Yazar Elnur Asın yeni kitabı işıq üzü görüb. “Qələm, qadın, qədəh” adlanan bu kitabına onun Azərbaycan tarixinin ən maraqlı çağlarından olan 1900-cü illər haqda tarixi etüdlər silsiləsi ilə fərqli zamanlarda həyat və ədəbiyyat üzərinə şəxsi qeydləri əsasında yazdığı, maraqlı fikir və faktlara söykənən “3 "Q" (qələm, qadın, qədəh) düşüncələr silsiləsi toplanıb.
"Qələm, qadın, qədəh" iki fərqli bölümdən ibarətdir. Kitabın birinci bölümünü “1900-cü illər” adlı tarixi etüdlər silsiləsi təşkil edir. Adından da göründüyü ki, bu silsilə keçən yüzilliyin ilk onilliyi haqqındadır, hansı ki, həmin Azərbaycan tarixinin siyasi, ictimai və mədəni baxımdan kilid çağlarındandır. Düşünürəm ki, 1900-cü illər aydınlanma hərəkatımızın ən qaynar dövrünü təşkil etməklə, Xalq Cümhuriyyətinin qurulmasına gedən yolu da xeyli yaxınlaşdırdı. Bu mənada həmin illəri dərindən öyrənmək önəmlidir. Kitabdakı tarixi etüdlər belə bir ağır missiyaya iddia etmir, sadəcə, professional araşdırıcılar başda olmaqla, ümumilikdə hər kəsin diqqətini sözügedən onilliyin tarixi və mənəvi önəminə yönəltməyə çalışır”. Bunu yeni kitabı haqqında danışan Elnur As deyib.
Yazarın sözlərinə görə, kitabın ikinci bölümü - "3 "Q" (qələm, qadın, qədəh) düşüncələr silsiləsi uzun illər ərzində apardığı şəxsi qeydlər əsasında yazılmış kiçik esselərdən ibarətdir: “Bu esseciklər müxtəlif kitablar, hadisələr və şəxsiyyətlər barədə düşüncələr üzərinə qurulub, belə deyək, insan, həyat və ədəbiyyat haqqında müxtəlif zamanlarda və ovqatlarda yazılmış subyektiv mülahizələri əks etdirir. Bir sözlə, bu kitab bir az da faktla fikirin ortaq nöqtəsidir. Həm informasiya ötürür, həm də ona şəxsi yanaşmanı əks etdirir. Oxucuların bəyənib-bəyənməyəcəyini bilmirəm, yaxşıdır, pisdir, buna onlar qərar verəcəklər, mən ancaq kitabın ləyaqətsiz bir qələmdən çıxmadığına təminat verə bilərəm”.
E.As sonda oxuculara çağırış da edib: “Mənim əlimdən yazmaqdan başqa iş gəlmir. Qələmdən qeyri sığınacağım yoxdur. Illərdir ən ağır maddi və mənəvi şərtlər altında yazıram, nə yazdığımdan asılı olmayaraq, tək meyarım qələmimi hakim güc qarşısında sındırmamaqdır. Bunun Azərbaycanın hazırki reallığında bütün mənalarda hansı məşəqqətlər hesabına başa gəldiyini bilməyən yoxdur. Belə bir durumda oxucuların alacağı hər bir kitab onun müəllifi üçün maddi olaraq da, mənəvi olaraq da böyük dəstək rolunu oynayacaq. Ona görə də ümid edirəm, ”Qələm, qadın, qədəh” gərəkən ilgini görəcək”.
Qaynarinfo.az
Şərhlər