Foto 11:27 02.09.2020

Ər və arvadı döyüb, evini soydular: “Yumruqla o qədər vurdu ki" (FOTO/VİDEO)

Şamaxıda yaşlı ər-arvadı öz evində döyərək quldurluq edən şəxslər həbs olunub.

Qaynarinfo ARB-yə istinadən xəbər verir ki, bir-neçə gün öncə rayonda yaşanan qan donduran hadisənin təfərrüatları da məlum olub.

Şamaxı şəhər sakinləri 21 yaşlı Elxan Heybətov, 28 yaşlı Pərvin Həmidov və 35 yaşlı Valeh Pənahov özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub və bir qrup şəxs halında cinayət əlaqəsinə giriblər.

Onlar avqustun 24-ü gecə saat 2 radələrində Şamaxı şəhər Hüseyn Ciddi küçəsi ev 11 ünvanında yaşayan Zərifə Niyazovanın evinin taxta pəncərəsini sındıraraq qanunsuz olaraq mənzilə daxil olub.

Axtardıqlarını tapmayan oğrular ev sahibinə hücum çəkib. Köməksiz vəziyyətdə olan ev sahibi, yataq xəstəsi 80 yaşlı Polad Niyazov və onun 72 yaşlı həyat yoldaşını Zərifə Niyazovanı evdə olan əsa və bıçaqla vəhşicəsinə döyərək 22 min ABŞ dolları məbləğində pul tələb ediblər.Sonra quldurlar evdə olan mobil telefonları, 17 AZN nağd pulu götürərək qaçıblar.

Zərifə Niyazova – Zərərçəkən: "Yuxudan durub gördüm ki, güzgünün qarşısında cavan oğlan əlində bıçaq durub. Deyir ki, pulları ver. Dedim ay bala, pulumuz yoxdur”.

Polad Niyazov - Zərərçəkən: "Yumruqla üstümə düşdü. Yumruqla o qədər vurdu ki, sonrasından xəbərim olmayıb”.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb.

Araşdırmalar davam edir.