Dünya 13:45 30.03.2019

Emin Ağalarov: “Mənim 4 uşağım var, oturub istintaqı gözləyə bilməzdim”

Xalq artisti, bəstəkar-müğənni Emin Ağalarov amerikalı xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-ci ildə ABŞ-dakı prezident seçkilərinə mümkün müdaxiləsi ilə bağlı uzunmüddətli araşdırması barədə "The Bell” nəşrinə danışıb.

"Qafqazinfo”nun məlumatına görə, o, Müllerin bu günlərdə başa çatan təhqiqatının nəticələrinə görə sevindiyini bildirib:

"O zaman dünyanın müxtəlif ölkələrindən olan dostlarım Müllerin araşdırmasının bitdiyi ilə bağlı xəbərin linkini mənə göndərirdilər. Donald Tramp bu barədə öz "Instagram"ında məlumat paylaşdı, mən də ondan paylaşdım. Mən onu hələ prezident olmamışdan illər öncə izləyirdim. Lakin ümumiyyətlə biz nəticənin belə olacağını bilirdik. Hər halda mən bu fantastik görüşün (Söhbət təhqiqatın əsas epizodlarından biri olan "Trump Tower”də görüşdən gedir - The Bell) təşkilatçısı olduğumdan hər şeyin necə olduğunu bilirəm. Müller və onun həmkarları iki il təhqiqat apardılar, heç nə tapmadılar. Araşdırmanın 3 və ya 4 ay aparılmağını anlayıram, lakin 2 il... Bu, absurddur. Elə bil ki, barmaqdan qan damcısı sıxmağa çalışırdılar, hətta bu da alınmadı. 

Sadəcə bu qədər vaxt itirdiyimə heyfslənirəm. Mən istintaqın suallarına cavab verməyə hazır idim və ABŞ-a planlaşdırdığım konsert turnesi zamanı ifadə verməyə hazırlaşırdım. Xüsusi olaraq buna iki həftə vaxt ayırmışdım. Çünki gizlətməyə nəyimsə yoxdur. Lakin turneyə bir neçə gün qalmış mənə vəkil zəng vurdu və dedi ki, Müller məndən ifadə almağa hazırdır, amma aeroportda istintaqa cəlb edildiyim haqda order təqdim etməklə. Bu isə o deməkdir ki, sən avtomatik olaraq istintaqın fiqurantı olursan və istintaq başa çatmayana qədər ABŞ-ı tərk edə bilməzsən. Həmin məqamda istintaq artıq iki ildir gedirdi və mən orada qalmağa hazır deyildim. Mənim dörd uşağım var, mən oturub gözləyə bilməzdim ki, istintaq nə zaman bitəcək. Buna görə də turnedən imtina etməli oldum. Müllerin həmkarları zənn edirdilər ki, maliyyə itkisi baş verəcəyi üçün mən turnemi ləğv etməyəcəm. Lakin mən ləğv etdim. Əlbəttə ki, onlar vəkilimlə əlaqə yaratmağa, hər hansı şəkildə danışıqlar aparmağa çalışdılar, lakin çox gec idi. Mülleri məni qorxutmayıb, sadəcə təhqiqat bitməyənə qədər ABŞ-a getmək istəmirdim. İndi hər şey bitib, mən payızda turneyə gedəcəyəm”.



E. Ağalarov Amerika turnesinin ləğvi nəticəsində təxminən yarım milyon dollar itirdiyini söyləyib: "Mayami istisna olmaqla, nəzərdə tutulmuş beş şəhərdən dördündə biletlərim satılmışdı. Daha sonra risk edərək bütün satılmış biletləri geri qaytardım. Biz bilmirdik ki, o turnenin biletləri bu qədər yaxşı satılacaq. Belə ki, Nyu-Yorkda 3 min, Los-Ancelesdə 1500 bilet satılmışdı. İndi biz satışa daha tez-6 ay öncə başlayacağıq. Yenə də bildirim ki, mənim üçün musiqidə pul qazanmaq əsas məqsəd deyil. Mənim digər gəlir mənbələrim var. Lakin bütün hallarda bu, kommersiya tarixidir”.

Ağalarov prezident Donald Trampla "Miss Kainat” gözəllik müsabiqəsi çərçivəsində tanış olduğunu bildirib: "Tramp 2013-cü ilin iyununda məni ailə üzvlərim ilə birlikdə Las-Veqasda "Miss Amerika” müsabiqəsinə dəvət etdi. Biz elə ilk dəfə orada tanış olduq və müqaviləni imzaladıq. Həmin ilin noyabrında isə Rusiyada müsabiqə keçirildi. 

Tramp Rusiyaya gələn kimi Rusiya prezidenti Vladimir Putinin dəvət edilib-edilmədiyini soruşdu. Biz isə dedik ki, əlbəttə, dəvət etmişik. Səhv xatırlamıramsa, atam Putinə dəvəti onun mətbuat katibi vasitəsilə göndərmişdi. Lakin Niderland kralı Rusiyaya səfər etdiyindən o, müsabiqəyə qatıla bilməmişdi. Amerika KİV müsabiqənin sırf Trampla Putinin tanış olması üçün təşkil edildiyini yazırdı. Bu necə də sui-qəsd nəzəriyyəsidir...”

Biznesmen rəhbərlik etdiyi obyektlərdən də söz açıb: "35 restoranı və digər kommersiya əmlaklarını ("VEGAS” kompleksi, "Krokus Siti Moll”, "Korkus Siti Holl” və "Vegas Siti Holl”, "Okeanarium”) idarə edirəm. Bundan başqa, fitnes-klub şəbəkəsinə, Bakıda "See Breeze Resort” istirahət mərkəzinə və mağazalara məsuliyyət daşıyıram.