Xəbər lenti

Emil Nəsirlinin
Foto 19:50 11.03.2026

Emil Nəsirlinin "Prezident" kitabının təqdimatı oldu (FOTO)

Noyabrın 11-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı-publisist, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirlinin yenicə azərbaycan və ingilis dillərində işıq üzü görmüş "Prezident” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, elm xadimləri, Belarusiya, Tacikistan, Moldova, Qırğızıstan, Səudiyyə Ərəbistanı və digər dövlətlərin Azərbaycandakı səfirləri, diplomatlar, xarici ölkələrdən gəlmiş qonaqlar, o cümlədən KİV nümayəndələri iştirak ediblər.

Öncə Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq əlaqələr və tərcümə şöbəsinin müdiri Səlim Babullaoğlu tədbiri giriş sözü ilə açaraq kitabın müəllifi yazıçı publisist Emil Nəsirlini yenicə işıq üzü görmüş "Prezident” kitabını yüksək qiymətləndirdi, kitab haqqında tədbir iştirakçıları ilə fikirlərini bölüşdü.
 
S.Babullaoğlu çıxış üçün sözü Azərbaycan Yazıçılar Birliyinin Sədri,xalq yazıçısı Anara verdi. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək kitabın Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət və Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində gördüyü işləri dolğun şəkildə əks etdirdiyini diqqətə çatdırdı: "Yazıçı-publisist Emil Nəsirlinin qələmə aldığı bu əsər müasir Azərbaycan tarixinin öyrənilməsi, dövlətçilik ideyalarının təbliği, etibarlı mənbələrə çıxış baxımından geniş oxucu auditoriyası üçün mühüm elmi və maarifləndirici əhəmiyyət daşıyır”.

Xalq yazıçısı Anar onu da bildirdi ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər və beynəlxalq aləmdəki nüfuzu Prezident İlham Əliyevin strateji qələbəsi kimi qeyd edilə bilər. O, ölkə başçısının rəhbərliyi altında həyata keçirilən tədbirlərin, qlobal layihələrin Azərbaycanın gələcək inkişafına və milli maraqlarına xidmət etdiyini vurğuladı.

Sonra çıxış edən Ensiklopediya Nəşriyyatının direktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Fikrət Nağıyev yeni nəşrin müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Elmlər Akademiyasının akademiki, yazıçı-publisist Emil Nəsirlinin azərbaycan və ingilis dillərində nəfis şəkildə nəşr etdirdiyi "Prezident” ("President”) əsərini yüksək qiymətləndirdi, təqdimat mərasiminin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd etdi.

Prezident İlham Əliyevin Azərbaycan tarixində xüsusi rolu olan tarixi şəxsiyyətlərdən biri olduğunu vurğulayan Fikrət Nağıyev yeni əsərdə bu böyük şəxsiyyətin həyat və fəaliyyətinə dair mühüm faktların yer aldığını söylədi, əsərin müəllif Emil Nəsirlinin kitabda İlham Əliyevin 2003-2025-ci illəri əhatə edən gözəl, əzəmətli və möhtəşəm fəaliyyətini öz qələminin gücü ilə tam təsvir etdiyini vurğulayaraq, nəşrin Azərbaycan həqiqətlərinin azərbaycan və ingilis dillərində daha geniş coğrafiyada yayılmasına mühüm töhfələr verəcəyinə əminliyini ifadə etdi. 

Fikrət Nağıyev kitabın müəllifi Emil Nəsirlini ziyalı-vətəndaş mövqeyi ilə dövlətçilik düşüncəsinin vəhdətinin təcəssümü olan belə bir sanballı kitabı ərsəyə gətirməsi münasibətilə təbrik etdi, ona yeni yaradıcılıq uğurları arzulayaraq bildirdi ki, Emil Nəsirli 2004-cü ildən "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktorudur. 2021-ci ildən Beynəlxalq Elmlər Akademiyasının akademiki, 2024-сü ildən Rusiya Təbiət Elmləri Akademiyasının akademiki seçilib. 2025-ci ildən isə Asiya Elmlər Akademiyasının akademikidir. 2022-ci ildə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin "Qızıl döş nişanı” ilə təltif olunub.
 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmaqla yanaşı, o, həm də Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Belarusiya, Gürcüstan Yazıçılar Birliklərinin də üzvüdür. Emil Nəsirli 12 kitabın, o cümlədən yerli və xarici nəşriyyatların aparıcı elmi jurnallarında 100-dən çox sanballı məqalənin müəllifidir.

Sonra Fikrət Nağıyev təqdimat mərasimində sözü "Prezident” kitabının müəllifi yazıçı-publisist Emil Nəsirliyə verib.
Emil Nəsirli çıxış edərək bildirdi ki, müəllifi olduğu "Prezident” adlı bu kitab Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycanın ən müasir tarixində yeni, əzəmətli bir mərhələnin başlanğıcına imza atan, adı və əməlləri Azərbaycanın Qələbə simvolu olan Prezident İlham Əliyevin müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, suverenliyin bərpası istiqamətindəki müstəsna fəaliyyətini, həyata keçirdiyi genişmiqyaslı daxili islahatları, məqsədyönlü xarici siyasət strategiyasını, ictimai-siyasi, sosial-iqtisadi, elm, təhsil, mədəniyyət, səhiyyə, din, hərbi, idman və digər sahələrdə əldə etdiyi uğurları əks etdirir.

"Bu kitab Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq” – deyə bildirən Emil Nəsirli vurğuladı ki, nəşrdə əksini tapan maraqlı fakt, hadisə və rəylər Azərbaycan Prezidenti haqqında ictimaiyyətə geniş məlumatlar verir. Müəllif fikrinə davam edərək bildirdi ki, Azərbaycan xalqının tarixində böyük şəxsiyyətlər çox olub. Lakin bu danılmaz faktdır ki, XXI əsrdə belə tarixi şəxsiyyət Prezident İlham Əliyevdir. Hər hansı şəxsin milyonlarla insandan fərqlənərək xalqı öz arxasınca aparan dahi şəxsiyyətə çevrilməsinin sirrini açmağı qarşısına məqsəd qoyan bir yazıçı-publisist kimi bu vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışmışam. "Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl, əzəmətli, uğurlu və möhtəşəm fəaliyyətinin xalqımıza, dövlətimizə bəxş etdiyi 100 illərə hesablanmış nəticələrini öz qələmimin gücü ilə ifadə edə bilmişəm” - deyə Emil Nəsirli əlavə edib.

Müəllif onu da görüş iştirakçılarının diqqətinə çatdırıb ki, kitabın əsas məzmununu Prezident İlham Əliyevin müstəqil Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasi fəaliyyəti təşkil edir. 22 ildən artıq müddətdə İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatda keçid mərhələsi başa çatıb, vətəndaş cəmiyyətinin formalaşmasının əsası qoyulub, ölkənin strateji mövqeləri möhkəmləndirilib, müdafiə qüdrəti artıb, Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi cəhətdən inkişaf edərək regionun lider dövlətinə çevrilib. Hazırda Azərbaycanda bütün dünyanın qibtə etdiyi və olduqca yüksək qiymətləndirdiyi multikultural və tolerant mühit yaranıb. Bütün bu uğurların əsasında İlham Əliyev tərəfindən dönməz və dinamik ritmlə həyata keçirilən dövlət siyasəti dayanır. Kitabda bu məqamlar geniş əksini tapıb.

Emil Nəsirli xüsusi olaraq onu da qeyd edib ki, qələmə aldığı bu əsər Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan davamlı inkişaf strategiyasını, milli-mənəvi dəyərlərə söykənən idarəetmə fəlsəfəsini, mədəniyyət siyasətini, gənclərlə bağlı konseptual yanaşmaları, Türk dünyası ilə əlaqələrin inkişafını, Azərbaycanda hüquq sistemi, insan hüquqlarının təminatı, qanunvericilik, dövlət idarəetməsinin müasirləşdirilməsi sahələrində ciddi nailiyyətləri, eləcə də 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə və bu Qələbənin yaratdığı yeni siyasi reallıqları elmi-publisistik mənbələr əsasında əks etdirir, həmçinin dövlət başçısının strateji baxışını, liderlik konsepsiyasını ardıcıl şəkildə izləməyə şərait yaradır.

Azərbaycan Yazıçılar İttifaqının birinci katibi Çingir Abdullayev , Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fatma Yıldırım, İsveçrə Beynəlxalq Əlaqələr Forumunun vitse-prezidenti, Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin tədqiqatçısı David Çikvaidze, Türkiyənin "Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver,Tanınmış modelyer və dizayner, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının dosenti Fəxriyə Xələfova,Belarusiya Respublikasinin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Dmitri Pineviç , Tacikistanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri İlxom Abduraxmon,Azərbaycanın 1-ci Xarici İşlər naziri, diplomat Hüseynağa Sadıqov, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimi, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri akademik Sudeif İmamverdiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Hüseynov, Əczaçılıq elmləri doktoru, professor, Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti, ATU-nun "Əczaçılıq texnalogiyası və idarəçiliyi” kafedrasının müdiri, əməkdar müəllim Məhbubə Vəliyeva və başqaları kitabla bağlı fikirlərini səsləndiriblər, gərgin axtarışların bəhrəsi olan belə bir sanballı əsəri ərsəyə gətirdiyinə görə müəllifə minnətdarlıqlarını bildirdilər. Onlar Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətindən bəhs edən kitabın Azərbaycan və dünya ictimaiyyəti üçün dəyərli mənbə olduğunu qeyd etdilər.
 
Prezident İlham Əliyevin Azərbaycan tarixində indiyədək görülməyən mühüm uğurlara imza atdığını vurğulayan tədbir iştirakçıları bütün bu nailiyyətlərin əsərdə yüksək səviyyədə təqdim olunduğunu qeyd etdilər.
 
Çıxış edənlər onu da qeyd etdilər ki, müəllif Prezident İlham Əliyev haqqında faktların, hadisələrin qiymətləndirilməsini və təhlilini tamamilə fərqli rakursdan aparıb. Əsərdə dövlətimizin başçısının möhtəşəm fəaliyyətinin yeni, maraqlı, cəlbedici, qürurverici ştrixlərini aydın görmək olur. Həmçinin diqqətə çatdırıldı ki, Azərbaycan dövləti yaşadıqca tariximizin bu uğurlu səhifələrinə daim müraciət ediləcək. Çünki tarix boyu güclü dövlət xadimlərinin irsinə tez-tez müraciət olunur.

Sonda kitabın müəllifi Emil Nəsirli "Prezident” kitabının ərsəyə gəlməsində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
--> -->