Amal Abuşov
Keçən ilin elə bu günləri idi. Elə indiki kimi qış günəşi parıldayır, amma canımızı isitmirdi. AFFA-nın baş katibi Elxan Məmmədovun saytları bəzəyən müsahibələri diqqətimi çəkdi. 2016-cı ili uğurlu adlandırmışdı, Azərbaycan futbolunun iri addımlarla irəli getdiyini demişdi. Sözsüz ki, dedikləri ümumi sözlərdən, pafos yığınından ibarət, heç bir məntiqə və fakta əsaslanmayan cümlələr idi.
Fikirləşdim ki, AFFA-nın mətbuat xidmətinə müraciət etdim. Elxan Məmmədov belə bir müsahibə üçün bizə də zaman ayırsın, bizim də suallarımızı cavablandırsın. Eləmədim tənbəllik, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin o vaxtkı rəhbəri Mikayıl Nərimanoğluna müraciət ünvanladım, niyyətimi çatdırdım. Mikayıl bəyin də kefinin kök vaxtları idi. Özünü "Kəpəz”in prezidenti kimi aparırdı. Amma insafən müraciətimi gözardı etmədi. Söz verdi ki, yeni il tətilindən sonra əlaqə saxlayacaq. Mən də inandım və gözləməyə başladım.
Tətil bitdi, üstündən 10-15 gün də keçdi. Nərimanoğlundan bir xəbər çıxmadı. Məcbur oldum müraciətimi bir daha ona xatırlatdım. Bu dəfə Mikayıl bəyin cavabı qısa oldu: "Elxan Məmmədov fərdi müsahibələr vermir. Ancaq tədbirlərdən sonra yaxınlaşıb, suallarıı ünvanlaya bilərsən”. Razı olmadım. Əvvəla ona görə ki, Məmmədov məndən əvvəl də, məndən sonra da fərdi müsahibələr vermişdi. İkinci də mən Nostradamus deyiləm, harda bilə bilərəm ki, baş katib hansı tədbirə gələcək və orda sualları cavablandırmağa həvəsi-vaxtı olacaq?! Bu fikirlərimi Mikayıl bəyə, vəzifə bocru ondan AFFA-nın mətbuat nümayəndələri ilə münasibətlərində körpü rolu oynamağı tələb edən adama çatdırdım. Əvvəl dediyini təkrar etdi. Mən də başa düşdüm ki, mübahisə etməyin mənası yoxdu. Özlüyümdə dekabr ayını gözləməyi, il sonunda yenidən müraciətimi xatırlatmağı qərara aldım.
Taleyin qismətidi ki, Mikayıl Nərimanoğlunu "Kəpəz”dəki yeyintiləri ifşa edildiyinə görə AFFA-dan qovdular. Amma Elxan Məmmədov yerində idi. Mikayıl Nərimanoğlunun qovulması haqda suala təxminən belə cavab vermişdi: "Son vaxtlar Mikayıl Quluyevin işindən narazı idik. Onun yerinə Firuz Abdullanı təyin etmişik. Firuz bu vəzifəyə hazırdı, bizə yeni konsepsiyasını təqdim etməlidi”. Mən bu açıqlamanı oxuyub sevinmişdim. Çünki Firuz bəy mətbuatın dostu sayılır, hər zaman bizə səmimi və açıq olub. Düşünürdüm ki, onun yeni konsepsiyası AFFA-nın mətbuata olan münasibətini də dəyişəcək, baş katib Elxan Məmmədov bizim suallarımızı da cavablandırmağa özündə həvəs tapacaq.
Elə bu fikirlə dekabrın 8-də Firuz Abdullaya müraciət etdim. Niyyətimi bildirdim. Hətta dedim ki, baş katibi uzun müddət məşğul etmək niyyətim yoxdu, cəmi 4-5 özəl sualım üçün təxminən bir saat vaxtını alacam. İlk müraciətim cavabsız qaldı. İkinci dəfə isə Firuz bəy baş katiblə danışacağını və cavabını mənə çatdıracağını dedi. Yenə də gözləməyə başladım. Dünən gördüm ki, Elxan Məmmədov "apasport.az” saytına geniş müsahibə verib və ötən il olduğu kimi "uğurlardan” danışıb. Firuz bəyə növbəti müraciətimə belə cavab aldım: "Müsahibə alınmır”. Təəssüf edirəm ki, AFFA-nın mətbuat xidmətində rəhbər dəyişikliyi olsa da, yeni rəhbər öz konsepsiyasını baş katibə təqdim etsə də, cənab Məmmədovun mətbuata münasibətindəki ikili standartlar yenə də qalıb.
Baş katibin savadına, hazırcavablığına şübhə etmirəm. Özümə güzgüdə diqqətlə baxıram, xarici görkəmimdə onu qorxudacaq nəsə tapa bilmirəm. Amma nə sirri-xudadısa, baş katib məndən qorxur, qarşı-qarşıya oturub, suallarımı cavablandırmaq istəmir. Vallah, mən adamyeyən deyiləm, ay Elxan bəy. Ürəkli olun!
Şərhlər