Siyasət 12:25 10.10.2013

Ən az səs toplayan namizəd danışdı - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu:  “Mən bu seçkidə şəhid oldum“

"Axı necə ola bilər ki, mən Hafizdən də az səs toplayım?"

9 oktyabr prezident seçkilərilə bağlı diqqət çəkən məqamlardan biri də müxalifət düşərgəsində təmsil olunan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdən də az səs toplayaraq sonuncu yerdə qərarlaşmasıdır.  Sərdar Cəlaloğlu 17 705 səs, Hafiz Hacıyev isə 18 582 səs toplayaraq onu üstələyib. 

Teleqraf.com-a açıqlamasında Sərdar Cəlaloğlu sonuncu yerdə qərarlaşmasına belə münasibət bildirib: 

- Nəticələr açıqlananda məni gülmək tutdu. Axı necə ola bilər ki, mən Hafizdən də az səs toplayım? Bu mümkün deyil. İndinin özündə də yadıma düşəndə gülürəm. 

- Sizdən fərqli olaraq Hafiz Hacıyev müxalifətdə olduğu müddətdə siyasi kursunu dəyişməyib və həmişə oxşar mövqedən çıxış edib. Bəlkə buna görə, nəticələr onun xeyrinə olub?

- Yox, siz nə danışırsız? Siz mənim debatdakı çıxışalrımı görünür, izləməmisiz. Namizədlərdən yalnız mənim elmi işim siyasətlə bağlı olub. Çıxışlarımı Qərb seçki texnologiyası üzərində qurmuşdum. Vətəndaşın problemindən danışıb, sonra ümumiləşmə aparırdım. Bu, Azərbaycanda tamam yeni seçki texnologiyasıdır. Görünür, insanlar kampaniyamı başa düşməyiblər. Amma yenə də mən Hafiz Hacıyevdən az səs toplamamalı idim. 

- Neçənci yeri tutacağınızı gözləyirdiz?

- Üçüncü yeri. Birinci yer bəlli idi. İkinci yerdə Milli Şura olmalı idi və oldu. Amma sonrakı yerlərlə razı deyiləm. Cəmil Həsənlidən sonra mən olmalı idim. 

- Hansısa məntəqədə qalib gəldiyiniz olub?

- Əlbəttə ki. Naxçıvanda və Xətaidəki bir neçə məntəqədə rəsmi qalib mənəm. Amma Hafiz Hacıyev heç bir məntəqədə qalib olmaya-olmaya məndən öndədir. Bu, ədalətsizlikdir. 

- Belə çıxır ki, nəticələrdən narazısız?

- Mən özümlə bağlı nəticələrdən narazıyam. Axı niyə MSK məni bu qədər aşağılamalıydı. Hakim partiyanın seçkilərdə qalib gəldiyini etiraf edirəm. İlham Əliyev qalib gələcəkdi. Bu şəksizdir. Amma mənim adımı sonuncu yerə yazmaq insafsızlıqdır. 

- Siyasi kursunuzu dəyişmək, radikallaşmaq barədə düşünürsüz?

- Qətiyyən. Əgər ölkədə mənə səs verən bir nəfər ideyalarımı, fəlsəfəmi başa düşübsə, özümü xöşbəxt hesab edirəm. Müharibədə sona qədər mübarizə aparıb ölən adama  "uduzdu" demək düzgün deyil. Belələri şəhid olurlar. Mən də bu seçkidə şərəflə şəhid oldum. Amma axırıncı yerdə qərarlaşmaqla yox. Adımın axırıcı yerdə qərarlaşmasının səbəblərini də bilirəm.  

- Bəlkə, açıqlayasız...

- Mənə qarşı ilk kampaniyanı ANS başladı. Orada sorğu keçirildi və guya ən az səs mənə verilirdi. Biz partiya olaraq bu sorğuda iştirak etdik, amma nəticələr yenə də düzəlmədi. "Exit-poll" aparan təşkilatlar da həmin sorğunun nəticələrini təkrarlamalı oldular. Təkcə adını unutduğum xarici təşkilatın sorğusunda dördüncü idim. Qalan bütün sorğularda, seçkilərdə axırıncı oldum. Araz Əlizadəni, Hafiz Hacıyevi məndən qabağa saldılar. Bax, mən buna əsəbiləşirəm və gülürəm. 

- Müxalifət partiyaları ilə əməkdaşlıq edəcəksiz?

- Əməkdaşlıq məsələsi mənim istəyimdən asılı deyil. Gərək, onların fəaliyyəti, strategiyası məni qane etsin. Müxalifət birləşə, vahid namizədlə çıxış edə bilmədi. Gah Rusiyanın layihəsində yer aldı, gah hökumətlə əməkdaşlıq etdi, gah ifrat radikallaşdı. Belə olan halda bizim onlarla əməkdaşlıq etməyimiz mümkün deyildi. Gələcəkdə əməkdaşlıq məsələsi müzakirə oluna bilər. 

- Yenidən prezident seçilən İlham Əliyevi təbrik edəcəksizmi?

- İlham Əliyevin mənim təbrikimə ehtiyacı yoxdur.

Teleqraf.com