Əməkdar artist: “Tabutun içində dünyam getdi... hər gecə ölüm arzulayırdım...”

Əməkdar artist: “Tabutun içində dünyam getdi... hər gecə ölüm arzulayırdım...”

Gülüstan Əliyeva Opera Balet Teatrının solistidir, Məcnunun Leylisidir. Milli Konservatoriyanın dosentidir, əməkdar artistdir. Ona bəzən həsəd aparırlar, bəzən də qınayırlar. Bəlkə də heç kim düşünmür ki, o parıltının altında göyə dirsəklənən bir alov dilimindən qalan öləzimiş köz var, yarı köz, yarı kül. Özünü için-için yandırıb göynədir o köz. Ona görə də adını yazıb video kadrlarına baxanda o yanıqdan yaranan göz yaşlarını görürsən, elə bir kadr yoxdur ki, orda Gülüstan xanım ağlamasın...

Mənim üçün o, həm də şəhid Zahid Quliyevin xanımıdır - əmanətidir. Bütün şəhid xanımları və övladları kimi bizə əmanətdir. Bu gün olduğu yerə, mövqeyə necə çatdı, heç birimiz yanında olmadıq, əlindən tutub irəli çəkmədik. Bir də gördük ki, o var, ayaqdadır, güclüdür... İndi Lent.az-a həm də o mətləblərdən danışıb Gülüstan xanım...

- İlk dəfə sizi "Zabitlər evi”ndə görmüşdüm, hardasa 1996-97-ci illərdə. Bizi tanış etdilər, məlum oldu ki, şəhid Zahid Quliyevin xanımısınız. O vaxtdan nəzərimdəsiniz, həmişə Cəbrayıl, cəbrayıllılar barədə sevgiylə danışmısınız. Yəqin siz də sevimli gəlin olmusunuz. Bir dəfə də efirdə qaynınız yoldaşınızın medallarını gətirib sizə verdi, çox ağladınız...

- Cəbrayıl camaatı haqqında olanı danışmışam, boşuna tərif deyil. Mənə çoxdan verilməli olan yadigarlar idi dedikləriniz. Bizə - mənə və oğluma çatacaq yadigarlar. Yoldaşımın, tələbəlik illəri də daxil olmaqla, aldığı orden və medallar. Tələbə inşaat briqadasında almışdı, sonra da Qarabağ döyüşlərində. Qəribə burasıdır ki, bir həftə keçməmiş evimdən itdi onlar, indiyə qədər də tapılmır, üç ildir.

- Evdən necə yoxa çıxa bilər?

- İnanın ki, ağlıma heç nə gəlmir. İnşallah, hardansa çıxar yenə.

- Sizi o illərə, tələbəliyinizə, Yevlaxdan Bakıya gəldiyiniz vaxtlara aparmaq istəyirəm...

- Yevlaxda orta məktəbdə oxuyurdum, gənc istedadların respublika müsabiqəsinə qatıldım. Ulu öndərin göstərişi ilə keçirilirdi. Mən də 1982-ci ildə həmin müsabiqənin qalibi oldum. Bülbül adına Musiqi məktəbinə qəbul etdilər məni. Sənət müəllimim də unudulmaz sənətkar İslam Rzayev idi. Sənət yolum belə başladı. Sən sənəti seçə bilərsən, sənət səni seçib öz ağuşuna alacaq, ya yox – bu, hər adama qismət olmur. Bizi sənət özü seçib, bəyənib, ağuşuna alıb. Biz bilmirdik kim olacağıq, sənət yolu özü əlimizdən tutub gətirib. Deyirdilər, bağça yaşlarımdan oxumuşam. Atam çox konservativ adam idi, amma bizi hərtərəfli inkişaf etdirməyə çalışırdı. Əlavə musiqiyə, dil kurslarına aparırdı. Əsasən Pionerlər evinə. Atam sürücü idi, amma bizim üçün həmişə vaxt tapırdı, özü aparıb-gətirirdi. Beş uşaq idik. Özünün də gözəl səsi vardı.

- Beş uşaqdan sizdən başqa sənətdə gələni oldu?

- Məndən kiçik bacımın da gözəl səsi vardı. Gəldi İncəsənət İnstitutuna qəbul olundu. İnstitut illərində həyat yoldaşı ilə tanış oldu, sənət arxasınca getmədi, ailə qurdu. Artıq nənədir. Qadının ən böyük missiyası ana olmaqdır. Ondan böyük missiyası cəmiyyətə dəyərli övladlar bəxş etməkdir. Bütün sənətlərin fövqündədir qadınlıq, analıq. Bəxtiyar Vahabzadənin misraları var, deyir: "Mənim şair anam, bəstəkar anam”. Mənim anam adını yaza bilmirdi. Atası müharibədə həlak olmuşdu. Yetimliklə böyümüşdü, ağlı kəsəndən anasına, bacı-qardaşlarına yardımçı olub, oxuya bilməyib. Anam da, atam da ona görə bizim təhsil almağımız üçün çalışırdılar.

- Siz də rəhmətlik həyat yoldaşınızla tələbə vaxtı tanış oldunuz?

- Hə, tələbə vaxtı. Vokalda oxuyan Şəhlayla bir otaqda qalırdıq. Onun bacı-qardaşları da hamısı təhsil alırdılar ayrı-ayrı ali məktəblərdə. Şəhlanın bir narahatlığı vardı səhhətində. Qardaşı Novruz tez-tez yanına gələrdi. Qardaşı ilə birgə qohumu, bir otaqda qaldığı Zahid də gəlirdi. Elə tanış olmuşduq. Yavaş-yavaş münasibətlərimiz sevgiyə keçdi.

- O vaxtlar təntənəli sevgi etirafları, evlənmə təklifləri yox idi. Münasibətlər də mübhəm olardı...

- Kövrək, utancaq. Abırlı, pərdəli idi münasibətlər. Baxışlardan, hərəkətlərdən duyulardı. Zahid hüququ bitirdi 1988-ci ildə, doğma Cəbrayıl rayonuna təyinatını aldı, müharibənin ortasına düşdü. Çox savadlı kadr idi, rus və ingilis dillərini bilirdi. Onu burda saxlamaq istəyirdilər, nazirliyə dəvət olunmuşdu. Dedi, yox, rayonumda vəziyyət ağırdı. Getdi, arada iş ilə bağlı, ya hansısa bəhanə ilə gəlirdi Bakıya, görüşürdük. Zəng edirdi qaldığım evə, danışırdıq. Sonra onu Nijni Novqorod şəhərinə Ali Milis Məktəbinə göndərdilər altı aylıq. Məktublaşırdıq. Keçən il o məktublarımızı tapmışam. Bir çamadanı vardı, heç vaxt açmırdım. Ötən il bacım açdı, dedi bax, hamısı səninlə olan məktublaşmalarıdır, saxlayıb. Oxuyuram, mənə elə qəribə gəlir ki... Bir kəlmə ilə, abır-həyalı anlatmışıq hər şeyi. İndi mənə elə gəlir ki, hansısa məktubuna soyuq cavab yazmışam, amma o vaxt elə pərdəli, abırlı idi münasibətlər.

- Sonra gəldi və evləndiniz. Mən bilən, siz o vaxtlar müğənniliyə başlamadınız?

- Mən konservatoriyanın muğam sinfinin ilk məzunuyam. Azərbaycanda yenilik idi, ilk dəfə ali təhsilli muğam ifaçısı-müəllimi yetişirdi. Bütün musiqi ocaqlarından dəvət almışdım işləməyə. Mən hər şeyi arxada buraxıb, ailə qurmağı seçdim. Bakının mərkəzindən Cəbrayılın dağ kəndinə ərə getdim. Qalacıq kəndinə. Düzdür, Zahidin işinə görə biz Cəbrayılın özündə yaşayırdıq, amma Bakıdan baxanda o vaxtlar Cəbrayıl özü elə kənd kimi görünürdü. İnsanın sevgisi dünya boyda olanda onunla yaşadığı yer də dünya boyda gəlir.

- Valideynlər razı idilər?

- Yox, qətiyyən. Başqa-başqa adətlər, nəsillər idik. Onların nəslində yad gəlin bir mən oldum. Başqa rayondan qız almaq söhbəti ola bilməzdi. Qayınanamın gözaltısı da varmış, "yad qızı olmaz” - demişdi. "Yaxşını vermə, hayıfdı, pisini vermə, ayıbdı” şüarı ilə getmişdilər mənə qədər. Savadlı, yaraşıqlı oğlan niyə başqasına qismət olsun? Bütün bu etirazlara baxmayaraq, Zahidin qərarı ilə razılaşmalı oldular, çünki onun qətiyyətinə bələd idilər. Elçi, nişan, ardınca toy oldu. Diplomumu alanda artıq yoldaşımla gedib aldıq. 90-cı illərdə çox ağır dönəmlər yaşadıq. Sərhəddə ordumuz yox idi, ancaq milislər dayanırdı düşmən qarşısında. Rus ordusu ermənilərə dəstək verirdi. Bizim müdafiə qüvvələrimiz ancaq kiçik könüllü dəstələrdən və milislərdən ibarət idi. Gedirdi, günlərlə üzünü görmürdüm. Həm sərhəddə olurdu, həm də cinayətkarlığa qarşı mübarizədə. Şəhərin içində olsaq da ön cəbhədə olanları onlarla birgə yaşayırdıq.

- Siz danışırsınız məni qəhər boğur, kimlərinsə "qorumadılar, torpağı verib qaçdılar” tənələrini xatırlayıram...

- Bilirsiniz necədir, kənardan baxana asan gələ bilər. Bakıdan baxıb qiymət vermək çox rahatdı. Hadisələri yaşayan insanlar bilər necə çətin idi. Sülh ölkəsindən qəflətən müharibənin ağuşuna atılan insanlar idik. Birdən birə üstünə alov yağsın, güllə tökülsün, illərlə qurub-yaratdıqlarını dağıtsınlar, hər an ölümlə üzbəüz qalasan. Bunu ancaq yaşayan anlayar. Üstəlik, bir neçə kilometr kənarda bunlar duyulmur, hərə öz həyatını yaşayır, sən də yaşamaq istəyirsən axı.

- Bununla belə, oralarda yaşayanların heç biri yaxasını kənara çəkmirdi, hamılıqla o bəlanın içində görürdük özümüzü, hamımız birlikdə rayonu, yurdu xilasa çalışırdıq, özümüzü düşünmürdük. Kim nəyi bacarırdısa onu edirdi, bacarmadığını belə.

- Hətta əlil insanlar silaha sarılmışdı, yeniyetmələr özlərini sipər edirdilər. Nə olur-olsun, torpağımız işğal olunmasın. Heç kim qaçmadı. Məcbur olmayan evindən çıxmaz, silah gücünə çıxarıldılar. O dövrün gəncləri idik, bizim gəncliyimiz məhv oldu. Özümüzə gələndə gördük ki, 40 yaşı keçmişik.

- Vüsalın sevincini yaşamağa imkan tapmadınız...

- Gün var, bütün ömrə bərabərdir, ay var ki, bir neçə ömrə bərabərdir. 11 ay - 317 gün evlilik müddətimiz həyatımın ən gözəl günləri idi. O 11 ay həyatda olmadığı bu 29 ili doldurur, bundan sonra da dolduracaq. Bir gün yaranan bir gün öləcək. Amma şərəfli ölmək, ölümün gözünə dik baxmaq, ölə bilməyi bacarmaq hər insanın işi deyil. İnsana canından yaxın nə ola bilər, onu da vətən üçün sipər edəsən.

- Canından əziz tutasan...

- Hər kişinin hünəri deyil. Qaçanlar da olur. Bu insan bizim üçün ölməyi bacardısa, biz də onu yaşatmalıyıq. Təkrarsız insanlardı bunlar. Kimsə onun yerində otura bilər, amma heç bir halda o ola bilməz. Zahid mənim üçün o adam oldu, onun yerini tuta biləcək kimsə olmadı. Şəhid ailələrinə birdəfəlik dövlət yardımı verilirdi. 82 nəfər kənarda qalmışdı, onlar müstəqillik elan olunmazdan öncə şəhid olmuşdular Zahid 1991-ci ilin sentyabrında şəhid olmuşdu. Məsələ o pulda deyil, axı bunlar vətən üçün şəhid olublar. Elə ailələr var ki, o imtiyazın hər qəpiyinə ehtiyacları var. Mən ölkə prezidentinə təşəkkür edirəm ki, o 82 nəfəri də əlavə etdi, kənarda qalmadılar. Oğlumla bu barədə çox söhbətlərimiz olur.

- Oğlunuz atasını görməyib yəqin?

- Atası şəhid olanda oğlumun qırxı təzəcə çıxmışdı. Deyirəm ona ki, biz bu gün həyatdayıq, sən atanın davamçısısan. Daxili İşlər orqanlarında çalışır. Ailəlidir, iki nəvəm də var. Deyirəm, oğlum, atan həyatda olmaya-olmaya bizimlə oldu hər zaman. Hər şeydə özünü bizə xatırlatdı. Ola bilər ki, heç bir imtiyazı almağa adamı yoxdur həyatda. Yenə şükür, biz onun yoxluğunda varlığını göstərə bildik, onu xatırlatdıq həmişə. Ən başlıcası, oğlu var.

- Özü görə bilmişdi oğlunu?

- Çox gec gələrdi evə, səhər yaxın gəlib paltarını dəyişib, yenə gedərdi. Yatmırdı, oyadıb uşaqla oynayardı ki, qoy bir az çox görüm onu. İki aylıq uşaq oynamaq bilməzdi ki, sadəcə, göz-gözə baxardılar. Onların rəisləri vardı, Vaqif müəllim...

- Məhərrəmov? Adı gəldisə, onun şücaətindən də bəhs edək. Vaqif Məhərrəmov çox igid adamdır, Cəbrayıl üçün çox döyüşdü, milis işçiləri ilə birgə çox mücadilə etdilər. Zəhmətləri yerdə qaldı – bu, artıq onların günahı deyil.

- Bəli, elədir. Rüfətin ad günündə onlardan sağ qalanlarının hamısını dəvət etmişdim. Dedim, qoy, Rüfət atasının silahdaşlarını tanısın, onların timsalında atasını tanısın. Vaqif müəllim dedi ki, hər ikiniz Azərbaycan üçün yararlı şəxslər idiniz. Zahiddən çox danışdı, onun ağır itki olduğunu dedi Azərbaycan üçün. Mən də həmişə düşünürəm ki, kaş biz Zahidlə ayrılaydıq, mənim itkim olaydı, amma Azərbaycan elə bir oğulu itirməyəydi. Onun intellekti, savadı, şəxsiyyəti bu ölkəyə lazım idi. Çox elə oğullar itirdi Azərbaycan. Aprel döyüşlərində də elələrini itirdik.

- Son görüşünüz necə oldu?

- Pis yuxu görmüşdüm. İstədim danışam ona, qoymadı. Mənim yuxularım çin çıxırdı deyə, danışmağa qoymadı. Durdu getdi, silah-sursatla dolu maşın gözləyirdi onu həyətdə. Postda milislər qalırdı, hər səhər təhvil-təslim edirdilər, bir bölüm şöbədə qalırdı, bir bölüm səngərə gedirdi. Şöbəyə dəyib yenə qayıtdı, gördüm həyətdən çağırır. Bizdən bir mərtəbə aşağıda Heyran xanım qalırdı, icra hakimiyyətində birinci müavin işləyirdi, çox dəyərli xanımdır. Gördüm Zahidin çağırışına Heyran xanım çıxdı ki, nədi, Zahid, darıxmısan? Dedi, uşağı çıxart eyvana, görüm. Çıxartdım qucağımda, bir az baxdı, əl yellədi, getdi. Bu, onun son gedişi oldu. Bir azdan gördüm uşaqlar həyətdə bir küçüyü daşlayırlar, ürəyim pis oldu, acıqlandım uşaqlara. Keçdim içəri televizorda Rübabə Muradova oxuyurdu:

Gəl bizə, gəl bizə, gəl bizə, yar

Qurbanam o qaş-gözə yar.

Uşağı əmizdirə-əmizdirə məni ağlamaq tutdu bu mahnıya. Elə ağlayıram, elə bil ölüm düşüb. Ürəyimiz yaralı idi onsuz da, hər gün şəhid görürdük, qonşu həyətə, qohum evə şəhid xəbərləri gəlirdi. Saat hardasa 11 radələri idi. Heç bir saat keçmədi Zahidin əmisi oğlu Tofiq gəldi, dedi ki, Zahid minaya düşüb, xəstəxanadadır. Qorxma - dedi, - qorxulu deyil vəziyyəti. Halbuki adam tamam yanıbmış. Səhər saat beşdə canını tapşırdı, həyatımız başa çatdı. O can üstündə olduğu müddətdə Rüfət birnəfəsə ağladı. Onun ölüm xəbəri ilə Rüfətin səsi kəsildi, indiyə qədər heyrətlənirəm buna. Yatdı uşaq səssiz-səmirsiz.

Müqəddəs Hacı Qaramanda dəfn etdik Zahidi. 1993-cü ilin yanvarında son dəfə onu ziyarətə getdim məzarı üstünə, sonra çıxmalı olduq Cəbrayıldan. Qayınatamgillə qalırdıq Beyləqanda. Sonra qayınatam gətirdi məni uşaqla qoydu atamgildə. Nə bilim, yəqin məni düşündü. İndi düşünürəm ki, elə də etməli idi. 1994-cü ildə qardaşım şəhid oldu. Bircə qardaşım vardı. Qardaşım şəhid olanda bizim evdə Tərtərdən qaçqın qohumlarımız vardı. 1995-ci ildə artıq qərara aldım ki, gəlim Bakıya. Yevlaxda mühitim yox idi, anam da tək qalmışdı evin altında, onu da götürüb, gəldim.

- Başladınız sənətin yollarında mücadiləyə?

- Sənətə gəlmək istəmirdim. İki dəfə Bakı Dövlət Universitetə hüquqa sənət verdim, bir balım çatmadı. Qəbul olunmadım, dedim gərək mən də şəhid olaydım, çox sındım. Sonra müəllimliyə başladım. Tay-tuş, tanıyan, müəllimlərim dedilər, ay bala, gəl operaya, səsin, səhnə görkəmin yerində. Nə isə, axır ki, 1996-cı ildə özümdə güc tapıb, gəldim Opera Teatrına. Eyni vaxtda Zabitlər evinin hərbi orkestrində solist idim. Bu günə kimi də operada çalışıram, Milli Konservatoriyanın dosentiyəm.

- Leylini səhnədə oynayanda Zahid yadınıza düşdümü, görəsən, o, məni səhnədə görsə nə deyərdi?

- Mənə Dilbər deyərdi həmişə. Zaman o zaman deyil, bugünkü Zahid bugünkü durumu da anlayardı. Mühafizəkar adam idi, amma illər keçib, bəlkə bu illər ərzində razılaşardı. Sağ olsaydı, nə vaxtsa razılaşacaqdı.

- Həyat tarixçənizi yenidən yazmalı olsaydınız, nəyi dəyişərdiniz?

- Zahidi Bakıdan getməyə qoymazdım. Alın yazısını pozmaq olmur, çünki xarakterin yazır onu. Yenə Zahidi seçərdim, yenə onun seçimlərinə təslim olardım. Yenə acılı, enişli-yoxuşlu bu yollardan keçərdim. Onun yoxluğunda hər gecə özümə ölüm arzulayırdım. Rüfət böyüdükcə düşündüm ki, yaşamalıyam, həm də sürünmədən, Zahidə layiq, övladıma layiq. Nəhayətdə, özümə layiq. Zahidlə hər şeyimi itirdim. Onunla dünyam getdi. Tabut içində bir dünya getdi. İnsan bədbəxt olanda hər zaman xoşbəxtliyə can atır. Sonra yeganə qardaşımı itirdim. Hərəsi bir dünya idi. Oğlum heç vaxt məni sorğu-suala tutmadı. Heç vaxt atasızlığı hiss etdirməmişəm ona. Bu yaxınlarda Raquf Orucovun xanımı mənə bir məqamı danışdı. Dedi, kiçik oğlum üçün hər şey edirəm, amma yenə nədənsə narazıdır, qane etmir onu nə isə. Heç ona demədim ki, mən də yaşamışam bunu – onun həyatında atası çatmır, heç nə onun yoxluğunu doldurmur. Rüfət də atasının yoxluğunu yaşadı, bu bir yaşantıdır.

- Həyatınız bir romandı...

- Fikrimdə var, nə vaxtsa yazacam.
XƏBƏRLƏR
BLOGLAR