Siyasət 14:27 09.12.2020

Ərdoğan: "Azərbaycan öz haqlı mübarizəsinə kölgə salmadı"

"Vətən müharibəsi dövründə Azərbaycan xalqı həmrəylik göstərərək heç bir fədakarlıqdan qaçmadı".

Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşməmişdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.

"Ermənilərin dinc sakinləri hədəfə aldığı hücumlara baxmayaraq, Azərbaycan öz haqlı mübarizəsinə kölgə salmayıb. Müharibə şəraitində belə türk və müsəlman olmanın əsalətini unutmayan azərbaycanlı qardaşlarımızı öz adımdan və millətimin adından təbrik edirəm. Canları bahasına Qarabağı işğaldan azad edən əziz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Həmd olsun, bu gün ulduz və hilal Qarabağ səmasında qürurla dalğalanır”, - o qeyd edib.

Türki prezidenti bildirib ki, Ermənistanın sentyabrın 27-də başlatdığı hücumun ardından şanlı Azərbaycan Ordusu işğal altındakı Qarabağı və ətraf əraziləri azad etmək üçün uğurlu əməliyyat gerçəkləşdirib:

"Öz ərazilərində verdiyi 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Dağlıq Qarabağı işğaldan azad edib. Qarabağda 30 ildir davam edən ədalətsizlik başa çatdı".
 
"Sabah Bakıda təşkil olunacaq Zəfər tədbirlərində iştirak edəcəyəm. Səfərim çərçivəsində gerçəkləşdirəcəyimiz görüşlərdə qarşımızdakı dövrdə atılacaq addımlarla əlaqədar fikir mübadiləsi aparacağıq. Bakıya sonuncu dəfə 2020-ci ilin fevralda səfər etmişəm. Bu müddət ərzində aramızdakı münasibətlərdə qeydə alınan mərhələləri və mövcud durumu cənab İlham Əliyev ilə müzakirə edəcəyik. Telefon diplomatiyası ilə də onsuz da daimi əlaqə saxlayırdıq. Azərbaycan ilə müdafiə sahəsindəki əməkdaşlıqdan terrorla mübarizəyədək, energetikadan ticarətədək münasibətlərimiz mövcuddur. Azərbaycanın qazandığı Zəfər ikili münasibətlərin və əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün zəmin hazırlayıb. İşğal edilən ərazilərin bərpası prosesində də Azərbaycanın yanında olacağıq, bu prosesdə yaxından iştirak edəcəyik”, - o vurğulayıb.