Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına əsasən, avqustun 31-dək davam edəcək sərtləşdirilmiş karantin rejimi müddətində açıq havada idman yarışlarının keçirilməsinə icazə verilməyəcək.
Buna görə də ölkə çempionatının nə zaman başlayacağı sual altındadır.
Ancaq
Fanat.az-a danışan AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla çempionatın başlaması ilə bağlı ümidlidir: "Ümid edirik ki, çempionatın başlanması üçün müvafiq instansiyalar tərəfindən icazə veriləcək".
Çempionatın yubanması millimizin baş məşqçisi Canni De Byazinin də işini çətinə salır. Belə ki, sentyabr ayında Azərbaycan yığması Millətlər Liqasında mübarizəyə başlayacaq və milli futbolçuların oyununa bələd olmayan yeni baş məşqçi heyəti qurmaqda çətinlik çəkə bilər.
Bəs İtalyan mütəxəssis oyunçuları necə seçəcək, bu məsələ ilə bağlı nə kimi planlar var, yoxsa elə köhnə oyunları izləyib müşahidələri əsasında heyət quracaq?
Bu məsələyə də münasibət bildirən AFFA rəsmisi Firuz Abdulla qeyd edib ki, millinin heyətinin formalaşdırılması baş məşqçinin səlahiyyətində olan məsələdir, hadisələrin gedişindən asılı olaraq bu sualın dəqiq cavabını baş məşqçi verə bilər.
Qeyd edək ki, UEFA Millətlər Liqasının 2020/21 mövsümü üçün təqviminə əsasən C Liqasının 1-ci qrupunda yer alan millimiz 5 sentyabr tarixində öz meydanında Lüksemburqla qarşılaşacaq, 8 sentyabrda isə Cənubi Kiprin qonağı olacaq.
Şərhlər