:
-
"Sumqayıt”la oyuna hazırlıq necə gedir?
- "Sumqayıt”la
oyunda Yaovi Akakpo ilə Rüfət iştirak etməyəcək. Komandanın qalan heyəti ilə
birlikdə oyuna hazırlaşırıq. Çempionatın liderlərindən olan "Sumqayıt”a qarşı
bizi çətin oyun gözlədiyini bilirik. Futbolçuları ağır oyuna kökləyirik.
-
Mövsümə belə başlanğıc sizin üçün nə dərəcədə gözlənilən idi?
-
Gözlənilən olmasa da, buna ümid bəsləyirdik. Çünki oyun sistemimizə uyğun
futbolçular seçmişik. Oyun baxımından inkişaf gözləyirdim. Desəm ki, gözləmirdim,
yalan olar. Sevindirici məqam odur ki, komanda oyundan-oyuna performansını
artırır. Hiss edirik ki, günlər keçdikcə futbolçular məşq prosesində və oyunlarda
komponentləri daha yaxşı icra edə bilirlər.
- Çoxları
"Qəbələ”nin belə çıxışını sürpriz sayır, siz necə düşünürsünüz?
- Nəticəyə
deyil, komandanın yanaşmasına daha çox önəm verirəm. Futbolçuların yanaşması
bizi daha çox sevindirir. Həm məşq prosesinə, həm də oyunlara komanda yaxşı konsentrasiya
olur.
- Uğurun
sirri nədədir?
-
Uğurun sirrini komandanın birliyində görürəm. "Komanda” deyəndə, rəhbərliyi,
sistemdə olan bütün işçiləri də nəzərdə tuturam. Hamı bir məqsəd uğrunda
çalışır.
- Bu
mövsüm qarşıya hansı hədəflər qoyulub?
-
Sırf mənim fikrimi öyrənmək istəyirsinizsə, daha çox inkişafı düşünürəm. Oyundan-oyuna
inkişaf olmalıdır. Gənc futbolçularımızın bu mərhələni keçib komandamıza fayda
verməsini düşünürəm.
- Bu
qələbələr hədəflərlə bağlı fikirlərinizdə hansısa dəyişikliklərə yol açıb?
- Müsbət nəticə
bir gün ola, bir gün olmaya bilər. Daim inkişaf etsək, inandırım sizi, nəticələr
də qaydasına düşəcək.
- Baş
məşqçi postuna yeni gələndə əksər azarkeşlər nəticələrdən narazılıq edirdi.
Zaman göstərdi ki, hər şey səbrlə olur. Bəs "Qəbələ”ni çempionluğa tam hazır
görmək üçün nə qədər vaxt lazımdır?
- Məşqçi
postuna gətiriləndə, mənim də çox təcrübəm yox idi. İnkişaf etməyimdə, püxtələşməyimdə, əlbəttə, "Qəbələ”nin rolu danılmazdır. Klub rəhbərliyi hər zaman mənə inanıb və
dəstəyini göstərib. Çempionluğa gəlincə, inandırım sizi, mən daxil, heç
futbolçular da bu haqda fikirləşmir. Sadəcə, mikrotsikl var. Qarşımızdakı rəqibi
düşünürük, oyunlara bu prizmadan yanaşırıq. Mövsümün sonunda nə olacaqsa, zaman
göstərəcək.
- Azarkeşlər
"Qəbələ”nin əvvəlki əzəmətini, çempionluq mübarizəsini yenidən görmək istəyir.
Bu hədəfə yaxınlaşmısınızmı?
-
Azarkeşlərin bunu istəmələri yaxşıdır. Amma hazırda əsas diqqəti oyun keyfiyyətlərinin
artırılmasına yönəltmişik. İnkişaf esək, daha məzmunlu oyun sərgiləyə bilərik.
- Qış
fasiləsinə hazırlıqla bağlı indidən nələrsə düşünmüsünüz, yoxsa bu tempdə davam
edəcəksiniz?
-
Sırf qış fasiləsini düşünüb dayanmamışıq. Əlbəttə, yeni variant, büdcəmizə
uyğun, boş mövqeləri doldura biləcək futbolçu tapsaq, məmnun olardım.
Futbolçular arasında nə qədər rəqabət olsa, komandaya daha çox faydası dəyər.
-
Hazırda yeni futbolçuya ehtiyac var?
-
Axtarışdayıq, amma hələ ki, sırf hansısa oyunçunu bəyənmişik söhbəti yoxdur.
Mövsümün ortası olsa da, axtarışlarımız davam edir. Çünki iki futbolçumuz zədələnib.
Marafon uzundur, zədələr, sarı vərəqələr qaçılmazdır. Ona görə də büdcəyə uyğun
yeni futbolçu ilə güclənməkdən sevinərəm. Fərq etməz, yerli, ya əcnəbi olsun.
Zədəlilərimizin ikisi də əsas heyət üzvü idi. Onların yoxluğunu indidən hiss
edirik. Mövsüm uzundur, getdikcə belə problemlərlə daha çox qarşılaşa bilərik.
Səbuhi Həsənov
Şərhlər