"İki ildir İzmirdə yaşayıram, ondan əvvəl İstanbulda yaşayırdım. İstanbul çox ağır şəhərdir. Heyvanlarla vaxt keçirə və rahat yaşaya biləcəyim bağ evi istəyirdim. Odur ki, İzmirdə gözəl bir ev axtarıb tapdım. Türklər millət olaraq bizə daha yaxındır. Gözəl ölkədir, təbiəti isə sadəcə heyrətamizdir".
Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnur Hüseynov Rusiyada fəaliyyət göstərən həmyerlilərimizin "Acsent Media" instaqram bloqunda canlı yayımda qonaq olarkən deyib. Müğənni qısa müddətdə türk dilini öyrəndiyini əlavə edib:
"Rus dili bölməsi üzrə təhsil almışam, azərbaycan dilində təmiz danışa bilmirəm, bəli, bu mənim minusumdur, amma günahkar deyiləm ki, Türkmənistanda boya-başa çatmışam. Azərbaycan dilini təmiz bilməsəm də, qısa müddətdə türk dilini öyrəndim. Türk dilində də yaxşı danışa bilmirəm, amma nədənsə türklər çox bəyənir, "Çok tatlı geliyor" deyirlər. Təəssüf ki, rus dilində danışanda tənqid olunuram, bizimkilər aqressiv reaksiya göstərir, satqınsan, öz ana dilini unutmusan deyirlər".
Müğənni bir müddət səhnə fəaliyyətinə fasilə verməsinin səbəblərini açıqlayıb:
"Artist birdən-birə səhnələri fəth edə, partlada və sonra itə bilər. Çünki hər şey vəziyyətdən asılı olaraq dəyişir. Bəli, səhnə fəaliyyətimdə böyük sıçrayış oldu, amma sonra şəxsi həyatımda problemlər baş verdi. "O Səs" müsabiqəsindən sonra şirkətlə müqavilə bağladım, onların icazəsi olmadan səhnəyə çıxa bilməzdim. Bu şirkət sadəcə işləmək istəmədi. Müsabiqənin məndən əvvəl və sonrakı iştirakçıları ilə də eyni vəziyyətdir, onlar fəaliyyətlərini davam etdirmir. Bu müsabiqə sadəcə şoudur, hər şey şou naminə edilir. Sonra isə səninlə heç kim işləmək istəmir. Şirkətin adını çəkmək istəmirəm, onlara gəlin işləyək, çıxış edək deyəndə, onsuz da pulumuzu qazanırıq cavabı verirdilər. Beləliklə, 3 ilimi bu şirkətdə itirdim, üstəlik çoxsaylı sponsor və menecerlər mənimlə əməkdaşlıq etmək istəyirdi. Sonra şirkətlə yollarımız ayrıldı. Ebru Gündeşin də şəxsi həyatında həyat yoldaşı ilə problemləri üzə çıxmışdı. Sonra dövlət çevrilişi və devalvasiya oldu, indi isə koronavirus pandemiyası baş alıb gedir. Odur ki, layihələr yarımçıq qaldı. Ümumiyyətlə, hər hansı keyfiyyətli layihə həyata keçirmək üçün yaxşı pulları olan yaxşı dayağın olmalıdır".
"O Səs Türkiyə"də Sertap Erenerin "Aşk" mahnısı ilə hər kəsin qəlbini fəth edən Elnur Hüseynov maraqlı məqamlara aydınlıq gətirib:
"Artıq bezmişəm, düzü, Sertap Erenerin özü də bu mahnını oxumağımdan məmnun deyil. Müsabiqədə müxtəlif "kover"lər ifa etmək istəyirdim, amma iştirakçılar çox olduğundan ideyalarımı həyata keçirmək üçün vaxt yox idi. Deyirdilər ki, Elnur qışqır, tamaşaçılar bunu tələb edir. Sonra yoruldum, axı hər kompozisiyada bütün səs potensialını göstərmək məcburiyyətində deyilsən. Bəli, bu özəllikdir, sevilir və işləyir, amma nə qədər qışqırmaq olar. Başqa emosiyaları da çatdırmaq istəyirsən və bunun üçün qışqırmaq lazım deyil".
Ulduz xəstəliyi olmadığı üçün özünü xoşbəxt sanan ulduz sözlərinə belə davam edib:
"Xoşbəxtəm ki, özünü yüksək qiymətləndirmə duyğusu yoxdur. Hər zaman minimumla yaşamağa çalışmışam. Harasa qonaq gedən insanlar mənimlə şəkil çəkmək və ya qulluq etmək istəyəndə utanıram. Deyirəm ki, özüm-özümə qulluq edərəm. Yəqin ki, genetikadan qaynaqlanır, ya da ilahidən verilən bir xüsusiyyətdir. İstənilən halda mənim üçün plusdur, çünki sadəcə öz burnumun ucunu yox, insanları görür və hiss edirəm. Çalışıram ki, faydalı olum, daha çox təbiətə və heyvanlara. Düzünü desəm, təbiətə insanlardan daha çox yazığım gəlir. Bizim şüurumuz var, ən yüksək canlılarıq, amma ən murdar məxluqlarıq ki, təbiəti məhv etmişik. Uşaqlıqda çox həssas idim, anamdan tez-tez soruşurdum ki, insanlar niyə belə qəddardır, ağlayır və gördüyüm mənzərəni dəyişmək istəyirdim. Qəribə, hiperaktiv bir uşaq idim, sinir tiklərim olurdu. Dostlarım yox idi, anam deyir ki, heyvanlarla dostluq edirdim. Təbiətin qeydinə qalan insanlar var, amma azdır. Hesab edirəm ki, artıq ayılmalı və nə etdiyimizin fərqində olmalıyıq. Azərbaycanda ev heyvanlarına qarşı edilən şiddəti görməkdən yorulmuşuq. Hələ də itləri güllələyirlər, bütün bunları görmək adamı incidir. Çox eqoist olmuşuq, ancaq özümüz və daha çox qazanmaq haqqında düşünürük. Antidepressantlarla yaşayıram, psixoloqum deyir ki, mütləq qəbul etməlisən. Çünki gördüklərimə laqeyd qala bilmirəm".
İfaçı evlənməməyinin səbəbini isə övlad sahibi olmaq istəməməsi ilə əlaqələndirib:
"Maddi baxımdan təmin etməyə hazır olsam, övladlığa uşaq götürməyi düşünürəm, çoxdankı arzumdur. Bunun üçün evlənmək lazım deyil, tək də edə bilərəm. Mənəvi baxımdan artıq buna hazıram. Dünyaya övlad gətirsə də, ailələrin heç də hamısı sevgi verə bilmir. Belə tanışlarım çoxdur, sən ana olmalı deyildin. Soruşursan ki, niyə dünyaya gətirdin? Deyir ki, belə lazım idi.
Məsələn, mən yaxşı ata ola bilərəm, amma bu dünyaya daha bir uşaq gətirmək istəmirəm. Ailəsi tərəfindən atılmış bir uşağa sahib çıxmaq istəyirəm".
Müğənni sonda 3-cü dəfə "Eurovision"da çıxış etmək mövzusuna toxunub:
"Əgər Azərbaycan öz kompozisiyası ilə çıxış etməyə hazır olsa, başqa ölkələrdən almasa, biz ölkəmizi təmsil etməyə hər zaman hazırıq. Çox dəyərli musiqiçilərimiz var, sadəcə özümüzə inanmalıyıq, Avropaya baxıb biz bunu bacarmarıq demək lazım deyil, hər şeyi bacararıq".
Şərhlər