Xəbər lenti

Eqoizmin müalicəsi tapılmış ola bilər - Alimlərdən yeni tədqiqat
Sağlamlıq 08:15 06.03.2026

Eqoizmin müalicəsi tapılmış ola bilər - Alimlərdən yeni tədqiqat

Yeni elmi araşdırma göstərib ki, beynin müəyyən bölgələri arasında fəaliyyət uyğunlaşdıqda insanların fədakar davranış meyli qismən artır. Alimlər bildirirlər ki, frontal və parietal payların eyni vaxtda işləməsi daha səxavətli qərarların verilməsinə təsir göstərə bilər.

Qaynarinfo xəbər verir ki, tədqiqat nüfuzlu elmi jurnal olan "PLOS Biology"də dərc edilib. Araşdırma Çin və İsveçrə alimlərinin əməkdaşlığı ilə aparılıb. Nəticələr göstərir ki, beyin bölgələri arasında fəaliyyət uyğunlaşdırıldıqda fədakar davranış zəif də olsa artır.

Alimlər xatırladır ki, valideynlər uşaqlara paylaşmağı və başqalarının ehtiyaclarını nəzərə almağı öyrətsə də, yetkinlik dövründə insanların başqalarına münasibəti fərqli olur. Bəziləri daim başqalarını önə çəkir, digərləri isə daha çox şəxsi maraqlarını üstün tutur. Bu fərqlərin mənbəyi uzun illərdir araşdırılır.

Təcrübədə iştirakçılar iqtisadiyyat və psixologiya sahəsində geniş istifadə olunan "Diktator oyunu”nda ümumilikdə 540 qərar qəbul ediblər. Oyunda iştirakçı müəyyən məbləği qarşı tərəflə bölüşüb-bölüşməməyə qərar verir. Verilən pay qarşı tərəfə çatır, qalan məbləğ isə iştirakçıda qalır. Hər mərhələdə məbləğ dəyişdirilib və iştirakçılar bəzən daha çox, bəzən daha az qazanc imkanı ilə üzləşiblər.

Təcrübə zamanı frontal və parietal paylara transkranial alternativ cərəyanla stimullaşdırma üsulu tətbiq olunub. Bu qeyri-invaziv metod vasitəsilə həmin bölgələrdə sinir hüceyrələrinin fəaliyyət ritminin uyğunlaşdırılması hədəflənib. Stimullaşdırma nəticəsində hüceyrələrin alfa və ya qamma dalğa ritmlərində uyğunlaşma təmin edilib.

Xüsusilə frontal və parietal bölgələr arasında qamma ritmində uyğunlaşma gücləndirildikdə iştirakçıların daha fədakar qərarlar verməyə meyilli olduğu müşahidə edilib. Onlar şəxsi qazanc azalacağı halda belə daha yüksək məbləği paylaşmağa daha hazır olublar.

Tədqiqatçılar tərəfindən hazırlanan hesablama modelinə görə, stimullaşdırma iştirakçıların təklifləri qiymətləndirmə üsulunu dəyişib. Müdaxilədən sonra iştirakçılar bölüşdürmə zamanı qarşı tərəfin əldə edəcəyi nəticəyə daha çox əhəmiyyət veriblər.

Müəlliflər vurğulayırlar ki, təcrübə zamanı birbaşa beyin fəaliyyəti ölçülməyib. Gələcəkdə stimullaşdırma üsulunun elektroensefaloqrafiya ilə birlikdə tətbiqi beyin siqnallarında baş verən dəyişiklikləri daha dəqiq göstərməyə imkan verə bilər. Buna baxmayaraq, nəticələr frontal və parietal paylar arasında eyni vaxtlı fəaliyyətin fədakar qərarvermə prosesində rol oynadığını göstərir.

Araşdırmanın həmmüəllifi Kristian Ruff beyin bölgələri arasında əlaqə modelinin fədakar seçimlərlə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, bu nəticələr beynin sosial qərarları necə dəstəklədiyinə dair anlayışı genişləndirir və əməkdaşlığa əsaslanan situasiyaların öyrənilməsi üçün yeni imkanlar yaradır.

Tədqiqatın rəhbəri Cay Hu isə əsas yeniliyin səbəb-nəticə əlaqəsinin göstərilməsi olduğunu qeyd edib. Onun sözlərinə görə, müəyyən beyin şəbəkəsində əlaqə hədəfli və qeyri-invaziv müdaxilə ilə dəyişdirildikdə insanların paylaşma qərarları ardıcıl şəkildə dəyişib və şəxsi maraqla başqasının marağı arasında tarazlıq fərqli qurulub.

Araşdırma sosial davranışın neyrobioloji əsaslarının öyrənilməsi baxımından yeni istiqamət açır.
 
Günay
--> -->