Ekonomiks 15:54 18.04.2013

Əmək pensiyası ilə bağlı qanunvericiliyə dəyişiklər ediləcək

Azərbaycanda keçmiş prezidentlər və onların ailə üzvlərinə aid sosial müavinət və əmək pensiyaları ilə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək.

APA-nın məlumatına görə, dəyişikliklər barədə layihə Azərbaycan Prezidentinin imzası ilə daxil olub.

Bununla bağlı Milli Məclisin Sosial Siyasət komitəsinin bu gün keçirilən iclasında "Əmək pensiyaları haqqında" və "Sosial müavinət haqqında" qanunlara dəyişiklər edilərək "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" qanuna uyğunlaşma aparılması müzakirə olunub.

"Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliklərə görə, Azərbaycan Respublikasının keçmiş Prezidentinin pensiya təminatı məsələləri "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" qanunu ilə tənzimlənəcək. "Sosial müavinət haqqında" qanuna isə "vəfat etmiş Azərbaycan Respublikasının keçmiş prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" qanuna əsasən ödənilən müavinət" maddəsi əlavə edilir.

Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qaynar.info