Xəbər lenti

Ən xoşbəxt insanlar hansı şəhərlərdə yaşayır? - Gözlənilməz lider
Dünya 20:20 08.07.2026

Ən xoşbəxt insanlar hansı şəhərlərdə yaşayır? - Gözlənilməz lider

"Time Out” nəşrinin 2026-cı il üzrə illik araşdırmasının nəticələrinə əsasən, Böyük Britaniyanın Bat şəhəri dünyanın ən xoşbəxt şəhəri seçilib.

Qaynarinfo xəbər verir ki, reytinq dünyanın müxtəlif şəhərlərində yaşayan 24 mindən çox sakinin iştirakı ilə keçirilən sorğu əsasında hazırlanıb. Respondentlər yaşadıqları şəhərdə özlərini nə dərəcədə rahat və xoşbəxt hiss etdiklərini qiymətləndiriblər.

Sorğu zamanı iştirakçılardan şəhərin onları xoşbəxt edib-etmədiyi, digər yerlərlə müqayisədə burada özlərini daha xoşbəxt hiss edib-etmədikləri, ətrafdakı insanların müsbət münasibəti, gündəlik şəhər həyatının onlara sevinc gətirib-gətirmədiyi və son dövrlərdə ümumi xoşbəxtlik hissinin artıb-artmadığı barədə fikirləri öyrənilib.

Nəticələr təhlil edildikdən sonra reytinqə hər ölkədən yalnız bir şəhər daxil edilib ki, siyahı dünyanın müxtəlif regionlarını əhatə etsin.

Reytinqə İngiltərənin Bat şəhəri başçılıq edib. Təxminən 80 min əhalisi olan şəhər Londondan 150 kilometr qərbdə yerləşir. Araşdırmaya görə, şəhər sakinlərinin 93 faizi Batın onları xoşbəxt etdiyini bildirib.

Nəşr qeyd edir ki, şəhər qədim Roma hamamları ilə məşhurdur və "Bath” sözü ingilis dilində "hamam” mənasını verir. Burada həmçinin XVIII əsrə aid çoxsaylı memarlıq abidələri qorunub saxlanılıb.

Reytinqdə ikinci yeri Mərkəzi Amerikada yerləşən Panama dövlətinin paytaxtı Panama şəhəri tutub.

İlk üçlüyü isə zəngin mədəni həyatı, qastronomiyası və qarşılıqlı dəstək mühiti ilə yüksək qiymətləndirilən Meksikanın Qvadalaxara şəhəri tamamlayıb.

Dünyanın ən xoşbəxt 20 şəhəri

1. Bat, Böyük Britaniya;
2. Panama, Panama;
3. Qvadalaxara, Meksika;
4. Medellin, Kolumbiya;
5. Krakov, Polşa;
6. Caypur, Hindistan;
7. Çikaqo, ABŞ;
8. Keyptaun, Cənubi Afrika;
9. Şanxay, Çin;
10. Yöteborq, İsveç;
11. Monreal, Kanada;
12. San-Paulu, Braziliya;
13. Valensiya, İspaniya;
14. Praqa, Çexiya;
15. Melburn, Avstraliya;
16. Kuala-Lumpur, Malayziya;
17. Hamburq, Almaniya;
18. Porto, Portuqaliya;
19. Amsterdam, Niderland;
20. Çianq May, Tayland.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->