19 yaşlı pakistanlı Muhammad Arşad Bakı Hava Limanında saxlanılıb. Buna səbəb başqa şəxsin pasportu ilə Azərbaycana keçməyə cəhd etməsidir.
Musavat.com xəbər verir ki, Muhammad Arşad Lahor-Bakı reysi ilə Bakıya gəlib.
Hava limanında yoxlanış zamanı fotodakı şəxsin Arşada oxşamadığı müəyyən edilib. Araşdırma zamanı həmin şəxsin başqası olduğu bilinib.
Arşad dindirilən zaman məlum olub ki, onun təqdim etdiyi pasport əmisi oğlu Ali Osmana məxsus olub. Həmin pasporta görə əmisi oğluna 3 min dollar ödəyib.
O, əməlindən peşman olduğunu, Bakıya gəlməkdə məqsədinin buradan İspaniyaya getmək olduğunu bildirib.
Maraqlıdır ki, Arşad həmin pasportla Pakistan hava limanından Bakıya uça bilib.
Araşdırma zamanı o da məlum olub ki, Ali Osman öz pasportunu əmisi oğlu Arşada verən zaman İspaniyada müvəqqəti yaşamaq icazəsi verilən sənəd də təqdim edib. Arşad işləmək və yaşamaq üçün İspaniyaya getdiyini deyib.
Məhkəmə Muhammad Arşada 8 ay həbs cəzası verib. Cəzası başa çatdıqdan sonra məcburi qaydada ölkə sərhədindən kənara çıxarılacaq.
Şərhlər