Dünya 10:25 01.11.2019

Ərdoğan bunları ilk dəfə danışdı: Putinlə Trampın fərqi, o tərbiyəsiz məktub, Bağdadi...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının toplantısında son iki həftədə yaşananlar haqda detallı və maraqlı şərhlər verib.

Qaynarinfo hurriyet.com.tr-yə istinadla xəbəbr verir ki, prezident Ərdoğan noyabrın 13-də ABŞ səfəri də daxil olmaqla, bir sıra məsələlər haqda ilk dəfə məlumat verib, bəzi detalları açıqlayıb.

Bağdadi Əməliyyatı
 
"Bağdadinin öldürülməsi əməliyyatında Türkiyə olaraq ABŞ-a bir xeyli kömək etdik. Helikopterlər nəzarətimizdə olan Afrin və Cerablusun hava məkanından istifadə edərək hərəkət etdi. Onlara kəşfiyyat dəstəyimiz də oldu. Bizim kəşfiyyat qurumlarımız Birləşmiş Ştatlardan olan həmkərlarıyla birlikdə işləyirdi. Hava sahəmizdən istifadə edəcəklərini söylədilər. Bağdadi ilə bağlı əməliyyat keçiriləcəyini bilirdik. Cerablus və Afrindəki hərbçilərimizə də xəbərdarlıq etdik və atəş açmamaq barədə göstəriş verdik”.

ABŞ və Rusiyanın əsas istədiyi 

"Danışıqlarımızda ABŞ və Rusiyanın əsas narahatlığının neft olduğunu başa düşdük. ABŞ Deyrizoru, Rusiya isə Qamışlını əldən vermək istəmədi. Çünki hər iki yerdə zəngin neft yataqları var. Təkcə Qamışlıdakı neft ehtiyatı Türkiyənin istifadə etdiyi neftin 50 faizi qədərdir. Heç bir ölkə də bu neftdən əl çəkmək istəmir. ABŞ rəsmiləri danışıqlar zamanı bildirdi ki, biz neft yataqlarını İŞİD-in əlinə keçməsini istəmirik. Bu iki ölkədən heç biri qalan başqa məsələlərə əhəmiyyət vermədilər”.

Putinlə Trampın fərqi 

"Rusiya dövlət başçısı Vladimir Putinlə keçirdiyimiz görüşmələrdə qəbul edilən qərarların icrası daha sürətlə həyata keçirilir. ABŞ Prezidenti Donald Tramp ilə eyni şeyi edə bilmirik. Putin qəbul edilmiş qərarların həyata keçirilməsi üçün dərhal tədbirlər görür. Tramp isə vəd verir, amma nəticə əldə edilmir. Qərarlar ya yerinə yetirilmir, ya da proses çox uzanır. Trampın verdiyi sözləri həyata keçirib-keçirməyəcəyi bəlli olmur, şübhəli qalır”.

Pilot ərazi 

"Təhlükəsiz zona məsələsi üçün Avropa İttifaqı ölkələrinin dəstəyini almağa çalışacağıq. Amma dəstək gəlməzsə, Türkiyə öz imkanları ilə addım atacaq. Bu işi bütövlükdə edə bilmərik, ancaq öz imkanlarımızla pilot bir sahə yaradacağıq. Tel Abyad və ya Rəsulayn ola bilər. Sərhəd yaxınlığında pilot bir qəsəbə quracağıq”.

O tərbiyəsiz məktub və "Bahar pınarı” əməliyyatı

Trampın dəvəti ilə 13 noyabrda ABŞ-a gedəcəyik. Əlbəttə ki, həmin məktubu da özümüzlə aparacağıq. Biz bunun altında qalmayacağıq. Aparıb masaya qoyacağıq. Özlərinə qaytaracağıq. Trampın üzünə deyəcəkləimiz var. Lazım olan cavabı verəcəyik. Əslində biz bu cavabı döyüş meydanında verdik, orada yazılanlara əhəmiyyət vermədik. Məktubu alandan cəmi iki saat sonra əməliyyata başladıq. Normalda bəlkə də gecə və ya ertəsi gün başlayacaqdı. Ama o məktub gələn kimi lazımi təhlillər apardıq və işə başladıq”.

Alpər