Gündəlik həyatda bir çox insanlar tükənmişliyi yalnız uzun iş saatları, daimi son tarixlər və oxşar iş gərginliyi ilə əlaqələndirirlər. Lakin bu, həmişə belə olmur. Bəzən enerji itkisinin səbəbi gündəlik, avtomatik yerinə yetirilən və zərərsiz görünən vərdişlərdir.
Qaynarinfo-nun məlumatına görə, amerikalı psixoloq Mark Trevers "Forbes" üçün yazdığı məqalədə qeyd edir ki, məsum görünən bəzi vərdişlər əslində enerjinizi alır və məhsuldarlığınızı azaldır. Psixoloq bu hallardan üç əsasını təqdim edir:
1. Diqqətin dağılması və çoxsaylı iş rejimi
Eyni anda çox işlə məşğul olmaq - masa üzərində yığılı sənədlər, daim çalan telefon, bir neçə paralel plan və davam edən söhbətlər - nəticədə sizin heç bir işə tam diqqət ayıra bilməməyinizlə nəticələnir.
Trevers qeyd edir ki, insanlar adətən birdən çox işi eyni vaxtda bacardıqlarını düşünsələr də, "Developmental Review" jurnalında dərc olunan araşdırmalara görə, bu vərdişi olan insanlar diqqət tələb edən tapşırıqlarda daha zəif nəticə göstərirlər.
Bu vərdiş diqqəti yayındırır və hər bir iş yarımçıq icra olunur. Həddindən artıq enerji sərf olunur, amma nəticə zəif olur. Çıxış yolu - bir tapşırığı bitirmədən digərinə keçməmək və hər dəfə yalnız bir məsələyə fokuslanmaqdır.
2. Kiçik qərarlarla enerji itkisi
İkinci vərdiş - gündəlik xırda qərarların çoxluğu. Nə geyinmək, axşam nə yemək, hansı filmi seçmək kimi görünən xırda qərarlar belə psixi enerjini tükədir.
Bu, qərar qəbul etmə yorğunluğu ("decision fatigue") adlanan psixoloji haldır. "Journal of Health Psychology" jurnalında dərc olunan araşdırma göstərir ki, hər bir qərar, nə qədər kiçik olsa da, məhdud zehni resurslardan istifadə edir. Bu yorğunluq diqqəti, özünə nəzarəti və hətta düzgün mühakimə qabiliyyətini zəiflədə bilər.
Həll yolu - bu tip qərarları həftəlik planlaşdırmaqdır. Məsələn, bazar günü axşamı geyimləri, yeməkləri və ya baxılacaq filmləri əvvəlcədən müəyyənləşdirin. Bu, gündəlik enerjinizi daha önəmli məsələlərə yönəltməyə kömək edəcək.
3. Sağlamlıq adı ilə görülən mexaniki rutinlər
Bəzi insanlar sağlamlıqla bağlı vərdişləri (məsələn, meditasiya, gündəlik tutmaq, düzgün qidalanmaq) yalnız sosial mediada yaxşı görünmək və ya "özünü qayğıkeş biri kimi göstərmək" üçün edir. Bu vərdişlər bəzən mexaniki hal alır və insanın həqiqi psixoloji ehtiyaclarına cavab vermir.
Trevers bildirir ki, belə hallarda insan özünü həmişə nəsə etməliymiş kimi hiss edir və bu da əlavə psixoloji təzyiq yaradır. Onun fikrincə, əgər yoqa dərsini buraxmaq və ya gündəlik yazmaqdan imtina etmək sizi rahatladırsa, bunu etməyin heç bir qəbahəti yoxdur. Əsas olan - öz rifahınıza real dəstək verən metodları tapmaqdır, idealizə olunmuş sosial media rutinlərinə deyil, real ehtiyaclarınıza diqqət yetirməkdir.
Tükənmişliyin üç əsas növü
Mark Trevers tükənmişliyin üç əsas formasını da sadalayır:
1. Dəyərlərlə ziddiyyət səbəbilə tükənmə - etdiyiniz işlər sizin daxili inanc və prinsiplərinizə uyğun deyil.
2. Fiziki və emosional yorğunluq nəticəsində tükənmə
3. Həddindən artıq yüklənmə səbəbilə tükənmə
Psixoloq hər bir insanın öz daxili ehtiyaclarına diqqətlə yanaşmasının vacibliyini vurğulayır və bərpaedici istirahətə vaxt ayırmağı tövsiyə edir.
Aydın
Şərhlər